ManşetSiyasət

ABŞ Qafqaza gəlir: Ağ Ev bölgə üçün nələr planlaya bilər?

ABŞ-da baş verən hakimiyyət dəyişikliyindən sonra Ağ Evin apardığı siyasət indiyə qədər gözardı edilmiş məsələləri yenidən gündəmə gətirib. Həmin sırada əsas yerlərdən birini də Cənubi Qafqaz məsələsi tutub. JAMAZ.İNFO xəbər verir ki, pandemiya və digər məsələlərdən dolayı Vaşinqton bir müddət dünya siyasətində öz mövqelərini itirməyə başlamışdı. Daha doğrusu, ABŞ Qafqaz və Orta Asiya məsələlərində passivlik edərək, onu ikinci və ya üçüncü dərəcəliyə keçirmişdi. Lakin Baydenin hakimiyyətə gəlişindən sonra durum dəyişməyə başlayıb.

Qeyd edək ki, Ağ Evin “qəfil ayılması” səbəbsiz deyil. Tramp hakimiyyəti dönəmində diqqət yetirilməyən Qafqaz siyasəti Qarabağda 44 günlük savaşdan sonra ABŞ-ı “ayıltdı”. Məlum oldu ki, indiyə qədər Vaşinqton Qafqazda Rusiya ilə ümumiyyətlə, heç bir mübarizə aparmayıb. Üstəlik, ciddi mövqe itkisiylə üzləşib. Elə Bayden admnistrasiyası da bu “qəfil ayılma” ilə yeni strategiya hazırlayaraq, hücuma keçmək üçün zəminlər hazırlayırlar.

Aydın məsələdir ki, ABŞ-ın Qafqazda əsas rəqibi Rusiyadır. Moskvanın bölgədə “nəzarətsiz” qalmasını şərh edən Ağ Ev hesab edir ki, Rusiya keçmiş sovet respublikalarında mövcud olduqca, orada demokratiya olmayacaq. Elə bu konteksdən çıxış edən Amerika Rusiyaya sanksiyalar tətbiq etməklə, əvvəlcə onun iqtisadi imkanlarını məhdudlaşdırmaq, daha sonra isə siyasi gücünü zəiflətmək fikrindədir. Ötən günlərdə bir çox rus generalına tətbiq olunan sanksiyaların davamı olacağı da şübhəsizdir. Çünki Bayden hələ seçki marafonu dönəmində bəyan etmişdi ki, onun hakimiyyəti Kreml üçün cəhənnəm sanksiyaları hazırlayıb, həyata keçirəcək.

Günün sualı budur: ABŞ Qafqaza qayıdacaqmı?  Bu suallara cavab verən xarici ekspertlər hesab edirlər ki, Ağ Ev Rusiyanın sərhədlərində möhkəmlənməkdən başqa çıxış yolu görmür. Rusiya sərhədlərində möhkəmlənmək və orada öz maraqlarını təmin etmək üçün ABŞ-a Cənubi Qafqaz və Orta Asiya mütləq lazımdır. Vaşinqton Milli Müdafiə Universitetinin professoru Cefri Mankoff bildirir ki, 2017-ci ildə qəbul edilmiş “Böyük güclərə qarşı rəqabət” haqqənda qətnamə ABŞ-ın xarici siyasət kursunu tam ehtiva edir. “Orada aydın şəkildə göstərilib ki, ABŞ-ın iki əsas rəqibi var. Onlardan biri Pekin, digəri isə Moskvadır. Eyni zamanda, orada qeyd edilir ki, hər iki ölkədə iqtisadiyyat azad deyil, onlar öz hərbi potensiallarını artırmaq üçün çalışırlar və digər dövlətlər üzərində təsir imkanlarına sahiblənməyə cəhd edirlər. Təbii ki, bunlar ABŞ-ın maraqlarına ziddir və Pekinlə Moskvaya qarşı yeni mübarizənin başlayacağı istisna deyil. Bu fonda Ağ Evə Cənubi Qafqaza sahiblənmək mütləq lazımdır. Gürcüstanda hər hansı problem yoxdur. Lakin Azərbaycan və Ermənistan haqqında bunu demək mümkün deyil”.

Bayden Mərkəzinin direktoru Maykl Karpenter isə Çinin Gürcüstana böyük investisiya qoymasını düşünülmüş plan kimi səciyyələndirib. “Rusiya və Çin Gürcüstanın yalançı dostlarıdır. Bu iki ölkənin Qafqaza investisiya qoyması hər nə qədər maliyyə gətirsə də, ciddi geosiyasi riskləri də özüylə gətirməkdədir. Hesab edirəm ki, hazırda Rusiya hibrid müharibələr aparır. Burada əsas məqam ondan ibarətdir ki, Moskvanın bu hərəkətləri olduqca zərərlidir. Bu təkcə ona görə zərərli deyil ki, Rusiya səylərini artırır, olduğu yerdə demokratiyaya imkan vermir. Eyni zamanda, Rusiya olduğu ölkələrdə artıq xoş qarşılanmır. Çünki niyyətinin zərərli olduğunu hamı bilir”.

Mərkəzi Asiya Universitetinin rəhbəri Endryu Kaçinsa da hesab edir ki, ABŞ həm kritik, həm də spektik məsələlərə sərt cavab verməkdə israrlıdır. Onun sözlərinə görə, hazırda yeni “soyuq müharibə”nin olacağı gözlənilməsə də, tərəflər arasında gərginlik pik həddə çatacaq. Kaçinsa vurğulayır ki, əsas mübarizənin Qafqazda gedəcəyi isə kimsədə şübhə doğurmamalıdır.

Mankoff və Kaçinsadan fərqli olaraq, Karnegi Fondunun eksperti Pol Stronski düşünür ki, Qafqaz ABŞ üçün vacibdir, lakin həyati əhəmiyyət daşımır. “Orta Asiya və Cənubi Qafqaz heç vaxt ABŞ-ın xarici siyasətində ilk yerdə dayanmayıb. Elə bu gün də vəziyyət dəyişməyib. Dünyada pandemiyanın tüğyan etməsi, iqtisadi çətinliklər və genişmiqyaslı beynəlxalq problemlər, habelə Çin və Avropa ilə olan münasibətlərdəki gərginliklər heç bir prezidentin diqqətini Rusiyanın cənub sərhəddlərinə yönəltməyə imkan vermir. Lakin Qarabağda baş verən müharibə Amerikalı siyasətçiləri məcbur etdi ki, dünyanın bu bölgəsinə diqqəti artırsınlar. Amma bir şeyi nəzərə almaq lazımdır ki, Qafqaz ABŞ üçün vacibdir, lakin həyati əhəmiyyət daşımır”.

Rusiyalı ekspert Sergey Markedonov isə hesab edir ki, hazırda Qafqaz bölgəsində Avrasiya nəhəngləri yeni konfiqurasiya qurmağa çalışırlar. Onun sözlərinə görə, bu konfiqurasiya ABŞ üçün arzuolunmayandır. “Qqarabağ müharibəsindən sonra bölgədə Rusiya və Türkiyənin təsir imkanları artmağa başlayıb. Lakin maraqlı bir paradoks var. Bu gün Rusiyanın daxilində müzakirələr əsasən ondan ibarətdir ki, Moskva 2020-ci ilin noyabrında imzalan bəyanat uğurlu və uğursuz olub, ya olmayıbdır. ABŞ-da isə əsas müzakirələr odur ki, rus diplomatiyasının atəşkəsin reallaşdırılmasındakı liderliyi və rus sülhməramlılarının Qarabağa gətirilməsidir”.

Markedonov deyir ki, artıq rus hərbçiləri Qarabağdadır. Eyni zamanda, Türkiyə hərbçiləri də artıq Azərbaycanda yerləşiblər. “Əgər türk ordusu Azərbaycanda mövcuddursa, o zaman ABŞ hərbçilərinin burada mövcudluğuna gərək yoxdur. Çünki Türkiyə NATO-nun əsas üzvlərindən biridir. Və burada İranı da nəzərdən qaçırmaq olmaz. Tehran da maksimum dərəcədə bölgədə söz sahibi olmağa çalışır”.

Rus ekspertin qənaətinə görə, hazırda Qafqazın statusunu müəyyən etmək üçün üç Avrasiya ölkəsi mübarizə aparır. “Bu prosesdə ABŞ-ın iştirakı diqqəti çəkmir. Lakin Bayden hakimiyyəti fərqli planların icrası üçün çalışacaq. Yəni, Bayden Qafqaz onun xarici siyasətində hansı yeri tutursa, Qafqaza da həmin qiyməti verəcək”.

Beləliklə, ABŞ Cənubi Qafqaza geri dönməyi planlaşdırır. Gürcüstanda uzunmüddətdən bəri istədiyi mövqeyi quran Ağ Ev, analoji addımları Azərbaycan və Ermənistan üçün də atacaq. Artıq Ermənistanda Rusiya əleyhinə böyük kampaniya həyata keçirilir. Nikol Paşinyanın rəhbərliyi ilə ruslara bağlı hərbçi və siyasətçilərin sıradan çıxarılmasına start verilib. Bunun yekunda nə ilə nəticələnəcəyini demək çətindir. Amma bilinən odur ki, Rusiya artıq İrəvanı itirmək təhlükəsini hiss etməyə başlayıb.

Azərbaycana gəldikdə isə bizim ölkəmizdə də Rusiyaya qarşı münasibət birmənalı deyil. Böyük əksəriyyət rusların hərbi varlığına qarşıdır. Xüsusən Qarabağda sülhməramlı sifətində mövcud olmasına etiraz edir. Lakin Bakı ABŞ-ı ərazisinə buraxmaq fikrində də deyil. Bir tərəfdən, Rusiya çəkingənliyi, digər tərəfdən İran təhdidləri rəsmi Bakını çox ehtiyatlı olmağa vadar edir. Ancaq bu ehtiyatlılıq da uzun müddət davam edə bilməyəcək. Çünki zaman içində Qərbin də təzyiqləri artmağa başlayacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button