GündəmManşet

Adil Əliyev: “Ramiz Mehdiyev AMEA-nı ailə şirkətinin bazasına, qohum-əqrəba klubuna çevirib”

Parlamentin vitse-spikeri Adil Əliyev AMEA-nın və onun rəhbəri Ramiz Mehdiyev haqqında sərt fikirlər səsləndirib. JAMAZ.İNFO ovqat.az saytına istinadən xəbər verir ki, müsahibəsində vitse-spiker Mehdiyevi AMEA-a “ailə biznesi quran adam” olaraq təqdim edib.

O deyib ki, Şuşa Bəyannaməsində də Azərbaycanın müasir tələblərə cavab verən hərbi sənayə kompleksinin qurulması nəzərdə tutulur. Onun sözlərinə görə, prinsip etibarilə, Azərbaycan xalqı bu potesiala malik toplumdur. “Heç uzağa getməyək, II Dünya müharibəsində SSRİ-nin alman faşizmi üzərində qələbə qazanmasında Azərbaycanın elm xadimlərinin, xüsusilə Yusif Məmmədəliyevin məşhur kəşfləri mühüm rol oynamışdır. Onun tank əleyhinə yaratdığı kimyəvi kokteyl düşmən tanklarını əridib sıradan çıxarır, təyyarələr üçün hazırladığı yanacaq sovet hava qüvvələrini hərəkətə gətirirdi. Müharibədən sonra bir çox rus mütəxəssislər Yusif Məmmədəliyevin bu uğurlarını etiraf edərək deyirdilər: müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udduq. Məhz bu nailiyyətlərinə görə, Yusif Məmmədəliyev müharibədən dərhal sonra – 1945-ci ildə AMEA-nın prezidenti vəzifəsinə gətirilmişdi. Yəni indiki Ramiz Mehdiyevin yerinə. Müharibədən sonra onun raket yanacağını kəşfi nəticəsində SSRİ kosmosa çıxa bilmiş və dünya hegemoniyasında əsas rəqibi ABŞ-ı ən azı 15 il qabaqlamışdı. Qısası, SSRİ-nin həm II Dünya müharibəsində, həm də soyuq savaşda nailiyyətində Azərbaycan elm xadimlərinin misilsiz rolu var. Bu gün belə, o kəşflər hərb sənayesinin başlıca uğurlarından sayılır”.

O açıqlamasında bildirib ki, dünya elminin istiqamətini, qlobal müharibələrin taleyini dəyişən AMEA-nın indiki vəziyyəti ürək ağrıdıcıdır. “Yusif Məmmədəliyev kimi işıqlı akademikin yerində hazırda akademiyanı ailə şirkətinin bazasına, qohum-əqrəba, dost-aşna klubuna çevirən Ramiz Mehdiyev əyləşib. Səhv etmirəmsə, sizin saytdan oxudum, adını akademik qoyan bu adam həmin vəzifəyə təyin olunandan bəri 1 il 7 ay ərzində bir dəfə də olsun akademik tədbir keçirməyib. Bu müddət ərzində gördüyü iş savadlı akademikləri vəzifələrindən uzaqlaşdırıb yerlərinə elmlə əlaqəsi olmayan insanları gətirmək olub. Onun irəli çəkdiyi kadrların, demək olar ki, hamısının keçmişi isə qaranlıqdır. Bir çoxları məhz bu qara əməlləri nəticəsində işdən uzaqlaşdırılıblar. AMEA məhz bu adamın 1 il 7 aylıq xidməti sayəsində əsl akademiklərdən “təmizlənib”. Özü də tam qanunsuz şəkildə. Onlardan biri (Yəqin ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevi nəzərdə tutur –red.) bu yaxınlarda qanunsuz işdən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə hökmü ilə işə bərpa olunmuşdu. Kim Ramiz Mehdiyevin yerinə olsa, məhkəmənin bu qərarından sonra bir gün də o postda oturmaz, dərhal istefa verib nəvələri, nəticələri ilə vaxt keçirməyə gedərdi. Bu adam isə dəfələrlə ifşa olunmasına baxmayaraq, öz postundan dörd əlli yapışır və AMEA kimi elm mərkəzini şəxsi qara biznesinin ofisinə çevirir”.

Adil Əliyev daha sonra deyib ki, Azərbaycan prezidenti dəfələrlə elmə ayrılan vəsaitin tətbiqi elmlərin inkişafına sərf olunmasını tapşırıb. “Elə bu tapşırığın özü, siz dediyiniz kimi, hərbi sənaye kompleksinin və iqtisadi böyümənin inkişafına yönəlməsini tələb edir və Şuşa Bəyannaməsinin ruhunu əks etdirir. Və bir daha sübut edir ki, ölkəmizin inkişafı, xüsusilə də müasir hərbi sənaye komplekslərinin yaradılması Şuşa Bəyanatından əvvəl də Ali Baş Komandanın başlıca prioriteti olub. Təbii ki, ölkə başçısı öz hərbi və iqtisadi hədəflərinin bundan daha aydın deyə bilməzdi. AMEA prezidenti isə mənasız qurumalar yaradaraq və o qurumlara özünün yaxınlarını gətirərək, akademik büdcəni göyə sovurmaqla məşğuldur. Hesab edirəm ki, akademik büdcənin hansı sahələrə yönəldildiyini araşdırsanız, daha dəhşətli faktlar ortaya çıxararsınız. Prezident çıxışlarında dəfələrlə jurnalistləri özünün ən yaxın dostları və etibar etdiyi mənbələr adlandırıb. Siz də bu etimadı doğruldaraq, Azərbaycanın elmi potensialının necə məhv olunduğunu araşdırıb əsl həqiqətləri ortaya qoymalısınız. Qoy, Azərbaycan rəhbərliyi də, ictimaiyyəti də sizin vasitənizlə kimin kim olduğunu tam aydınlığı ilə görsün”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button