İqtisadiyyat

Ssabiq deputat: “Məmurlar bizneslərini gəlinlərinin və qızlarının adından idarə edirlər”

“Məmurlar dövlət vəzifələrində oturaraq öz bizneslərini gəlinlərinin, qızlarının və ya digər ailə üzvlərinin adından idarə edirlər. Əminliklə deyə bilərəm ki, göstərilən qadın sahibkarların 90 faizi real sahibkar deyil”.  JAMAZ.İNFO xəbər verir ki, iqtisadçı-ekspert Nazim Bəydəmirli “Toplum TV”-yə belə deyir.

Azərbaycanda fərdi sahibkarların 20-i faizindən çoxu qadındır. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndə heyəti ilə görüşdə bildirib.

V.Qasımlı qeyd edib ki, İlham Əliyevin qəbul etdiyi Strateji Yol Xəritələrinin icrası çərçivəsində yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın sahibkarlığı sahəsində təşəbbüskarlığın artırılmasında, sahibkar qadınların maraqlarının qorunmasında, şəffaflıq və sosial məsuliyyət prinsipləri əsasında onlara biznes xidmətlərinin göstərilməsində mühüm rol oynayır: “2020-ci ildə 174 329 sahibkarlıq subyekti qeydiyyata alınıb, onlardan  9230-u kommersiya hüquqi şəxs, 165 099-u fərdi sahibkardır. Kommersiya hüquqi şəxslərin 14,8 faizinin (1373) təsisçisi və fərdi sahibkarların 20,4 faizi (33 742) qadındır. Beynəlxalq müqayisələr göstərir ki, qadın sahibkarlığının inkişafı ölkədə iqtisadi artımın sürətlənməsi, sosial rifahın yaxşılaşması və inklüzivliyin təmin olunmasında əhəmiyyətlidir”.

Nazim Bəydəmirli statistikanın şəffaf olmadığını iddia edir: “Kağız üzərində heç bir statistikada problem yoxdur, amma bunların arxasında böyük gizlinlər var. Azərbaycanda əsas olaraq məmur sahibkarlığı mövcuddur. Məmurlar adətən dövlət vəzifələrində oturaraq öz bizneslərini idarə edirlər. Biznesləri isə gəlinlərinin, qızlarının və ya digər ailə üzvlərinin adına olur. Ona görə də mən əminliklə deyə bilərəm ki, göstərilən qadın sahibkarların 90 faizi real sahibkar deyil. Bunlar məmur sahibkarlığının məqsədlərinə xidmət edir və icimai fikirdən yayındırılır”.

Ekspert deyir ki, məmurlar gəlirləri barədə məlumat verməlidirlər: “Bildiyiniz kimi kommersiya və hüquqi şəxslərin təsisçilərdən başqa icraçı direktorları var. Əgər biz onların ailə üzvlərinin kim olduğunu görə bilsəydik, bu rəqəmlərin real sahibkarlığa nə qədər aidiyyatı olduğu ilə bağlı fikir bildirə bilərdik. Sivil dünyada olduğu kimi hər bir məmur özünün və ailə üzvlərinin gəlirləri və əmlakları haqqında bəyannamə təqdim edənə qədər cəmiyyət öz vəsaitlərinə nəzarət mexanizmini həyata keçirə bilməyəcək”.

İqtisadçı, ReAl Partiyasının Siyasi komitəsinin üzvü Natiq Cəfərli də düşünür ki, açıqlanan statistikada formallıq var: “Bir çox hallarda məmurlar bizneslərini öz həyat yoldaşlarının adına rəsmiləşdirirlər. Əgər başqa ölkələrdəki örnəklərə nəzər salsaq, görərik ki, qadınlardan ibarət olan iri holdinq rəhbərlərinin ictimaiyyətə tanıtımı yüksək səviyyədə həyata keçirilir, yaxud dövlət idarəetmə orqanlarında qadınların təmsilçiliyi açıq-aşkar görünür. Məsələn, bizdə bir nəfər də olsun qadın nazir yoxdur. Əslində formal olaraq fərdi sahibkarların 20 faizdən çoxunun qadınlardan ibarət olması mümkündür. Çünki bir çox hallarda ailədə kişi hansısa dövlət orqanında işləyirsə, eyni zamanda fərdi sahibkarlıqla məşğul olmaq istəyirsə, o, həyat yoldaşının, anasının və ya bacısının adına VÖEN aça və şirkət yarada bilər. Nəticə etibarilə isə qadının biznesdə təmsilçiliyi kağız üzərində görünsə də reallıqda həmin biznesi onun ailə üzvləri idarə edir. Yəni statistikada 20 faizdən çox qadın sahibkar görünsə də əslində onların sayı xeyli azdır”.

Ekspert bunun iki səbəbini açıqlayıb: “Azərbaycanda osuz da bizneslə məşğul olmaq çətindir. Korrupsiya problemləri, süni maneələr kifayət qədərdir. Qadınlar üçün isə iki qat çətindir. Həm bu cür maneələrlə, həm də cəmiyyətin basqısı ilə qarşılaşırlar. Bəzən ailə daxilində mühafizəkarlıq önə çıxır və onların biznes təşəbbüsünə əngəllər törədilir”.
İqtisadçıların statistikanın qeyri-şəffaflığı ilə bağlı iddialarına İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən münasibət öyrənmək mümkün olmayıb.
Mərkəzin icraçı direktoru Vüsal Qasımlı və kommunikasiya departamentinin rəhbəri Zənurə Talıbova “Toplum TV”-nin suallarını cavablandırmaq istəməyib.
Dövlət Statistika Komitəsinin 2021-ci ilin iyulun 1-nə olan hesabatında isə fərdi sahibkarların 78,7%-ni kişilər, 21,3%-ni qadınlar təşkil edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button