İqtisadiyyatManşet

“Bakı Metropoliteni” özəlləşdirilə bilər – Fransız şirkəti ilə danışıqlar bərpa edilir

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Prezident İlham Əlyevin sərəncamı ilə bir-neçə dövlət şirkəti Azərbaycan İnvestisiya Holdinqinə birləşdirildi. AZAL, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi, habelə Bakı Nəqliyyat Agentliyi və Bakı Metropoliteni bundan sonrakı mərhələdə Holdinqin tərkibində olacaq.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqinin əsas vəzifəsi Azərbaycanda həyata keçirilən davamlı struktur islahatlarının iqtisadiyyatın səmərəliliyinin daha da artırılmasına nail olmaqdır.

Bildirək ki, bir müddət əvvəl dövlət başçısı bəyan etmişdi ki, sözügedən qurumlar rentabelli deyil. Əksinə, dövlət vəsaiti hesabına çalışırlar. Halbuki indiyə qədər bu sahələrə külli miqdarda investisiya qoyulub, lakin yatırılan pullar geri qaytarılmayıb. Elə bu səbəbdən də sözügedən qurumların vahid bir “çardaq” altında birləşdirilməsi cəmiyyətdə belə bir qənaət yaradıb ki, yaxın vaxtlarda onların fəaliyyətləri, maliyyələşdirilməsi formaları dəyişəcək. Lakin bu qurumların özəlləşdirilə biləcəyi də istisna edilmir.

Belə bir qənaətin yaranması da səbəbsiz deyil. Çünki hökumət böyük özəlləşdirmə prosesinə start verdiyini bəyan edib. Xarici investorların da iştirak etməsini nəzərdə tutan bu özəlləşdirmə prosesinin bəzi dövlət qurumlarını da əhatə edəcəyi gözləniləndir.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, artıq bir ilə yaxındır işləməyən Bakı Metropoliteni də özəlləşdirməyə çıxarıla bilər. Belə ki, bir neçə il əvvəl QSC-nin fransız şirkətlərindən birinin idarəçiliyinə verilməsi nəzərdə tutulurmuş. Hətta bununla bağlı danışıqların yekun mərhələyə qədər gəlib çıxıdığı da verilən məlumatlar sırasında var. Lakin həmin vaxt fransız şirkəti şərt irəli sürərək, metropolitenə invesitisya yatıracağını, amma sərnişindaşımada qiyməti özü müəyyənləşdirəcəyini müqaviləyə salmaq istəyib. Azərbaycan hökuməti bunu həmin dövr üçün mümkün olmadığını, hətta ciddi narazılığa gətirib çıxaracağını hesabladığından şərti qəbul etməyib və danışıqlar dayandırılıb.

Gələn son xəbərlərdə deyilir ki, yaxın günlərdə həmin fransız şirkəti ilə özəlləşdirmə məsələsində danışıqlar yenidən start götürəcək. Artıq qarşı tərəfə bununla bağlı müraciətin edildiyi də bildirilir. JAMAZ.İNFO-ya çatan bilgilərdə qeyd edilir ki, qarşı tərəflə 51/49 faiz pay bölgüsü ilə müqavilənin bağlanacağı istisna edilmir. Lakin bu dəfəki danışıqlarda qiymətin tərəflərdən hansı biri tərəfindən müəyyən edilməsi məsələsinin gündəmdə olub, olmayacağı məlum deyil. Güman edilir ki, fransızlar şərtlərinin müqavilədə əsk olunmasını istəyəcəklər.

Mənbələr bildirir ki, əgər qiymətin müəyyən edilməsini hökumət fransızlara həvalə edəcəksə, bu metroda sərnişindaşımanın bahalaşacağını qaçılmaz edəcək. Çünki indiki qiymət fransızları qane etməyəcək və rentabelli işləmələri üçün onun artırılmasını zəruri edəcək. Bəzi ehtimallara görə, bu zaman sərnişindaşıma 50 qəpikdən ucuz olmaya bilər.

Xatırladaq ki, rəsmi dairələr hələlik bununla bağlı hər hansı bir açıqlama verməyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button