İqtisadiyyat

Elektromobillər də vergidən azad olunacaq? – Ekspert

“Atılan bu addım hibrid avtomobillərilə yanaşı, elektromobillərə də şamil edilir. Yəni qərar hər ikisinə də aiddir”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Ramil Osmanlı avtomobillərlə bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişikliyin yalnız hibrid maşınlara, yoxsa onunla yanaşı elektromobillərə də şamil edilib-edilmədiyi barədə ziddiyyətli məqamlara aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, hibrid avtomobillərilə yanaşı, elektromobillərin də vergidən azad olunması məsələsi müzakirə olunur:
“Həmin güzəştin məqsədi ekoloji tarazlığı tənzimləməkdir. Hibrid avtomobillərdən fərqli olaraq elektromobillər ümumiyyətlə yanacaqla işləmir. Bu tip avtomobillər yalnız elektrik mühərrikilə işləyir. Belə olan halda stimullaşdırma gedirsə, sözsüz ki, daha çox üstünlük tam elektrik mühərrikilə çalışan avtomobillərə verilir. O mənada hibrid avtomobillərilə yanaşı, elektromobillərin də vergidən azad olunması məsələsi müzakirə olunur”.
Azərbaycanda elektromobillər üçün infrastrukturun yaradılmamasına gəlincə, həmsöhbətimiz bildirir ki, tələbin artması fonunda bu problem də öz həllini tapacaq:
“Vaxt var idi ki, yalnız ötürücü qutu ilə çalışan avtomobillər mövcud idi, sonra isə ijektora sisteminə keçildi. Hansı ki, ölkəmizdə ikincinin infrastrukturu mövcud deyildi. Lakin zamanın tələbi məcbur etdi ki, onun da servis xidməti yaradılsın, ustalar bu işi də öyrənsinlər. 3-5 il bundan qabaq hibrid avtomobillərin də Azərbaycanda infrastrukturu mövcud deyildi. İndi isə var. Bu mənada elektromobillərdən istifadə dünyada baş verən ümumi dəyişikliklə bağlı məsələdir. Azərbaycan həmin prosesdən kənarda qala bilməz. Ölkəmizdə elektromobillər üçün infrastrukturun yaradılması mexaniki məsələ olacaq. Ölkəyə bu tipli nəqliyyat vasitələrinin axını tədricən həmin sahəyə tələbatı artıracaq. Bunun nəticəsində sahibkarlar elektromobillər üçün infrastrukturun yaradılması istiqamətində də düşünməyə başlayacaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button