İqtisadiyyat

Bakı ilə Quba arasında batan 550 milyon dollar

Büdcə hesabına tikilən, 30 il xidmət edəcəyi vəd olunan yol 14 il sonra yenidən salınır, cinayət işindən xəbər yoxdur 

Bu il Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda təmir-bərpa işlərinə başlayıb. 

Bakının “Şamaxinka” deyilən ərazisində dayanan taksi sürücüləri də yolun adını eşidən kimi şikayətlənməyə başlayırlar.

Sürücülərin dediyinə görə, söküntülər səbəbindən yolda hərəkət çətinləşib.

Bakı-Quba yolunda sürücü işləyən Asim Məhərrəmovun sözlərinə görə, son zamanlar bu yolda qəzaların da sayı çoxalıb: “Tək xətdir deyə yük maşınlarının arxasına düşüb uzun müddət getməli olursan. Qəza şəraiti yaranır.”

Xatırladaq ki, yolun tikintisinə ilk dəfə “Akkord” şirkəti tərəfindən 2008-ci ildə başlanılıb. Rəsmi məlumata görə, birinci layihəyə ümumilikdə 550 milyona yaxın vəsait xərclənib.

İqtisadçı Rəşad Həsənovun qənaətinə görə, bu tip problemlərin kökündə cəzasızlıq dayanır. «Burada dövlət vəsaitinin qeyri-səmərəli xərclənməsinin kifayət qədər böyük simptomları görünür. Bu ölkədə heç bir halda məmurlar yeyintilərinə, icmaların iqtisadiyyatına, sosial həyatına, rifahına vurduğu zərərə görə cəzalandırılmırlar».

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov da ötən il keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, yolun çəkilişində müəyyən qüsurlara yol verilib. «Azərbaycanda çəkilən ilk beton yol olduğu üçün ola bilsin ki, tikinti zamanı müəyyən qüsurlara yol verilib.»

Bakı-Quba yolunun tikintisində yol verilən qüsurlara görə hər hansı cinayət işinin başlandığı barədə heç bir məlumat yoxdur.

Bu arada Akkordun keçmiş rəhbəri İlqar Hacıyev mediaya müsahibələrində keçmiş baş prokuror Zakir Qaralovun şirkətin faktiki ortaqlarından biri olduğunu və əsas sifarişləri məhz onun əlaqələri  hesabına aldıqlarını demişdi. Qaralov 2020-ci ildən bəri daha baş prokuror deyil. Yol tikintisində göyə sovrulan büdcə vəsaitləri ilə bağlı hər hansı cinayət araşdırmasından isə hələ də söhbət getmir.

Baş Prokurorluqdan mövzu ilə bağlı sorğumuza cavab vermədilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button