Cəmiyyət

Füzulidə 50 min nəfərlik şəhər salınacaq

“Füzuli şəhərinin işğaldan əvvəl məskunlaşma ərazisi bu xəritədə tünd rənglə göstərilib. İndi artıq 397 hektar təşkil edir. Yeni baş plana görə artıq bu sarı rənglərlə göstərilmiş ərazi, o cümlədən hava limanı daxil olmaqla, 1936 hektar təşkil edəcək”. Bunu, Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşü və Baş planla tanışlıq zamanı Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib. “AzərTac”ın məlumatında deyilir.

A. Quliyev bildirib ki, Füzuli şəhəri, ümumiyyətlə, 50 min nəfər üçün planlaşdırılır: “Yəni, hesabat dövrünə – 2040-cı ilə 50 min nəfərlik şəhər olacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, torpaq da yaxşı, münbit torpaqdır. “İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra əlbəttə ki, yenidən bölgü aparılacaq. Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq”.

Prezident Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib ki, Füzuliyə həyat qayıdır.

İlham Əliyev bildirib ki, azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir: “Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin – Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik. Bildiyiniz kimi, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button