Gündəm

Azərbaycan da Ermənistanla dialoq üçün xüsusi nümayəndə təyin edəcəkmi?

“Buna ehtiyac yoxdur. Onsuz da Azərbaycanla Ermənistan arasında ən yüksək səviyyədə birbaşa təmaslar var”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Türkiyədə olduğu kimi, Azərbaycanın da Ermənistanla dialoq mühitinin yaranması üçün xüsusi nümayəndə təyin edib-etməyəcəyi məsələsinə toxunarkən deyib.
Onun fikrincə, Bakı-İrəvan təmasları, Ankara-İrəvan təmaslarından bir qədər fərqlidir:
“Azərbaycanın Ermənistanla yüksək siyasi rəhbərlik səviyyəsində birbaşa təmasları var. 15 dekabr Brüssel görüşü həm də yeni formatda danışıqların başlandığını təsdiqlədi. Bu danışıqlarda ilk dəfədir ki, Azərbaycan və Ermənistan siyasi rəhbərləri vasitəçi olmadan birbaşa təmasda oldular. Bu da o deməkdir ki, Azərbaycanda Türkiyə ilə müqayisədə vəziyyət bir qədər fərqlidir. Bakı ilə İrəvan arasında ən yüksək səviyyədə birbaşa təkbətək danışıqlar gedir. Həmçinin xarici işlər nazirləri səviyyəsində belə təmaslar var. Bu isə Türkiyə Ermənistan təmasları məsələsindən fərqli məsələdir”.
Deputat onu da qeyd edir ki, Bakı ilə İrəvan arasında Türkiyə ilə Ermənistan arasında olduğundan fərqli olaraq siyasi dialoq artıq yaranıb:
“Postmüharibə dövrünün reallıqları əməkdaşlıq mühitinin yaranması və inkişafını tələb edir. Əks təqdirdə həllini gözləyən məsələlərin tənzimlənməsində heç bir nəticə hasil olmayacaq. Bir il ərzində Bakı ilə İrəvan arasında imzalanan 10 noyabr, 11 yanvar, 26 noyabr və 15 dekabr sənədləri ortadadır. Bütün bunlar regionda yeni əməkdaşlıq mühiti yaradır və uzun müddətli, davamlı sülh, təhlükəsizlik mühitinin formalaşmasına xidmət edir. Bu proses həmçinin yeni mexanizmlərin yaradılmasını labüd edir. Artıq Türkiyə ilə Ermənistan arasında müsbət hadisə sayılacaq siyasi dialoq mühitinin reallaşması üçün xüsusi nümayəndələrin təyinatı məsələsi də reallaşır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button