ManşetSosial

360 manat Qazilərə yetəcəkmi?

“Sosial müavinətlərin minimim həddi təkcə əmək qabiliyyətli insanın özünün deyil, eyni zamanda onun öhdəliyində olan şəxslərin, övladlarının və yaxud öhdəsində olan əmək qabiliyyəti olmayan şəxslərin də yaşayışına təminat verməlidir”. Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev vətən müharibəsində iştirak etmiş və hazırda xidmətini davam etdirən hərbçilərə aylıq 360 manat verilməsi xəbərindən danışarkən deyib.
Ekspertin fikrincə, bununla bağlı dəyərləndirmə aparılmalıdır ki, bu məbləğ insanın fizyoloji mövcudluğuna, mədəni inkişafına, istirahət hüququnun təmin olunmasına və digər xidmətləri təmini üçün layiqli həyat səviyyəsinə imkan verir ya yox: “Bunu hesablayandan sonra 360 manatın ədalətli təsbit olunub-olunmamasını bilmək olar. Bu çox qəliz prosesdir. Layiqli həyat səviyyəsi deyilən anlayış var. Onun məbləği nə qədərdir? İnsanın layiqli yaşaya biləcəyi bir məbləğ olmalıdır. Amma “məbləğ nə qədər ola bilər” sualına cavab verə bilmirəm. Gərək öncə bu hesablanıb dəyərləndirilsin. Hökümət maraqlı tərəfləri yığsın, media, ekspertlər, iqtisadçılardan bir qrup yaratsın. Bu qrup cəmiyyətə açıq olsun, mütəxəsislər oturub onların əməyini dəyərləndirsin”.
Ekspert qeyd edib ki, ayrılan maliyyə büdcə vəsaitidir, xərclənəcəksə bunun bir hesablanması olmalıdır: “Əslində bəxtimiz onda gətirməyib ki, ölkədə normal alternativ düşüncə mərkəzləri yoxdur. 360 manat hökümətin mövqeyidir. Biz bilmirik ki, 360 manat onların layiqli həyat səviyyəsinin təmini üçün yetərlidir, ya yox. Ən yaxşı təklif bununla bağlı alternativ dəyərləndirmə aparılmalıdır”.
Qeyd edək ki, Vətən müharibəsində iştirak etmiş və hazırda xidmətini davam etdirən bəzi hərbçilərə aylıq 360 manat veriləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button