Gündəm

Fuad Qəhrəmanlı: “Xankəndidə olanlara susmaq Rusiyanın kobud davranışlarına zəmin yaradır”

“Ermənilər Xankəndində Azərbaycan, Türkiyə və İsrail bayraqlarını yandırıblar. Bu da, “Dağlıq Qarabağ problemi həll olunub” deyən hakimiyyətə növbəti cavab. Bu hadisə qarşısında Azərbaycan dövlətinin verəcəyi reaksiya nə olacaq?” JAMAZ.İNFO xəbər verir ki, bu sözləri AXCP rəsmisi Fuad Qəhrəmanlı baş verən hadisəyə münasibət bildirərkən deyib.

O bildirib ki, əgər baş verənlər pislənsə, o zaman sual yaranacaq ki, bəs nə oldu, axı deyirdiniz Dağlıq Qarabağ problemi həll edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. “Yox, əgər iqtidar ənənəsinə sadiq qalıb sussa, o zaman yenə də  sual yaranır ki, nə vaxta  qədər bu susqunluq davam edəcək? Bundan sonra ermənilər vaxtaşırı Rusiyanın himayəsi ilə suverenliyimizi pozan təxribatlar edəcəklər. Bunlara reaksiya verməmək isə, Dağlıq Qarabağdan faktiki imtina anlamına gələr. Əgər o əraziləri özümüzünkü sayırıqsa, o halda orda olub bitənlərə də  reaksiyamız ortada olmalıdlr”.

Partiya rəsmisi qeyd edir ki, bu hadisənin arxasında Rusiyanın dəsti xətti açıq  görünür. “Ukrayna məsələsində Türkiyə ilə yaranmış ziddiyyətə qarşılıq, Dağlıq Qarabağda Azərbaycanın suverenliyini pozacaq hərəkətlərlə mesaj verilir. Göstərilir ki, Dağlıq Qarabağ Rusiyanın patronajlığında olan ərazidir və burada ancaq Rusiyanın iradəsi hakimdir. Azərbaycan heç bir halda, bu əraziyə təsir göstərmək iqtidarında deyil və oradakı qondarma rejim  Türkiyənin dəstəyi ilə qazanılmış hərbi nəticələri qəbul etmir”.

Onun sözlərinə görə, buraya 9 mayda rus sülhməramlılarının   keçirəcəyi hərbi paradı da əlavə etmək lazımdır. “Əgər bunu da əlavə etsək, o zaman Rusiyanın Azərbaycan və Türkiyəyə meydan oxumaq, güc nümayiş etdirmək niyyətini daha aydın görmək olar”.

Qəhrəmanlı hesab edir ki, heç olmasa bundan sonra Dağlıq Qarabağda baş verənlərə dövlət olaraq münasibət bildirmək gərəkdir. “Çünki susmaq Rusiyanın yeni və daha kobud davranışlarına zəmin yaradır”.

Xatırladaq ki, Xankəndi şəhərində dünən gecə ermənilər qondarma “soyqırım”ın 106-cı “ildönümü”nü keçirərək, Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar. Rəsmi Bakı isə hələlik məsələdə susur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button