İqtisadiyyat

Azərbaycan 6 ayda 26 milyard manat əlavə gəlir götürüb

Azərbaycan bu ilin yanvar-iyun dövründə 18,5 mlrd dollar həcmində mal ixrac edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Gömrük Komitəsi açıqlama yayıb.

İqtisadçı alim, AXCP İqtisadi Siyasət Komissiyasının sədri Nemət Əliyev bu məsələni maraqlı şəkildə şərh edib. O bildirib ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə isə ixrac olunan bu mallar ötən ilin eyni dövrünə nəzərən, 77,3% bahalaşıb. “Bu iki rəqəmin əsasında sadə riyazi hesablamalar aparmaqla bahalaşmanın gətirdiyi əlavə gəlirlərin 8,1 mlrd dollar olmasını üzə çıxara bilərik (18,5-18,5/1,774≈8,1). Əgər dəqiqləşdirmələr aparsaq, məlum olar ki, əldə olunmuş  bu 8,1 mlrd dolların 7,9 mlrd dolları və ya 98%-i neft-qaz sektorunun hesabınadır”.

O deyir ki, hesablamalara əsasən bu ilin yanvar-iyun ayarında  xam neft, neft məhsulları və təbii qazın ixrac satış qiymətləri orta hesabla 87% artıb. “2021-ci ilin yanvar-dekabr dövrünə aid məlumatların təhlili göstərir ki,  neft-qaz sektorundan ixrac olunan mallar il boyunca 61% bahalaşıb və bu hesaba ötən il 7,4 mlrd dollar məbləğində əlavə gəlir götürülüb (ixracın həcmi 19,5 mlrd dollar təşkil edib). Diqqət edin, karbohidrogen ehtiyatlarının ixrac-satış qiymətləri bu ilin 6 ayında o qədər sürətlə artıb ki, bahalaşmanın yarım ildə gətirdiyi əlavə gəlirlər ötən ilin illik gəlirlərini 500 milyon dollar üstələyib”.

Komissiya sədri hesablamalara davam edərək bildirir ki, neft sektorundan ixrac olunan malların qiymətləri 1 il 6 ayda  3 dəfə artıb  və bu bahalaşma Azərbaycana əlavə olaraq  15,3 milyard dollar (7,9+7,4) və ya 26 milyard manat (15,3•1,7≈26) qazandırıb. “Ucu-bucağı görünməyən bu milyardların üzərinə Gömrük Komitəsində süni şəkildə təşkil olunmuş idxal bahalaşmasından götürülən, habelə ölkədaxili bazarlarda hökumətin təşviq etdiyi böyük bahalaşmadan qazanılan milyardları da əlavə etmək lazımdır. Əldə olunan bu milyardlara nələr eləmək olmaz! Bu qədər vəsaitə nəinki uşaqpulu vermək, nəinki pensiyaları, qazilərə verilən sosial müavinətləri əhəmiyyətli dərəcədə artırmaq, hətta şəhər salmaq olar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button