Cəmiyyət

Rusiya “gəlməyəcəyik” deyir, ermənilər “artıq bölgədədirlər” söyləyir – Ermənistanla sərhəddə müəmmalı vəziyyət

Azərbaycan-Ermənistan sərhəddində qəribə vəziyyət yaranıb. Daha doğrusu, Rusiya rəsmiləri sərhəddə rus sülhməramlılarının yerləşdirilməyəcəyini bəyan etdikləri halda, Ermənistan tərəfi artıq qoşunların Geqarkunik vilayətində olduğunu bildiriblər.

JAMAZ.İNFO xəbər verir ki, Geqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan deyib ki, Rusiya sərhədçiləri Ermənistan və Azərbaycan sərhəddində asaiyişi və təhlükəsizliyi təmin etmək üçün bölgəyə gəliblər. Onun sözlərinə görə, artıq həmin sərhədçilərin bir qismi bölgədədir və onlar harada yerləşəcəklərini müəyyən etməyə başlayıblar. “Sərhəddə hər hansı bir ciddi hadisə baş verməyib. Mütəmadi olaraq insidentlər baş verir, lakin onların miqyası elə də böyük deyil. Dünən baş verən hadisə də bunlardan biridir. Hal hazırda birgə proses həyata keçirilir. Rus hərbçilərinin artıq bir qismi vilayətə yerləşib və onlar sərhəddin yaxınlığında mənzilləniblər. Azərbaycan və Ermənistan hərbçiləri onların durduqları yerdən uzaqlaşdırılacaqlar. Bundan sonra yerləşmə məntəqələri müəyyən ediləcək”.

Qeyd edək ki, bu gün səhər Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirmişdi ki, rus sərhədçilərinin Azərbaycan-Ermənistan sərhəddində yerləşdirilməsi danışıqlar predmetinə daxildir. Lakin az öncə Rusiya pezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, sərhəddə rus sülhməramlıları yerləşdirilməyəcək və bu müzakirə mövzusu deyil.

Elə qəribə vəziyyət yaradan da odur ki, ermənilər rus hərbçilərinin sərhəddimizə gəldiyini, orada mənzilləndiyini bildirir, ruslar isə bunu təkzib edirlər, hətta müzakirə mövzusu olmadığını deyirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button