Cəmiyyət

İlqam Hacıyev hansı azərbaycanlı “qanuni oğru”nu öldürtmək istəyirmiş? – DETALLAR

Türkiyədə həbs edilən azərbaycanlı “qanuni oğru” İlqam Hacıyev (İlqam Bolniski) vaxtilə başqa bir azərbaycanlı “qanuni oğru”ya qarşı sui-qəsdin təşkilatçısı olduğuna görə məsuliyyətə cəlb olunub.
Qaynarinfo xəbər verir ki, söhbət bu ilin aprelində Rusiyanın paytaxtı Moskvada qətlə yetirilən Əli Heydərova (Albert Rıjı) qarşı 2014-cü ildə baş tutmayan sui-qəsddən gedir.
Məlumata görə, sui-qəsdin təşkilatçısı “İlqam Bolnski” olub. O, 80 min dollar müqabilində Ruslan Koryagin və Aleksey Şparut adlı killerlərə “Albert Rıjı”nı öldürməyi sifariş edib. 2014-cü ilin martında “İlqam Bolnski” “Rusiya” mehmanxasının nəzdində fəaliyyət göstərən “Yakitoriya” restoranında “Albert Rıjı”nın fotosunu Ruslan Koryaginə və Aleksey Şparuta göstərib. Həmçinin Əli Heydərovun avtomobilinin nömrəsini və yaşadığı evin ünvanını onlara təqdim edib.
Koryagin və Şparut Əli Heydərovun yaşadığı ünvana gəliblər. Plana görə “qanuni oğru” evdən çıxıb avtomobilinə minərkən güllələnməli idi. Lakin killerlər məqsədinə nail ola bilməyib. Hüquq-mühafizə orqanları onları elə hadisə yerində yaxalayıb. Bir müddət sonra “İlqam Bolnski” Moskvada yaşadığı evində saxlanılıb. Əməliyyat zamanı hüquq-mühafizə orqanlarına müqavimət göstərən “qanuni oğru” ayağından yaralanıb. O saxlanıldıqdan sonra Sankt-Peterburqdakı həbsxanaya etap olunub. Orada isə müalicə müəssisəsinə yerləşdirilib.
Sankt-Peterburqun Moskva Rayon Məhkəməsi isə sui-qəsd ittihamına görə, hər üç şəxsə bəraət verib. “İlqam Bolnski” məhkəmə zalından azadlığa buraxılıb. Koryagin və  Şparut isə qanunsuz silah saxlamaya görə mühakimə edilib. Lakin Sankt-Peterburq Şəhər Məhkəməsi bu qərarı ləğv edərək işi yenidən birinci instansiyaya qaytarıb. 2016-cı ildə Moskva Rayon Məhkəməsi “İlqam Bolnski”, Koryagin və Şparutu “Albert Rıjı”ya sui-qəsd cəhdinə görə təqsirli bilib. Onlar 6 və 6.5 il müddətinə azadlıqdan məhrum edilib. “İlqam Bolnski” isə axtarışa verilib. Onu bu ittihama görə 8.5 il həbs cəzası gözləyir.
“İlqam Bolnski”nin “Albert Rıjı”nı öldürmək istəməsinin səbəbi ikincinin 2020-ci ildə qətlə yetirilən “Lotu Quli”yə qarşı çıxması ilə bağlı olub. “İlqam Bolnski” “Lotu Quli”nin çevrəsinə daxil olan “qanuni oğru”lardandır. Yeri gəlmişkən, Əli Heydərov bundan əvvəl də “Lotu Quli”nin adamları ilə üz-üzə gəlib.
Bu arada məlumat yayılıb ki, həbsdən çıxan “qanuni oğur” Ülfət Tağıyev (Rufo Gəncinski) Rusiyada qalmağı qərara alıb. Onun “Albert Rıjı”nın yerini tutacağı bildirilir. “Rufo Gəncinski” mərhum “qanuni oğru” “Rövşən Lənkəranski”nin tərəfdarı kimi tanınır. Həbsdən çıxanda onun Azərbaycana deportasiya ediləcəyi bildirilirdi. Onun Rusiyada qalması və “Albert Rıjı”nı əvəzləməsi kriminal dünyada yeni təlatümlərin baş verəcəyi barədə ehtimalları artırır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button