DünyaManşet

Paşinyan “İsgəndər” açıqlaması ortalığı qarışdırdı: Baş Qərargah və ruslar ard-arda təkzib verirlər

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün mediaya verdiyi açıqlamasında ona qarşı irəli sürülən iddialara cavab verib. JAMAZ.İNFO xəbər verir ki, baş nazir iddiaları qəbul etməməklə yanaşı, onun müəlliflərini ittiham etməklə də kifayətlənməyib. Və onları ələ salıb.

Paşinyan keçmiş prezident Serj Sarkisyanın “Müharibənin 3-4-cü günlərində “İsgəndər” raketləri ilə Horadizi vurmaq lazım idi” fikirlərinə cavab olaraq bildirib ki, Ermənistanın sabiq dövlət başçısı özü bu işdə günahkardır. “Qoy, Serj Sarkisyan sual versin ki, niyə “İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10 faiz partladı? Bəlkə bu 80-ci illərin silahı idi?”.

Qeyd edək ki, Paşinyanın bu açıqlamasından sonra təkcə, Ermənistandan deyil, Rusiyadan da açıqlamalar gəlməyə başlayıb.

Öncəliklə Ermənistanın hərbi rəhbərliyinin verdiyi açıqlamaya diqqət çəkək. Ermənistan ordusunun Baş Qərargahından bildiriblər ki, Nikol Paşinyanın “İsgəndər” raketləri və “Vətən” Könüllü Batalyonunun əsgərlərinin Qarabağ müharibəsində fərarilik etmələri ilə bağlı dedikləri həqiqəti əks etdirmir. Qərargahın yazılı açıqlamasında qeyd olunur ki, “İsgəndər” raketləri ilə bağlı Ermənistan ordusu dəfələrlə təlimlər keçib və nəticələr uğurlu olub.

JAMAZ.İNFO xəbər verir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin isə erməni siyasətçinin fikirlərini rədd edib. Onun sözlərinə görə, Paşinyan bu şəkildə özünün günahsız olduğunu əsaslandırmağa, Dağlıq Qarabağdakı məğlubiyyətinə bəraət qazandırmağa çalışır. “Bir insan özünə bəraət qazandırmağa çalışırsa, onun üçün “İsgəndər”lər də yararsızdır, erməni xalqı və ordusu da günahkardır. Əlbəttə ki, Paşinyanın dedikləri doğru deyil. Rusiya istehsalı olan “İsgəndər” müxtəlif təlimlərdə sınaqdan çıxıb və hədəfi çox yüksək dəqiqliklə vura bilib. Buna heç bir şübhə ola bilməz. Suriyada da “İsgəndər”lərdən çox dəqiq və dəfələrlə istifadə olunub. Yumşaq desək, yoldaş Paşinyanın iddiaları ilə qəti razı deyiləm”.

Rusiyalı ekspert, texniki elmlər doktoru Vladimir Kovolyov Paşinyanın açıqlaması ilə bağlı deyib ki, Ermənistanın baş naziri birbırçı fikirlər səsələndirib. “Sözügedən raketlə bağlı Paşinyanın yanaşması və açıqladığı fikirlər, nə baş nazir kimi ona yaraşır, nə də vicdanla deyilmiş sözlər deyil. Bu fikirlər daha çox yarıtmaz diletant birinə məxsus ola bilər. Hansı 80-ci illərin silahlarından söz gedə bilər ki, Rusiya ordusu özü 2019-cu ildə “İsgəndər” raketləri ilə tam təczil edilib. Ermənistan bundan əvvəl bizim müttəfiqimiz olaraq, bir neçə həmin kompleksdən alıb”.

Kovolyov daha sonra deyib ki, Paşinyan qeyri-ciddi adamdır. Onun sözlərinə görə, “İsgəndər” raketlərinin yalnız 10 faizi partladı” fikri, qeyri-ciddi, işdən xəbəri olmayan adamın dediklərindən başqa bir şey deyil. “Görünür, Paşinyan orta məktəbdə ancaq 2 qiyməti alıb. Ya da ola bilər ki, qulağı eşidib, amma anlamayıb”.

Rus ekspert öz açıqlamasında Azərbaycanla da bağlı fikirlər səslədirib. “Paşinyan vacib bir məqamla bağlı susub. Belə ki, əgər “İsgəndər” raketi Azərbaycanın strateji əhəmiyyətli hansısa neft obyektlərindən birinin yanında partlasaydı, o zaman Bakıda başa düşərdilər ki, müharibəni dayandırmaq lazımdır. Nəzərə alaq ki, bu zaman Azərbaycan iqtisadiyyatına hansı səviyyədə ziyan dəyəcəkdi. Hətta Paşinyanın dediyi kimi, “İsgəndər” raketi 10 faiz partlasaydı belə, bu Bakıda gülüşlə qarşılanmaycaqdı”.

P.S. Etiraf edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya silah sənayesinə ciddi şəkildə ziyan vurmaqdadır. Onun açıqlamalarında əsas vurğunun məhz rus silahlarının yarasızlığı üzərində köklənməsi də bunu deməyə əsas verir. Son illər “İsgəndər” raketlərin ilə qürrələnən rusların bu açıqlamalardan sonra durumunun ağır olacağı da istisna deyil. Çünki tankları, havadan müdafiə sistemləri və digər silahları belə Azərbaycan PUA-ları qarşısında duruş gətirə bilmədi. Və bunun ardından “İsgəndər” raketlərinin də yararsız olmasının Ermənistanın baş nazirinin dilindən səslənməsi odun üzərinə benzin tökmək effekti yaradıb. Elə rusların hirslə və qəzəblə Paşinyanın dediklərini təkzib etmələri də bunun təzahüründən başqa bir şey deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button