İqtisadiyyat

2022-ci ildə nefti nə gözləyir? – ŞƏRH

“Gələn ilin əvvəlində neftin qiyməti enəcək, OPEK-in hədəfi isə 65-70 dollar civarındadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban OPEK+ ölkələrinin neftin gündəlik hasilatını 400 barrelə qədər artırmaq barədə qərarına münasibət bildirərkən deyib.
“Son iki gündə neftin qiymətinin 85 dollardan aşağı enmə nisbəti bu gün də davam edir. OPEK-in məlum qərarı qiymətlərə hansısa təsir göstərməyib. Necə ki, oktyabr ayının əvvəlində OPEK-in qərarını dəyişməməsilə “qara qızıl”ın qiyməti 85 dollara qədər artdı. Hazırda London birjasında neftin qiyməti 80,5 dollardır. Deməli, 2 faizdən çox azalma baş verib. Bu da onunla əlaqəlidir ki, ABŞ-ın ehtiyatları çoxalıb və bu ölkə hasilatı artırıb. İkinci səbəb isə budur ki, Çində sənaye obyektlərinin bəzilərinin dayanması nəticəsində enerjiyə olan tələbat aşağı düşüb. Onlar idxalı azaltmaq və bahalı neftdən az istifadə etmək üçün öz rezervlərindən istifadə etmək qərarına gəliblər” deyə ekspert bildirib.
Ekspert qeyd edir ki, gələn ilin əvvəlində bazarda neft bolluğu yaranacaq:
“OPEK ekspertləri qeyd edir ki, 2022-ci ilin birinci rübü ərzində bazarda hətta neft bolluğu müşahidə ediləcək. Çünki, dünya iqtisadiyyatının artım tempi heç də gözlənilən səviyyədə deyil. OPEK-in neftin qiymətilə bağlı hədəfi 65-70 dollar civarındadır. Bazar iştirakçıları ədalətli qiymət olaraq bu rəqəmi daha doğru hesab edirlər. Bu isə onu göstərir ki, gələn il neftin qiymətinin düşəcəyi ehtimalı daha inandırıcıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button