Gündəm

Sərhəd döyüşünün şifrələri: Paşinyan B planını işə salır

Ermənistanın bütün sərhəd boyunca təxribatından sonra döyüşlər davam edir: rəsmi məlumatlar və yayılan görüntülər ordumuzun erməni hərbi birləşmələrinə qarşı adekvat tədbirlər gördüyünü təsdiqləyir.
Yeni müdafiə naziri təyin edildikdən sonra Ermənistan niyə hücuma keçdi?
Rusiyanın qurduğu üçtərəfli masadan imtina edən Paşinyanın sərhəd boyunca təxribatlara əl atacağı gözlənilən idi: İrəvan görüşün vaxtını gecikdirir və masaya gələnə qədər sərhəddə üstünlüyə nail olmaq, danışıqlarda əlini gücləndirmək istəyir.
Proseslər İrəvanın A və B olmaqla iki plandan istifadə etdiyini deməyə əsas verir.
A planı: baş tutmayan taktika:
– keçmiş müdafiə naziri Karapetyan Qarabağa gəldi və gərginliyi Azərbaycan daxilinə köçürməyə cəhd etdilər;
– sərhəddə Azərbaycan ordusunun mövqeləri arasında yolu kəsməyə və mühasirəyə almağa çalışdılar: mühasirəyə alınan və rusların xahişindən sonra geri qaytarılan 60 erməni hərbçinin tapşrığı bu idi.
Bu plan baş tutmadı və Paşinyan Karapetyanı yola salmaqla düşdükləri ağır vəziyyətə görə məsuliyyətdən yayındı.
B planı: hazırda baş verənlər İrəvanın eyni hədəfə doğru ehtiyat variantı işə salmasıdır:
Məqsəd Rusiyanı Ermənistanın müdafiəsinə təhrik etməkdir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın baş verənlərlə bağlı “Ermənistanın ərazi bütövlüyünə müdaxiləsi olduğunu deməsi, 1997-ci il müqaviləsinə istinadən Moskvanı köməyə çağırması” da bunu təsdiqləyir.
Bölgədə Ankara ilə anlaşan və sərhəd, eləcə də kommunikasiya məsələsində gündəliyi Bakı ilə eyni olan Moskva üçün belə seçim çətindir. Ermənistan hakimiyyəti də anlayır ki, Rusiya onların istədiyi formada seçim etməyəcək, lakin B planı ilə iki hədəfə nail olmaq niyyətindədir:
– Genişmiqyaslı təxribatla sərhəddə vəziyyəti gərginləşdirir və Rusiyanın öhdəliklərini gündəmə gətirir; mümkün masada Moskvanın erməni mövqelərini müəyyən qədər də olsa müdafiə etməsinə zəmin yaratmağa çalışır;
– Paşinyanın üçtərəfli görüşdə razılaşacağı məsələlərə alibi yaradır və erməni cəmiyyətinin gözündə məsuliyyəti rusların üzərinə yükləyir.
Proseslərin mümkün inkişafı necə ola bilər?
1. Ermənistan “cəbhəni”, eləcə də məsuliyyəti bölüşdürəcək tərəfləri genişləndirmək üçün KTMT-yə 7-ci maddə (dövlətə hücum) ilə müraciət edə bilər;
2. Putin tərəflər arasında atəşkəs əldə etmək üçün prosesə müdaxilə edə bilər: bu, Rusiya üçün sərhəd məsələsində də əsas vasitəçi olduğunu təsdiqlətməyə, eləcə də Ermənistanı qurduğu masaya gətirməyə imkan verə bilər.
Asif Nərimanlı

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button