İqtisadiyyat

Rüsumlar və aksiz dərəcələri artırılır: “Əhali əlavə 400 milyon manat ödəniş edəcək”

“Rüsumları artırmaq bazarda birbaşa bahalaşma yaratmasa belə, mərhələli olaraq artım müşahidə olunacaq”.

Bunu iqtisadçı ekspert Məhəmməd Talıblı hökumətin rüsumları artırmaq barədə qərarını “Toplum TV”-yə şərh edərkən deyib.

Noyabrın 1-də Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə görə rüsumlar artırılıb.

– Xarici pasportların alınmasına və itirilməsinə görə 40 manatdan 60 manata;

– Nikahın qeydə alınmasına görə 5 manatdan 10 manata;

– Nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata;

– Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə rüsum 10 manatdan 15 manata;

– Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum 22 manatdan 30 manata;

– Avtomobillərin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum 25 manatdan 30 manata;

– Sürücülük vəsiqəsinin alınmasına görə rüsum 20 manatdan 40 manata qaldırılıb.

Bunlar artırılan rüsumların yalnız bir hissəsidir. Ümumilikdə 226 dövlət rüsumunun məbləğinə yenidən baxılır.

Rüsumların artırılması nə ilə bağlıdır? Bu bazara, insanların sosial vəziyyətinə necə təsir edəcək?

“Büdcəyə pul lazımdır”     

İqtisadçı ekspert Məhəmməd Talıblının sözlərinə görə, rüsumları artırmaq büdcə daxilolmaları üçün müxtəlif mənbələrin tapılmasına xidmət edir: rüsum artanda dövlət büdcəsinə çoxlu vəsait toplanılır. Bu da malların və xidmətlərin də məbləğinin artmasını şərtləndirir.

Məhəmməd Talıblı – VOA

Maliyyə nazirinin müavini Azər Bayramovsa əks açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, hər bir istiqamət üzrə baxanda dövlət rüsumlarının artırılması zaman müddəti ilə bağlıdır:

“Gedən prosesləri, həmin dövrdə olan inflyasiyanı, mal və məhsulların bahalaşmasını və digər amilləri nəzərdə alanda bu, texnoloji proseslərə olan dəyişikliklərdir. Məsələn, əvvəlki rüsumlar köhnə pasportlar üçün nəzərdə tutulmuşdu. Yeni pasportlar isə biometrik pasportlardır. Təbii ki, bunun xərci əvvəlki ilə uyğun gəlmir. Yəni onsuz da bu gün bizdə 1 yaşına qədər olan uşaqlara pasportlar maya dəyərindən aşağı qiymətə verilir. Hətta 15 manata qaldıranda da belə bu rəqəm maya dəyərindən aşağı səviyyədədir”.

Bayramov qeyd edib ki, rüsumlarda əməliyyatlar üçün həyata keçirilən dövrilik də nəzərə alınacaq: “Nikahların bağlanması üçün əvvəlki rüsum 15 il bundan əvvəl müəyyən olunub. Həmin dövrdən sonra kağızın özünün qiyməti, çapı və s. da qalxıb. Bu, normal haldır. İnsanın həyatında 1 dəfə həyata keçirilən əməliyyatdır. Bu baxımdan bu rəqəmlərə baxmaq zəruridir”.

Azər Bayramov – Trend.az

İqtisadçı Məhəmməd Talıblı deyir ki, çap materiallarının idxal rüsumu artmayıb, idxal olunan kağız məmulatlarının cüzi qiymət oynaması isə dövlətin rüsumları artırmasını şərtləndirə bilməz.

“Çünki bunlar kağız məmulatlarının qiymət artımına görə yox, sosial xidmətlərin qiymətinin artmına görə baş verir. Bunu ciddi iqtisadi məzmunlu səbəbdən daha çox bəhanə adlandırmaq olar”

“İndiki halda rüsumların məbləğinin dəyişdirilməsi insanların həyatına mənfi təsir etməyəcək”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin komitənin sədri Tahir Mirkişili deyir ki, Azərbaycanda hər bir vətəndaşın ödədiyi dövlət rüsumunun orta illik məbləği 35 manat təşkil edir ki, bu da vətəndaşın gəlirlərinin təqribən 0.5 faizini təşkil edir.

Bəzi ölkələrdə bu məbləğin  8 faizdən yuxarı olduğunu deyən komitə sədri vurğulayıb ki, Azərbaycanda rüsumlar 15 il bundan əvvəl müəyyən edilib. 15 il ərzində inflyasiya baş verib və bu rüsumların məbləği maya dəyərindən aşağı düşüb. Bu baxımdan indiki halda rüsumların məbləğinin dəyişdirilməsi insanların həyatına mənfi təsir etməyəcək.

Tahir Mirkişili – Rəsmi səhifə

İqtisadçı Qubad İbadoğlu qeyd edir ki, rüsumların artırılması nəticəsində əhali 193,5 milyon manat, aksizlərin qaldırılması nəticəsində isə  207,8 milyon manat  xərcə düşəcək. Onun sözlərinə görə, gələn ildən bu iki mənbədən əhalinin əlavə ödənişləri 400 milyon manatı ötəcək.

“2021-ci ilin büdcəsində dövlət rüsumlarının məbləği 170 milyon manat proqnozlaşdırıldığı halda, gələn il bu mənbədən 363 milyon  500 min manat vəsait toplanması planlaşdırılır.  Gördündüyü kimi, rüsumların artması əhalinin əksər hissəsi üçün yaşam şərtlərinin çətin olduğu  indiki dövrdə əhalinin xərclərini əhəmiyyətli dərəcədə artıracaq”, – Qubad İbadoğli bildirib və əlavə edib ki, rüsumların artımı bir sıra ərzaq məhsullarının qiymətini, eləcə də xidmətlərin tariflərini də yüksəldəcək”.

Qubad İbadoğlu – Sosial Media

İqtisadçı “Feysbuk” hesabında aksiz dərəcələrinin artırılması ilə bağlı məsələyə də  münasibət bildirib. O, siqaret və alkoqollu içkilərin qiymətində kəskin bahalaşmanın baş verəcəyini deyir:

“Büdcə paketində nəzərdə tutulan artımlardan biri də yerli məhsulların aksizləridir. Belə ki, gələn ildən içməli spirt, pivə və spirtli içkilərin bütün növlərinin, tütün məmulatlarının, energetik içkilərin, elektron siqaretlərin qiyməti də kəskin bahalaşacaq. Bu mənbədən də əlavə istehlak xərci  207 milyon 847 min manat təşkil edəcək. Beləliklə də aksiz və rüsumların artmasından əhalinin əlavə məsrəfləri 400 milyon manatı ötəcək”.

Qubad İbadoğlu sonda qeyd edib ki, bütün bunların müqabilində gələn üçün sosial müdafiə və təminat xərcləri bu ilə nisbətən 127 milyon manat az proqnozlaşdırılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button