ManşetSiyasət

AZƏRBAYCAN MƏRKƏZİ ŞUŞA ŞƏHƏRİ OLAN QARABAĞ ADLI RAYON YARADIR?

44 günlük müharibədə məğlubiyyətə uğrayan Ermənistanda siyasi vəziyyət getdikcə daha da gərginləşir. Müxalifət davamlı olaraq aksiyalar keçirərək, hökumətin istefasını tələb etdiyi bir vaxtda, gündəmə gələn bir məsələ isə ortalığı daha da qarışdırıb.

JAMAZ.İNFO xəbər verir ki, ortalığı qarışdıran məsələni gündəmə gətirən isə Qarabağdakı separatçıların nümayəndəsi David Babayandır. Belə ki, o, Azərbaycanın Qarabağla bağlı planlarından xəbərdar olduğunu və bununla da bölgəyə xüsusi bir statusun verilməyəcəyini açıqlayıb.

Babayan bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağa hər hansı bir status vermək niyyətində deyil, əksinə, öz planını icra etməyə hazırlaşır. Onun sözlərinə görə, həmin plan Qarabağ adlı rayonun yaradılmasından ibarətdir. “Azərbaycan Qarabağın ərazisində eyni adlı inzibati-ərazi vahidi yaratmağa hazırlaşır. Həmin ərazinin mərkəzi isə Xankəndi yox, Şuşa şəhəri olacaq. Yəni, plana əsasən Qarabağ rayonu Şuşadan idarə olunacaq və tərkibinə Xankəndi, Xocalı, Ağdərə və Əsgəran şəhərləri daxil olacaq”.

Lakin separatçı Xocavəndin aqibətinin nə olacağı barədə heç bir bilgi verməyib. Güman ki, bu rayon da Xocavəndin tabeliyinə qəsəbə qismində veriləcək.

JAMAZ.İNFO qeyd edək ki, bu açıqlamadan sonra Ermənistanda ortalıq yenidən qarışıb. Müxalifət düşərgəsi və sosial şəbəkələrdə Paşinyan yenidən sərt formada tənqid olunmağa başlanılıb. Üstəlik, erməni tərəfi belə bir variantın mümkünlüyünün əleyhinə olduğunu bildirib. Və “Qarabağa status alınmayana qədər durmaq yoxdur, mübarizəyə davam” deyirlər.

Bildirək ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı hər hansı bir açıqlama verməyib. Rəsmi dairələrdən verilən açıqlamalardan məlum olan odur ki, Bakı ölkənin ərazi bütövlüyünün təmin edildiyini, Xankəndi, Ağdərə, Xocavənd və Əsgəranın da buraya daxil olduğunu bəyan edib. Həmçinin bildirib ki, yaxın gələcəkdə azərbaycanlıların öz yürdlarına köçürülməsinə start veriləcək.

Ermənilərdə belə bir məlumatın haradan olduğu və mənbəyi barədə heç bir bilgi yoxdur. Güman etmək olar ki, Ermənistan tərəfinə görüşlərdən birində Azərbaycanın konkret mövqeyi çatdırılıb və nəticədə, məsələ gündəmə gəlib. Həmçinin belə bir ehtimal da irəli sürmək olar ki, Ermənistan tərəfi artıq reallıqla barışmaq məcburiyyətində qalıb və ictimai rəyi hazırlamaq üçün bu tip məlumatları dövriyyəyə buraxır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button