Dünya

Ehtimal olunan Bayden-Putin görüşü: Nələr müzakirə edilə bilər?

“Görüş olacaqsa, Qafqaz, Qara dəniz, “Şimal axını-2”, Yaxın və Orta Şərqdəki ziddiyyətlər müzakirə predmeti ola bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov 2022-ci ilin əvvəlində ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında növbəti görüşün keçirilə biləcəyi ilə bağlı verilən məlumata münasibət bildirərkən deyib:
“Baydenlə Putinin ilk görüşü lazım olan nəticəni vermədi. Ümumiyyətlə, ABŞ-la Rusiya arasında razılığın əldə olunmadığı, müzakirəyə ehtiyacı olan və həll edilməsi vacib çoxsaylı məsələlər var. 2022-ci ilin əvvəlində Baydenlə Putin arasında görüşün olacağı barədə səslənən fikirlər də dəqiq deyil. Sadəcə, bəzi politoloq və jurnalistlər mövcud vəziyyətin gərginliyini nəzərə almaqla bu barədə versiya irəli sürüblər. Rəsmi şəkildə heç bir dövlət belə bir görüşün keçiriləcəyi barədə məlumat verməyib”.
Bununla belə, həmsöhbətimizin fikrincə, görüş olacaqsa, aşağıdakı məsələlərin müzakirə edilməsi ehtimalı daha böyükdür:
“ABŞ-la Rusiya arasında müzakirə ediləsi və həlli vacib yığılıb qalan çoxsaylı məsələlər var. İki ölkə arasında münasibətlər daha da pisləşir. Dövlətlərdən heç biri digərinə güzəştə getmək barədə düşümür. ABŞ-ın xüsusən də Qafqazda, Qara dənizdə, Avropada apardığı siyasəti Moskvanın ciddi narazılığına səbəb olub. Görüş olacaqsa, bu və qarşıdurmaya səbəb olan “Şimal axını-2”, Yaxın və Orta Şərqdəki ziddiyyətlər də müzakirə oluna bilər”.
Qeyd edək ki, Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, gələn ilin əvvəlində Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Bayden arasında növbəti görüş keçirilə bilər. Qəzet yazır ki, hər iki ölkə lideri çox güman, bu ilin sonuna kimi, videokonfrans formatında danışıqlar aparacaq:
“Detallar hələ sona qədər razılaşdırılmayıb və bu səbəbdən də nə Kreml, nə də Ağ Ev görüşün detallarını açıqlamağa tələsmir”.
Onu da vurğulayaq ki, Baydenlə Putin arasında ilk görüş iyunun 16-da Cenevrədə baş tutub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button