İqtisadiyyat

Avtomobillərin nağdsız alqı-satqısı: Müsbət və mənfi tərəfləri – Ekspert rəyi

“Avtomobillərin nağdsız alqı-satqısı qiymətləri bahalaşdırsa da, bu prosesdə müəyyən şəffaflıq da yaradacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında avtomobil eksperti Elməddin Muradlı avtomobil satışı üzrə qaydaların dəyişməsi fonunda gələn ildən başlayaraq, avtomobillərin alqı-satqısının yalnız nağdsız qaydada həyata keçiriləcəyi məsələsinə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, atılan bu addımın insanlar üçün müsbət və mənfi tərəfləri var:
“Avtomobil satışı qaydalarında gələn ildən qüvvəyə minən dəyişiklik birmənalı şəkildə maşınların qiymətində artıma gətirib çıxaracaq. Çünki nağdsız alqı-satqı prosesində, bank üzərindən aparılan əməliyyatlarda əlavə xərclər ortaya çıxacaq. Belə proseslər zamanı banklar tərəfindən bank xərci olaraq 1,5 faiz xidmət haqqı tutulur. Bu isə sözsüz ki, qiymətlərə də öz təsirini göstərəcək. Avtomobili satan şəxs bu zaman zərərə düşməmək üçün xidmət xərcini maşının, ya da onu alan şəxsin üzərinə qoyacaq. Hər iki halda avtomobili alan şəxs əlavə ziyana düşəcək”.
Bununla belə, həmsöhbətimiz Azərbaycam gerçəkliyini əsas götürməklə düşünür ki, insanlar dəyişiklikdən yan keçməyin yollarını da tapacaqlar:
“Məsələn, avtomobili 20 min manata alan qarşı tərəflə sövdələşməyə gedib, 10 min manatı bank hesabına köçürəcək, yerdə qalanını isə əvvəlki tək nağd şəkildə ödəyəcək. Bu variant ölkəmizdə qaçılmazdır. Çünki Azərbaycanda belə “təcrübələr” mütəmadi hal alıb”.
E. Muradlı qeyd edir ki, müsbət addım olaraq atılan addım təhlükəli olan etibarnamə ilə alqı-satqıya son qoyacaq və prosesin şəffaflığına gətirib çıxaracaq:
“İndilikdə alqı-satqı etibarnmə ilə həyata keçirilir. Lakin bu halda hansısa məqamda problem yarananda avtomobili alan şəxs ona pul ödəyib aldığını sübut edə bilmir. Xüsusən də boşanma hallarında etibarnamə ilə alınan həmin əmlak məhkəmə predmetinə çevrilir. Belədə onu alan şəxs pul ödəməklə avtomobili aldığını sübut edə bilmir və pis vəziyyətdə qalır. Alqı-satqının nağdsız aparılması fonunda isə bu cür mübahisəli məsələlər olmayacaq, maşını alan onun əvvəlki sahibinin əlində alətə çevrilməyəcək. Bank üzərindən keçiriləcək bu əməliyyat ən etibarlıdır. Belədə alqı-satqı işi də asanlaşacaq. Nağdsız əməliyyat oğurluq avtomobillərin də üzə çıxmasına şərait yaradacaq. Proses həm də avtomobili satan şəxsin vergiyə cəlb olunmasına gətirib çıxaracaq. Bu alqı-satqı predmetidir və ona görə vergi də ödənilməlidir. Necə olur ki, limon satan, təkər yamayan vergi verir, amma 50-100 min manatlıq maşınların dövriyyəsilə məşğul olanlar vergidən kənarda qalır?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button