GündəmManşet

Qubad İbadoğlu: “Ermənilər ciddi taxıl və elektrik enerjisi problemi yaşayacaq”

Xəbər verdiyimiz kimi, Ermənistanda taxıl və elektrik enerjisinə olan təlabatın ödənilməsində ciddi problemlər yaranıb. JAMAZ.İNFO xəbər verir ki, bu haqda hətta Ermənistanın sabiq baş naziri Hrant Baqratyan da açıqlama vermişdi.

O bildirmişdi ki, mart-may aylarında Ermənistanda ciddi çörək böhranı gözlənilir. Çünki bu ölkənin taxıla olan təlabatının böyük hissəsi məhz Qarabağın hesabına ödənilirmiş. Onun sözlərinə görə, taxıl sahələri artıq Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib və Ermənistan bu imkanlarını itirib. Baqratyan onu da qeyd etmişdi ki, rəsmi İrəvan indidən başının çarəsinə baxmalıdır, yoxsa, daha ciddi fəlakətli vəziyyətlə üzləşməli olacaqlar.

Bu məsələ ilə bağlı tanınmış iqtisadçı, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu da maraqlı bir araşdırma aparıb. JAMAZ.İNFO bildirir ki, hərəkat rəhbəri Azərbaycan işğal altında qalan torpaqlarını azad etdikdən sonra Ermənistan iqtisadiyyatının enerjiyə, taxıla olan tələbatının ödənilməsində problemlərin yarandığını qeyd edib. Onun sözlərinə görə, 2018-ci ildən etibarən Ermənistan elektrik enerjisinin bir hissəsini Dağlıq Qarabağdan alıb. “Hətta bu ildən 330 milyon kvt saat elekrik enerjisinin idxalı planladırılmışdı. İndi əksinə, Dağlıq Qarabağda fəaliyyət göstərən kiçik elektrik stansiyalarının Azərbaycanın nəzarətində olması səbəbindən ermənilər Sərsəng su elektrik stansiyasından asılı vəziyyətdə qalıblar, bu isə onların ehtiyaclarını qarşılamağa kifayət etmir”.

İbadoğlu vurğulayıb ki, bununla yanaşı, Suqovuşanın Azərbaycanın nəzarətində olması Dəmirli mis mədənində istehsal fəaliyyətinin dayandırılmasına gətirib çıxarıb. “Çünki, mis kombinatına su təchizatı Suqovuşandan idi. Bundan başqa, həmin ərazidə olan  kürü istehsalı üzrə ixtisaslaşmış balıq fabriki ilə də bağlı problemlər mövcuddur”.

Hərəkat sədri bildirir ki, Ermənistanın taxıla olan tələbatının 30 faizə qədərini indiyədək Dağlıq Qarabağ ödəyib. “Ermənilər 27 sentyabradək işğal altında olan ərazilərdəki münbit torpaqlarda taxıl məhsulları becərirdilər. Belə ki, Ermənistanın taxıla olan illik 500-600 min ton tələbatının 150-200 min tonunu Qarabağdan gətirirdi. Hazırda taxıl əkin sahələrinin 90 faizi Azərbaycanın nəzarətindədir. Odur ki, Ermənistan bundan sonra taxıl, enerji tələbatında yaranmış kəsirləri başqa mənbələrdən ödəmək məcburiyyətində qalacaq”.

Qubad İbadoğlu sonda Sərsəng Su Anbarının da Azərbaycanın nəzarətində olmasının vacibliyini dilə gətirib. “Bircə, Sərsəng su anbarı da bizim nəzarətimizə keçsəydi, yəqin ki, Dağlıq Qarabağda bir çox məsələləri həll edə bilərdik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button