ManşetSosial

ƏƏSMN ağır epilepsiya xəstəsinin pensiyası kəsdi: Vətəndaş özünü nazirliyin qarşısında yandırmaq istəyir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiyaları dayandırma “siyasəti” davam edir. JAMAZ.İNFO xəbər verir ki, hələ bir qədər əvvəl nazir Sahil Babayev açıqlamasında pensiyaların kəsilməsi prosesi nəticəsində 510 milyon manat “qənaət” etdiklərini bildirib.

Qeyd edək ki, indiyə qədər nazirlik tərəfindən 200 mindən çox vətəndaşın “saxta” yolla pensiya aldığı “müəyyən” edilib və onlara edilən ödəniş dayandırılıb.

Nazirliyin süründürməçilik, yeri gəldi, gəlmədi sanki plan doldururmuş kimi davranışlarından Bakə şəhər sakini, hazırda Ramanı qəsəbəsində yaşayan, ağır epilepsiya xəstəsi Şabani Rəna Məmməd qızına da “pay” düşüb. JAMAZ.İNFO xəbər verir ki, 1967-ci il təvəllüdlü Rəna Şabani uzun illərdir epilepsiya xəstəliyindən əziyyət çəkir. Elə bu səbəbdəndir ki, o, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasında mütəmadi müalicə alır. Lakin həkimlərin yeganə rəyi ondan ibarətdir ki, bütün müalicələr xəstəliyin şiddətlənməsini önləmək məqsədi daşıyır. Yəni, bu xəstəlik müalicə olunan deyil.

Rəna Şabani sonuncu dəfə bu ilin iyul-avqust aylarında müalicə olunub. Əlimizdə olan epikrizdən də məlum olur ki, həkimlər onun barəsində əmək qabiliyyətli olmadığı, davamlı olaraq müalicə aqlmasının şərt olduğuna dair rəy veriblər. Lakin bu ilin oktyabr ayından etibarən Bakı sakininin pensiyası dayandırılıb. Və bunu gah sənədlərin düzgün olmaması, gah xəstəxanananın sənədləri vaxtında göndərməməsi, gah da barəsində rəyin nazirliyə vaxtında çatdırılmaması ilə izah ediblər. Üstəlik, bildirilib ki, Rəna Şabani mütəmadi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə zəng etməli, sənədlərinin icrası vəziyyəti ilə maraqlanmalıdır.

Qeyd edək ki, Şabani Rəna savadsızdır, hətta yazıları belə oxuya bilmir. Dünyaya gətirdiyi 3 övladından ikisi anadangəlmə xəstədir. Belə ki, onlardan biri nevroloji xəstəlikdən əziyyət çəkir, digəri isə görmə qabiliyyəti problemi yaşayır. Hərçənd o uşaqların heç birinə əlillik dərəcəsi verilməyib və bu gün də heç bir müavinat almırlar. Digər tərəfdən, Ramanı qəsəbəsi sakini daxmada yaşayır və dolanışığı yalnız aldığı pensiyadan ibarətdir. Ona xəstəliyi ilə bağlı təyin edilmiş dərmanları isə vaxtında qəbul etməzsə, ölə bilər. Hazırda isə pensiyası kəsilən vətəndaş həmin dərmanları almaqdan da məhrum olub.

Rəna Şabani JAMAZ.İNFO-nun əməkdaşı ilə söhbətində deyir ki, artıq epilepsiya tutmaları gündəlik şəkil alıb. O bildirib ki, istifadə etdiyi dərmanları almaq üçün imkanı da yoxdur. “Yeməyə belə heç nəyim yoxdur. Sonuncu “kaşa”nı bişirib yemişəm. Qonşuların ara-sıra verdikləri yeməklə günümüzü keçiririk. Amma bu nə qədər davam edəcək?”

Onun sözlərinə görə, əgər əvvəllər həftədə bir və ya iki dəfə epilepsiya tutmaları olurdusa, dərmanlarını vaxtında qəbul etmədiyindən bu gündəlik şəkil almağa başlayıb. “Mən kimsədən bir şey istəmirəm. Savadsız bir adamam. Yazıb-oxumağım da yoxdur. Mənə təyin edilmiş pensiyamı versinlər. Mənə get-gələ salmasınlar. Ələ salıblar, gah ora göndərirlər, gah bura çağırırlar. İndi də deyirlər ki, hansısa nömrəyə gündə iki dəfə zəng etməliyəm. Niyə axı? Nə vaxta kimi bu biabırçılıq davam edəcək? Biz insan deyilik? Kimsəsizik deyə, haqqımız yeyilməli, özümüz də ölməliyik?”

Rəna Şabani sonda onu da bildirdi ki, əgər qısa müddətdə problemi həll edilməsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında özünü yandıracaq. “Daha başqa çarəm qalımayıb.Xəstəlik və aclıqdan öləcəyimə, gedib özümü nazirliyin binası qarşısında yandıracam. Qoy, hamısına dərs olsun”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onlardan məsələyə münasibət bildirmələrini gözləyirik.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button