İqtisadiyyat

Bir gözünü itirən Qazimiz qaz pulunu ödəyə bilmir, “Azərqaz” isə məsələyə qarışmır

II Qarabağ müharibəsi iştirakçısı Rüfət Əliyevin atası, Xaçmaz sakini Yaşar Əliyev qaz borcunu ödəyə bilməməsindən şikayətçidir. 

Onun sözlərinə görə, R.Əliyev Fizulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, yaralanaraq sol gözünü itirib, bədənində qəlpələr var. “Oğlumun bütün sənədlərini aparıb rayonumuzun Qaz İstismar İdarəsinə təqdim etmişdim. Orda mənə dedilər ki, ola bilsin, borclar silinəcək, ona görə ödəniş etmədim. Mən borc saxlayan deyiləm, ancaq indi 470-480 manat borc yığılıb deyə ödəməyə gücüm çatmır”.

“Mənim qazancım gündəlik 10-15 manatdır. Bilmirsən, yeməyə verəsən, yoxsa qaza verəsən. İndi idarədən deyirlər ki, borcun silinməsi üçün qərar çıxmalıdır, amma bunun nə vaxt olacağı bilinmir,  borcunu ödə”.

“Azəriqaz” İstehsalat Birliyi şəhid və qazi ailələrinin qazpulu borcunu silə bilərmi?

“Siz “Azəriqaz”ın səlahiyyət dairəsinə aid olmayan suallar verirsiniz”. 

“Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Ceyhun Səfərov “Toplum TV”-yə  açıqlamasında belə deyib.

C.Səfərov bildirib ki, “Azəriqaz” əhaliyə qaz satışını həyata keçirən təşkilatdır: “Biz qaz çəkilişlərini həyata keçiririk. İstisna hallarda “Azəriqaz”-ın rəhbərliyi tərəfindən şəhid və qazi ailələrinin müraciətlərinə operativ şəkildə baxılır, daxili imkanlarımız hesabına onların evlərinə  qaz çəkilişləri həyata keçirilir”.

Mətbuatda “Azəriqaz” İstehsalat Birliyinin qazpulu borcu problemini də daxili imkanlar hesabına həll etməsinə dair faktlar mövcuddur. Ötən ilin iyul ayında bu qurum Masallının Sığıncaq kəndindən olan, Tovuz döyüşlərində yaralanan Nurlan Quliyevin ailəsinin qazdan istifadəyə görə 347 manat məbləğində borcunu “daxili imkanları hesabına” qapadıb (https://modern.az/az/news/249022/azeriqaz-yarali-esgerin-qazpulu-borcunu-sildi).

““Azəriqaz” İstehsalat Birliyi olaraq son vaxtlar cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan hərbiçilərimizin ailələrinə başsağlığı verir, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq. Hərbiçilərimizin qaz təchizatı ilə bağlı problemlərinin həlli daim diqqətdədir və bundan sonra da bu məsələyə ciddi yanaşılacaq”, – “Azəriqaz”ın həmin günlərdə verdiyi çıqlamasında belə deyilirdi.

Deputat Fazil Mustafa şəhid ailələri və qazilərin qazpulu borclarının silinməsi məsələsinin parlamentdə müazikəryə çıxarılması ehtimalı barədə “Toplum TV”-nin sualına belə cavab verib: “Hazırda Milli Məclis tətildədir. Payız sessiyası başlayanda bu məsələ müzakirə oluna bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button