Cəmiyyət

Ordumuz tezliklə tamamilə NATO standartlarına keçə bilər – Politoloq

“NATO rəsmilərinin bu səfəri Azərbaycan Ordusunun qurumun standartlarına uyğun qurulmasına dəstək vermək məqsədi daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli NATO baş katibinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfərinin məqsədlərindən danışarkən deyib. Həmsöhbətimiz düşünür ki, bu səfər fonunda yaxın gələcəkdə Bakı ilə NATO arasında əlaqələr müəyyən qədər intensivləşəcək:
Azərbaycan NATO ilə müstəqilliyin ilk illərindən əməkdaşlıq edir. 1994-cü ildə Bakı NATO-nun Sülh Naminə Əməkdaşlıq proqramına qoşuldu. Bu proqramda Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması nəzərdə tutulurdu. Hərbi Ali məktəblərdə tədris sistemi, Ordu daxili nizamnamə qaydalarının, hərəkət, davranış, komandir heyətinə müraciət formaları NATO standartlarına uyğunlaşdırıldı. Daha sonra ölkəmiz bu qurumla ikili əməkdaşlıq haqqında müqavilə imzaladı. O zamandan bu istiqamətdə müəyyən əməkdaşlıq əlaqələri qurulub. Bu prosesdə NATO çalışır ki, Azərbaycan Ordusunun silah-sursat və digər vasitələrlə təminatı, bütövlükdə ordunun hərbi təlimlərinin keçirilməsi qaydası da qurumun standartlarına bağlı olsun”.
Politoloq qeyd edir ki, ötən müddətdə NATO ilə əməkdaşlıq sahəsində bəzi işlər görülüb, ancaq bununla belə, görüləsi işlər də çoxdur:
“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti Ordumuzun yenidən qurulması işlərinə başlanıldığını elan etdi. Bu fonda Türkiyə ilə birlikdə qardaşlıq briqadalarının yaradılması, həmçinin təlimlərin qardaş ölkənin, deməli, NATO standartlarına uyğunlaşdırılması prosesi gedəcək. Azərbaycan Ordusunun belədə bütünlüklə NATO standartlarına keçilməsinə başlanılacaq.
Çox güman ki, NATO nümayəndə heyətinin ölkəmizə olan bu səfəri də məhz bu istiqamətdə Azərbaycanla əlaqələri dərinləşdirmək, Ordumuzun Şimali Avroatlantika Təklilatının standartına uyğun qurulması prosesinə dəstək vermək məqsədi güdür. Belədə yaxın tezlikdə Azərbaycan Ordusunun tamamilə NATO standartlarına keçidinin şahidi ola bilərik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button