ManşetÖlkə içi

Ağdərədə yolu kəsən kimlərdir: ruslar, yoxsa ermənilər?

Bu günlərdə Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində yaşayan ermənilər daha bir təxribata yol veriblər. Belə ki, Kəlbəcər- Ağdərə yolu ilə Kəlbəcərə gedən Azərbaycana məxsus yük və hərbi avtomobillərin qarşısı mülki ermənilər tərəfindən kəsilib. Ağdərə ərazisində baş verən hadisəyə sülhməramlılar da heç bir müdaxilə etməyib. Nəticədə avtomobillər geriyə – Suqovuşana qayıtmalı olub.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Elman Məmmədov bildirib ki, bu, baş verən ilk hadisə deyil: “Azərbaycan ərazisində məskunlaşan Ermənistanın terrorçu, cinayətkar “Arsax” seperatçı qurumuna məxsus hərbçilər, polis, mülki əhali vaxtaşırı bizim avtomobillərimizin qabağını kəsir. Yoldan qaytarır, keçmələrinə icazə vermir və başqa problemlər yaradırlar”.

Depuatatın sözlərinə görə, bu təxribatları törədənlər ermənilər deyil: “Bunu bizim Azərbaycan ərazisində yerləşmiş Rusiya Federasiyasına məxsus adı “sülhməramlı” olan rus hərbçilər edir. Onlar sülhməramlılar deyil. Onlar sadəcə olaraq rus hərbçiləridir –  gəlib, yerləşiblər ərazimizdə və erməniməramlılıq edirlər. Bütün bu baş verənlərin təşkilatçısı onlardır”.

  1. Məmmədov bildirib ki, sülhməramlılar sətiraltı mesaj verirlər: “Bununla demək istəyirlər ki, “baxın, biz burada olmasaq, görün, nə olar! Sizin aranızda qan su yerinə axar. Burada stabilliyi, əmin-amanlığın hamısını yaradan bizik”.

Sülhməramlılar bizim ərazimizdə daimi qalmaq üçün belə cinayətkar əməllərə əl atırlar.

Bütün məsuliyyət tamamilə onlara məxsusdur. Necə ola bilər ki, rus sülhməramlıları orada ola-ola ermənilər oyun çıxarırlar? Ermənilər bizim maşın karvanımızın qabağını kəsir, sülhməramlılar da guya bunların qarşısını ala bilmir. Guya ermənilər bunlara tabe olmur. İlana zəhər verən kərtənkələdir. Əgər erməninin öhdəsindən gələ bilmirsənsə, mənim torpağımdan çıx. Mənim ordum gəlib, ermənin öhdəsindən gələcək”.

Hərbi ekspert Şair Ramaldanov isə düşünür ki, bu hərəkətlərə yol verənlər öyrədilmiş və vəziyyəti gərginləşdirməyə çalışan ermənilərdir: “Orada nə baş verirsə, hamısı idarə olunur. Ağdərə istiqamətində indiyə qədər belə hallar tez-tez baş verib. Oradan yüklərin daşınması Rusiya sülhməramlıları ilə razılıq əsasında həyata keçirilir. Mənə elə gəlir ki, bu məsələ hələ tam təsdiqlənməyib. Yük daşınması Rusiya sülhməramlıları ilə Azərbaycan dövləti arasında müəyyən bir razılıq əsasında olur. Hər tərəf öz üzərinə öhdəlik götürüb. Rusiya sülhməramlıları üzərinə ciddi öhdəliklər götürüb. Bununla bağlı vəzifələri yerinə yetirmirlərsə, burada, təbii ki, müəyyən proseslər gedəcək. Yaranmış vəziyyətlə bağlı hansısa qərar qəbul olunacaq”.

Ekspert bildirib ki, hazırda Azərbaycan dövlətinin güc strukturları bu ərazilərdə fəaliyyət göstərmir: “Bu ərazilər Rusiya sülhməramlılarının nəzarətindədir. De-yure bizim olsa da, de-fakto Azərbaycana məxsus deyil. Təəssüflər olsun ki, rus sülhməramlılarının nəzarətində olan bu ərazilərdən heç olmasa mülki məqsədlər üçün istifadə edə bilmirik. Düşünürəm ki, bu məsələ ciddi araşdırılmalıdır, aydınlıq gətirilməlidir. Sülhməramlılar infrastrukturun bərpası üçün yüklərin daşınmasına şərait yaratmalıdırlar. Ona görə ki, bu daşımalar ermənilərə heç bir təhlükə yaratmır. Hazırkı şərait Azərbaycanın maraqlarına ziddir. Bu şəraitə son qoymaq lazımdır!”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button