AraşdırmaManşet

Azərbaycan “Bayraktar”ları havada göründü: Sünikin kəndlərində təşviş başladı

Azərbaycan-Ermənistan sərhəddində mayın 12-dən etibarən yaşanan gərginlik artıq sona çatmaq üzrədir. JAMAZ.İNFO xəbər verir ki, 44 günlük müharibədən sonra sərhədlərimizi bərpa edən Ordumuz qanuni əsaslarla torpaqlarımızda hərbi postlar qururlar.

Belə ki, Ermənistanın iddia etdiyi, Sünik vilayətinin ərazisi olduğunu dediyi, əslində isə sənədli və sübutlu şəkildə Laçın rayonunun Qaragöl və digər əraziləri olan torpaqlarımızda ordumuzun görünməsi erməniləri ciddi narahat edib. Hətta baş verənlərdən qorxanların da sayı həddindən artıq çoxdur.

Lakin prosesi gərginləşdirən, dünya ölkələrinə yenə özünü “məzlum” kimi göstərməyə çalışan Ermənistanın bu dəfəki cəhdləri alınmır. Çünki Azərbaycan tərəfi Ermənistanın ərazisinə girmədiyini, həmin torpaqların ona məxsus olduğunu sübut edəcək yetərli qədər sənədə malikdir. Eelə bu səbəbdən də rəsmi Bakı bəyan edib ki, ermənilərin nə danışmasından asılı olmayaraq, Azərbaycan Dövlət Sərhədd Xidməti sərhədlərimizi bərpa edir və proses bundan da sonra davam edəcək.

Amma son iki gündür erməniləri qorxuya salan başqa bir hadisənin baş verdiyi iddia edilir. Əgər dünənə qədər Azərbaycan əsgərini öz sərhəddində görən ermənilər qorxularından kəndlərini, evlərini tərk etməyə başlamışdısa, bu dəfə 44 günlük müharibədən qalan qorxunu, yəni “Bayraktar TB2”nin stresini yaşayır. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan tərəfi son iki gündür Ermənistanla sərhəddə gecə və gündüz 3 dəfə Pilotsuz Uçan Aparatların uçuşlar təşkil etdiyini iddia edib. Onların iddiasına görə, “Bayraktar TB2” PUA-ları sərhəd boyu uçuşlar etməklə yanaşı, guya, Ermənistan ərazisinə də daxil olublar.

Ermənistanda yayımlanan Times.am saytı isə bir qədər də irəli gedərək, sərhəddə görünən “Bayraktar”ların erməni hərbi birləşmələrinin yerini təyin etdiyini və oraya zərbə endirəcəyi barədə yalan məlumat yayıb. Sayt yazır ki, havada PUA-ların görünməsindən sonra yaxınlıqda yerləşən erməni kəndlərinin əhalisi ciddi təşvişə düşüblər və qorxublar.

Qeyd edək ki, Azərbaycan tərəfi son günlər PUA-ların da iştirak etdiyi genişmiqyaslı hərbi təlimlər keçirir. Lakin Müdafiə Nazirliyi həmin təlimlər zamanı PUA-ların Ermənistan ərazisinə keçməsi və ya ona yaxın bir ərazidə uşuşlar təşkil etməsi barədə məlumatları təsdiqləmir.

P.S. Ermənilərin “Bayraktar” qorxusunun tarixi elə də uzaq deyil. 44 günlük müharibədə PUA-ların səsi gələn zaman siçan deşiyini satın alan erməni əsgərləri onun hansı gücə sahib olduğunu bilirlər. Elə indi, yəni Azərbaycan Ordusu qanuni sərhədlərimizi bərpa etmək üçün azacıq hərəkətə keçən kimi, ermənilərin qulağına yenidən “Bayraktar”ın səsi gəlməyə başlayıb. Qınamaq olmur, qorxu pis şeydir.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button