İqtisadiyyat

Dövlət büdcəsinin tərtibi prosesi və şəffaflıq

Fiskal şəffaflıq dövlət büdcəsinin vəsaitlərin yığılması və xərclənməsi ilə birbaşa bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasına görə Nazirlər Kabineti dövlət büdcəsinin layihəsini hazırlayıb Prezidentə təqdim edir. Prezident layihəni Milli Məclisə təsdiq üçün göndərir. Sonuncu da müzakirə edib, dövlət büdcəsinin layihəsini qanun şəklində təsdiq edir. Ondan sonraki mərhələlərdə Azərbaycan Respublikası Prezidenti dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır, Nazirlər Kabineti isə dövlət büdcəsinin icrasını təmin edir. Dövlət büdcəsinin icrası da eyni sxem üzrə gedir: Nazirlər Kabineti icra layihəsini Prezidentə, o da Milli Məclisə göndərir. Sonuncu da icranı təsdiq etdiyi halda, artıq bir il üçün büdcə prosesi tam bitir.
Eyni zamanda bu arada bəzi digər qurumlar da iştirak edir. Daha doğrusu göstərilən subyektlərin nəzdində fəaliyyət göstərən icra qurumları da büdcə prosesində aktiv iştirak edirlər. Özü-özlüyündə büdcə layihəsi Nazirlər Kabinetinə daxil olan Maliyyə Nazirliyi tərəfindən hazırlanır və təqdim edilir. Bu prosesdə digər nazirliklər aktiv də iştirak edirlər (əsaslı vəsait qoyuluşu layihələri İqtisadiyyat Nazirliyi tərəfindən, sosial siyasət Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi və s.). Büdcə layihəsi parlamentə daxil olmazdan əvvəl Milli Məclisə hesabat verən, amma təşkilatı və funksional müstəqilliyə malik olan Hesablama Palatasına daxil olur. Palata da büdcə layihəsi ilə birlikdə rəyini parlamentə təqdim edir.
Yuxarıda qeyd olunan büdcə prosesinin ümumi təsviridir. Amma büdcə prosesi reallıqda daha çətin və çox mərhələlidir. Misal üçün, 2021-ci il üçün dövlət büdcəsinin hazırlanması 2020-ci ilin yanvarın 24-də başlayıb. Məhz bu gün Nazirlər Kabineti Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə sərəncamı qəbul edib. Başqa sözlə il başlayan kimi növbəti ilin dövlət büdcəsi layihəsi artıq hazırlanmağa başlayır (müxtəlif ölkələrdə bu fərqlidir. Bəzi ölkələrdə bu proses 6 ay, digərlərində isə 18 ay tuta bilər). Bu proses də bir neçə mərhələ və səviyyədən ibarətdir. İlkin olaraq biz bu mərhələləri təsvir etməyə çalışacayığ.
Məsələnin qanuni tərəfini təsvir etsək, ilk əvvəl bu sahədə mövcud olan bir neçə qanunverici akta müraciət etməliyik. Dövlət büdcəsi və ümumiyyətlə büdcə sistemi Azərbaycanda “Büdcə sistemi” haqqında Qanun ilə tənzimlənir. Qanuna görə büdcə “Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir”. Büdcə təsnifatına görə faktiki büdcə qanunvericiliyi tərəfindən tənzimlənən büdcələri belə təsnifatlandırmaq olar:
– dövlət büdcəsi;
– Naxçıvan Muxtar Respublikasının büdcəsi;
– yerli büdcələr;
– büdcədənkənar dövlət fondları.

Bəzi istisnaları saymadan, ümumi olaraq yanaşma eynidir (dövlət büdcəsi Maliyyə nazirliyinə aiddir, amma bələdiyyə büdcəsi öz səviyyəsində hazırlanır və təqdim olunur. Büdcədənkənar dövlət fondların tənzimlənməsi də digər qanunverici aktlar əsasında həyata keçirilir). Ona görə biz bu sənədlər arasında ən böyüsü və ümumi olaraq büdcə münasibətləri tənzimləyən dövlət büdcəsinin araşdıracayıq.
Qanunun 11-ci maddəsi tamamilə dövlət büdcəsinin layihəsinin tərtibi prosesini əhatə edir və müvafiq olaraq büdcə təqvimini təqdim edir. Müvafiq maddəyə görə dövlət büdcəsinin layihəsinin tərtibatı büdcə ilinə 11 ay qalmış başlayır. Tərtib prosesi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi gün bitir. Yuxarıda qeyd etdiyimiz sərəncama əsasında ölkənin iqtisadi və sosial inkişafının proqnozları, məqsədli proqramlar, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi həyata keçirilir. Belə tipli sərəncamlar hər il yanvar ayının üçüncü on günlüyü ərzində qəbul edilir. Bu sərəncama əsasən müvafiq icra hakimiyyəti orqanı ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozları dəqiqləşdirilir. Eyni zamanda büdcə təşkilatları növbəti il və sonrakı üç il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflərini mart ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edirlər.
Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqnozları əsas götürərək 1 ay ərzində növbəti il və sonrakı üç il üçün dövlət və icmal büdcələrin ilkin ortamüddətli proqnozu (proqnoz gəlirlər, xərclər, kəsir və maliyyələşmə) tərtib edilir. Həmçinin İqtisadiyyat nazirliyi ilə birlikdə dövlət investisiya proqramının ilkin layihəsi tərtib edilir. Tərtibatdan sonra 15 gün ərzində növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsi, büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti il və sonrakı üç il üçün icmal büdcə proqnozu, dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün zəruri olan qanunvericilik aktlarının layihələri və dövlət investisiya proqramının ilkin layihəsi təqdim olunur.
Bu proses bitən kimi may ayının 1-dək Nazirlər Kabineti növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu hazırlanır və büdcənin tərtibində iştirak edən təşkilatlara göndərilir. Bu təlimat yuxarıda qeyd olunan məlumatları əks etdirir.
Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar təlimata uyğun olaraq hazırlanmış büdcə layihəsini cari ilin iyul ayının 1-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
Qanunun 11.9-cu maddəsi büdcə layihələrində təqdim olunan məlumatlara aiddir. Bura əsasən funksional və iqtisadi təsnifatların paraqrafları üzrə keçən ildə faktiki və cari ilin sonuna gözlənilən büdcə xərclərinin və gəlirlərin büdcə təsnifatına uyğun olaraq məbləği göstərilir.
Bütün bu proseslər avqust-sentyabr aylarında dəqiqləşdirilir və sentyabr ayının 15-dək Nazirlər Kabinetinə və Hesablama Palatasına artıq növbəti büdcə ili üzrə büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri (büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla) təqdim edilir.
2018-ci ildən artıq büdcə tərtibatında həmçinin büdcə qaydasından istifadə edilməyə başladı. Büdcə qaydasının büdcənin məbləğ tərəfini müəyyən edir. Bu da büdcənin neft gəlirlərindən asılılığı azaltmaq məqsədilə edilmiş bir addım idi. Amma qeyd etmək lazımdır ki, indiki şəraitdə müəyyən müddətlik büdcə qaydasından istifadə dayandırılıb. Bu da qeyri-məğbul iqtisadi vəziyyət ilə bağlıdır.
Eyni zamanda qeyd etmək lazımdır ki, tərtib prosesin təşkili işi isə “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na uyğun olaraq həyata keçirilir. Bu sənəd bütün prosesləri (daha doğrusu təqdim olunan rəqəmləri və məlumatları) daha ətraflı izah edir və praktikasını təqdim edir.
Bundan başqa, Azərbaycanda həmçinin 1999-cu ildə qəbul olunmuş “Dövlət büdcəsi haqqında” Qanun da mövcuddur. Bu Qanun hər büdcə ili üzrə dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası və icraya nəzarətin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Məqalə “Güzəran” sosial araşdırmalar ictimai birliyinin Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının aparılmasına sair təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button