İqtisadiyyat

Qaşqay İsmayıl: “Büdcəyə transferlər 4 milyarddan az olarsa, ölkə xaosa yuvarlanar”

Bu ilin 5 ayı ərzində Neft Fondunun gəlirlərinin 1.8 milyard dollar təşkil etməsi faktı keçən il olduğu kimi, bu il də neft gəlirlərinin 4 milyard dollar civarında dəyişəcəyini göstərir. JAMAZ.İNFO xəbər verir ki, bunu iqtisadçı Qaşqay İsmayıl deyib.

Onun sözlərinə görə, müasir Azərbaycan iqtisadi göstəricilərinin bilavasitə Neft Fondunun dövlət büdcəsinə transferlərindən asılı olduğunu nəzərə alsaq, vəziyyətin kifayət qədər acınacaqlı olduğunu deyə bilərik. “Çünki məhz büdcəyə yönəldilən neft dollarları  digər sahələrə axaraq ölkədə iqtisadi canlanma yaradır və sosial öhdəliklərin icrasına şərait yaradırdı. Dövlət büdcəsinə transferlərin 5 milyard dollardan aşağı düşməsi, analoqu olmayan inkişaf proyektinin yaxın gələcəkdə sonu deməkdir. Hazırda ölkədə müşahidə edilən kütləvi yoxsulluq və səfalət, müxtəlif mənbələrdən (vergi, gömrük və  Neft Fondu) büdcəyə yönəldilən real məbləğin rəsmi rəqəmlərdən xeyli az olmasına əsaslı şübhələr yaradır”.

İqtisadçı hesab edir ki, Azərbaycan iqtisadiyyatının primitiv strukturunu nəzərə alsaq, Neft Fondu dövlət büdcəsinə transferləri 5 milyarda salarsa, tam iqtisadi durğunluq baş verər (hazırda bu vəziyyətə şahidlik edirik). “Bu vəsait 4 milyarddan az olarsa, ölkə mövcud stabil tənəzzüldən çıxaraq iqtisadi xaosa yuvarlanar, devalvasiya və hiperinflyasiya fonunda sosial öhdəliklərin icrası da qeyri-mümkün hal alar”.

O qeyd edir ki, bu tip iqtisadiyyatlar ölkəyə daxil olan valyutadan kritik dərəcədə asılıdırlar. “Neft dollarları, kreditlər və ya sponsorların dəstəyi formasında, necə olur-olsun ölkəyə valyuta axmalıdır. Həmin valyuta müəyyən həddən aşağı düşdükdə, belə iqtisadiyyata malik əhali arasındakı konsensus pozulur, elitanın müəyyən hissəsinin qidalanma mexanizmi sıradan çıxır və kataklizmlər qaçılmaz şəkil alır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button