Dünya

İranda un, çörək və dollar bahalaşdı

Azərbaycanın cənub qonşusu olan İranda son zamanlar yaşanan iqtisadi və sosial zəminli problemlər ciddi şəkil almağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Ukrayna müharibəsindən sonra isə qonşu ölkədə bir sıra ərzaq məhsullarının sürətli şəkildə bahalaşması müşahidə olunur.

Yerli mənbələrin verdiyi xəbərə görə, Ukrayna müharibəsinin ardından İranda günəbaxan və qarğıdalı yağları iki dəfə bahalşıb. Buna səbəb həmin yağların istehsalında istifadə olunan xammalın Ukraynadan alınmasıdır. Hazırda Tehran hökuməti indiyə qədər Ukraynadan aldığı günəbaxan və qarğıdalı ehtiyatını ehtiyatlı şəkildə istifadə etməyə çalışır və alternative mənbələr axtarır.

Lakin bu gün səhərdən etibarən İranda un, çörək və dollar sürətli şəkildə bahalaşıb. Rəsmi Tehran açıqlama yayaraq, çörəyin bahalaşmasının səbəbini dünya bazarlarında taxıl və unun bahalaşması ilə izah edib. Rəsmi qurumlar bildiriblər ki, bu bahalaşma çörəyin maya dəyərinə də təsir edib və hökumət yaranmış fərqi bağlamaq üçün əvvəlki kimi, dotasiya ayırmaq gücündə deyil.

JAMAZ.İNFO xəbər verir ki, hökumət əhalinin çörəyə olan təlabatını nəzərə alaraq, qiymətin bahalaşması fonunda aylıq dəstək proqramını da açıqlayıb. Belə ki, hər ailəyə aylıq 400 min tümən (təxminən 20 manat) pul ayırıb. Ki, həmin vəsait vətəndaşın bank hesabına köçürülüb. Dünən gecə pul transferinin birinci ayı həyata keçirilib. Həmin vəsait nağdlaşdırıla bilməz, yalnız çörək alınmasında istifadə oluna bilər. Yəni, ailə 400 min tümənlə özünə çörəkdən başqa, digər məhsullar ala bilməzlər.

Ayrılmış yardımla şəxslər çörəyi 4000 tümənə (təxminən 20 qəpiyə) ala bilərlər ki, bu limit aşıldıqdan sonra sərbəst qiymətə, yəni növündən asılı olaraq bir ədəd çörəyi 6-8 min tümənə alacaqlar.

Qeyd edək ki, orta statistik iranlı ailə üçün 400 min tümən ən yaxşı halda 10 günlük çörək almağa yetir. Yerli ekspertlər bildirir ki, ayrılmış yardım insanların xərclərini qarşılamaq gücündə deyil və hökumət yeni proqramlar qəbul etməlidir. Əəks təqdirdə, İranda çörək qiyamlarının baş verməsi istisna olmayacaq.

Xatırladaq ki, İran taxıl və unu xaricdən alır. Taxıl aldığı əsas ölkələr isə Rusiya və Qazaxıstandır. Ölkə ərazisinin 2/3 hissəsi səhra və yarımsəhra olduğundan yerli buğda əkini mümkün olmur. Əsasən Azərbaycan əyalətlərində əkilən buğdanın həcmi isə ölkə əhalisinin təlabatını qarşılamaq gücündə deyil.

JAMAZ.İNFO xəbər verir ki, İranda bu gündən etibarən dollar da sürətli şəkildə bahalaşıb. Belə ki, dünən 1 dollar 27 min tümənə satılırdısa, bu gün həmin qiymət 32 min tümənə qalxıb. 1 Azərbaycan manatı isə 19-20 min tümən müqabilindədir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button