İqtisadiyyat

Azərbaycan iqtisadi azadlıq indeksində – “Əhalinin gəlir səviyyəsi xeyli aşağı düşüb”

“Ayrı-ayrı adamların pul qazanmaq ehtirası dövləti zor durumda buraxır”. Azərbaycan iqtisadiyyatı “orta azad” sayılıb.

Dünya iqtisadi azadlıq indeksində geriləmə baş verib, ölkələrin orta balında indiyədək ən böyük azalma qeydə alınıb. İrs Fondu (Heritage Foundation) bu həftə dünyada iqtisadi azadlığın durumuna dair “2022-ci il İqtisadi Azadlıq İndeksi”ni yayıb.

Bu indeks 177 ölkəni iqtisadi azadlığın 12 kateqoriyası üzrə 0-100 ballıq şkalayla dəyərləndirir. Hər bir ölkənin kateqoriyalar üzrə orta balı hesablanır.

Bu kateqoriyalar əmlak hüquqları, effektiv ədliyyə, hökumətin bütövlüyü, vergi yükü, hökumətin xərcləri, biznes azadlığı, fiskal sağlamlıq, monetar azadlıq, əmək azadlığı, ticarət azadlığı, investisiya azadlığı və maliyyə azadlığıdır.

Azərbaycan iqtisadiyyatı orta azad hesab olunub, 75-ci pilləyə düşüb. Bu sırada Ermənistan (58), Serbiya (59), Qazaxıstan (64), Rumıniya (47), Macarıstan (47), Moldova (78)  da yer alıb. Gürcüstan Çexiya Respublikası, Birləşmiş Ştatlarla bir sırada “əsasən azad” ölkə sayılıb.

Azərbaycan Avropa regionunun 45 ölkəsi arasında 37-ci yerdədir. Bu, regiondakı ortalama baldan aşağı, dünyadakı ortalamadan yuxarıdır.

Rusiya, Belarus, Ukrayna iqtisadiyyatı “əsasən qeyri-azad”, Tacikistan, Türkmənistan, İranın “repressiya altında” olduğu qeyd edilib.

“Rüşvətin daha sivil metodologiyası hazırlanıb”

Milli Məclisin deputatı Fazil Mustafa “Toplum TV”-yə söyləyir ki, reytinq cədvəlində geriləmənin bir çox səbəbləri var. Onun fikrincə, burda əsas amil pandemiyanın yaratdığı şərtlərdir:

“İqtisadi mühit kifayət qədər yaxşı deyil, əhalinin gəlir səviyyəsi də xeyli aşağı düşüb. Amma burda subyektiv səbəblər də var. Məsələn, ayrı-ayrı sahələrin normal işləməməsi, məmurların vətəndaşlara qarşı qanundankənar münasibəti və s”.

Deputatın dediyinə görə, normal islahatlar keçirilərsə, Azərbaycan bu kimi qiymətləndirmə cədvəllərində geridə qalmaz. F. Mustafa ölkə Prezidenti tərəfindən müxtəlif sahələrə aid strateji yol xəritələrinin təsdiq olunduğunu, amma bu proqramların 50 faizindən çoxunun icra olunmadığını da qeyd edir: “Bu o deməkdir ki, müəyyən qurumlar fəaliyyətini düzgün qura bilməyiblər”.

Hesabatda qeyd olunur ki, Azərbaycan 2017-ci ildən bu yana 2,0 ballıq itkiylə üzləşib və “əsasən azad” kateqoriyasından “orta azad” kateqoriyasına düşüb. Ölkədə vergi yükü və fiskal sağlamlıq güclü, effektiv ədliyyə və biznes azadlığı isə zəifdir.

Hesabatda bildirilir ki, Azərbaycanda məhkəmələrin siyasi azadlığı yoxdur. Korrupsiyalaşmış məhkəmə sistemi və zəif tənzimləmə mexanizmi məmur özbaşınalığının qarşısını ala bilmir. Korrupsiya geniş yayılıb, bu da xərcləri artırır və biznes üçün əhəmiyyətli risklər yaradır.

F. Mustafa da razılaşır ki, ölkədəki islahatlar tam effektiv deyil.

“Məsələn, məhkəmə islahatı daha düşündürücüdür. Çünki burda daha ciddi dəyişikliklər gözlənilirdi. Həmçinin Əmlakla bağlı bəlli sənədlərin alınması, özəlləşmə və başqa məsələlərdə də  geriləmə var. Vətəndaşların problemləri daha asan həll etmə imkanları yoxdur. Sadələşdirmə, bir pəncərə sistemi, hamsı var. Amma nə olsun? Təsəvvür edin ki, tikinti üçün icazə nə qədər böyük problemdir, əmlakın özəlləşdirilməsi nə qədər maneələrdən keçir. Sahibkarlığın vəziyyəti olduqca acınacaqlıdır, kəndlərdə torpaqların istifadəsi problemlidir. Bütün sahələrdə bürokratiya və rüşvət mexanizminə qarşı çətinliklər var”.

Deputat deyir ki, zahirən alınmasa da, qapalı formada rüşvətin daha sivil metodologiyası hazırlanıb. Bu çətinlikləri ortadan qaldırmaq üçün də siyasi iradə lazımdır: “Ayrı-ayrı adamların pul qazanmaq ehtirası dövləti zor durumda buraxır”.

Fazil Mustafa o fikirdədir ki, beynəlxalq təşkilatların hesabatları müəyyən sahələrdə qərəzli nəticələr doğurur. Belə ki, bu sənədlər siyasi xarakterli təzyiq məqsədilə atılan addımlar ola bilər, eləcə də müəyyən meyarlarda şişirdilmələr edilə bilər. Lakin bununla belə, dövlət bu kimi hesabatları müzakirə etməli və ondan nəticə çıxarmalıdır.

“Dövlət nəinki xarici təşkilatların hesabatlarından, cəmiyyətin də tənqidi fikirlərdən nəticə çıxarmalıdır. Bunu müəyyən dərəcədə edirlər. Amma praktikada vətəndaşın razı qalması daha önəmlidir. Görünən isə odur ki, vətəndaşlar məmurların bu münasibətindən razı deyil”.

Hesabatda ticarət azadlığı məsələsinə də toxunulur, qeyd olunur ki, Azərbaycan Dünya Ticarət Təşkilatına  üzv deyil. Ticarət üzrə orta çəkili tarif dərəcəsi 9,2 faiz təşkil edir və qeyri-tarif maneələri ticarət axınına mane olur. Neft və qaz sektoru xarici sərmayələrin əksəriyyətini cəlb edir və  ölkə iqtisadiyyatının şaxələnməsinə kömək edir.

“Bu problemlər ölkəyə xarici investorların marağını azaldır”

İqtisadçı Fərid Mehralızadənin sözlərinə görə, devalvasiyadan sonra Azərbaycan hökuməti axtarış içərisindədir. Azalmış neft gəlirlərini qeyri-neft sektorunun inkişafı ilə kompensasiya etməyə çalışır, lakin təcrübə göstərir ki, investisiyaların gəlişi üçün ən vacib amil hüququn aliliyi, iqtisadi azadlıqların, təşviq mexanizmlərinin olmasıdır.

“Azərbaycanda bu istiqamətdə atılan addımları yetərli hesab etmirəm. Ölkədə məmur sahibkarlığı geniş yayılıb. Qanunlar işlək deyil, həbs olunan məmurların geniş biznes şəbəkələri ortaya çıxır. Ölkə daxilində məmur sahibkarlığının aradan qaldırılması üçün daha effektiv addımlar atmaq lazımdır, məmurlar gəlirlərini bəyan etməlidirlər. Bu problemlər ölkəyə xarici investorların marağını azaldır”.

İqtisadçı həmçinin hesab edir ki, Azərbaycanın Dünya Ticarət Təşkilatına qoşulmaması, gömrük rüsumunun yüksək olması ölkənin iqtisadi fəaliyyətinin qonşu ölkələrə nisbətən zəif olmasına əsas verir.

“İqtisadi azadlıq rəqabət mühitində yaranır. Bu rəqabəti yaratmaq üçünsə, məmur sahibkarlığı aradan qaldırılmalı, bazara hər kəsin eyni şərtlərlə çıxışı təmin edilməli, böyük təşkilatlarla azad ticarətlə bağlı müqavilələrin sayı artırılmalıdır. Yalnız bunlar baş verərsə, məhkəmələrə inam artarsa və mülkiyyət azadlığına imkan yaradılarsa, ölkə iqtisadiyyatında canlanma yaranar və reytinq cədvəllərində irəliləyiş əldə olunar”.

Qeyd edək ki, bu reytinq Azərbaycan üçün son 5 ilin ən aşağı göstəricisidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button