GündəmManşet

“AZƏRENERJİ”NİN SABİQ SƏDRİ YAYLAQLARINI DA SATIŞA ÇIXARDI – 15 MİLYONA MANATA

Ötən günlərdə xəbər vermişdik ki, “Azərenerji” ASC-nin keçmiş sədri Etibar Pirverdiyev Quba və Qusar rayonlarındakı ümumi sahəsi 300 hektar olan alma bağlarını satışa çıxarıb. Bu barədə JAMAZ.İNFO-ya məlumat verən keçmiş sədrə yaxın mənbələr qeyd etmişdilər ki, Pirverdiyevin öz mülklərini və əmlakını satışa çıxarmasının konkret səbəbləri məlum deyil.
Onlar sözügedən şəxsin bütün biznesi və mülklərini sataraq, ölkəni tərk edə biləcəyini istisna etməyiblər.
Bu gün isə məlum olub ki, “Azərenerji”nin keçmiş rəhbəri Qusar, Quba və Şamaxı rayonlarındakı ərazisi min hektarlarla ölçülən yaylaqları da satışa çıxarıb. Mənbənin JAMAZ.İNFO-ya verdiyi məlumata görə, uzun illərdir Pirverdiyev tərəfindən zəbt edilmiş və yerli sakinlərin üzünə qapadılmış yaylaqlar artıq satışdadır. Məlumata görə, sözügedən rayonlarda heyvandarlıq təsərrüfatı ilə məşğul olanlar sözügedən yaylaqları almaq üçün vasitəçilərlə danışıqlara da başlayıblar.
Bu yaylaqların konkret olaraq, hansı qiymətə olmasına gəldikdə isə mənbələr ərazilərin qiymətli olduğunu və məbləğin də razılaşma əsasında müəyyən edildiyini vurğulayıblar. Onların iddiasına görə, bölgədə sabiq sədrin zəbt etdiyi yaylaqların ümumi sahəsinin 30 min hektara yaxın olduğu deyilir. Hər hektarın isə satış üçün nəzərdə tutulan start qiyməti 500 manat müəyyən edilib. Onlar bu rəqəmin dəyişə biləcəyini də istisna etmirlər. Bu da təxminən 15 milyon manat vəsait edir.
Qeyd edək ki, Etibar Pirverdiyev uzun illərdir Quba və Qusardakı yaylaqları ələ keçirib. Hətta bir neçə il bundan öncə yerli sahibkarlar narazılıq edərək, öz sürülərini yayda saxlamağa yer tapa bilmədiklərindən şikayətçi düşmüşdülər. Həmin vaxt Pirverdiyev şikayət edənlərə xəbərdarlıq etmişdi ki, əgər şikayətə davam edərlərsə, onların başına oyun açacaq. Bu məsələdən sonra əksəriyyət geri çəkilməli oldu. Qorxmayan bir neçə nəfər isə haqları uğrunda mübarizə aparmağa başlasa da, bizə bəlli olmayan səbəbdən sonradan müflis vəziyyətə düşdülər. Güman ki, onların müflis olmalarında Etibar Pirverdiyevin rolu olub.
Bildirək ki, keçmiş sədrin belə əl-ayağa düşməsi səbəbsiz deyil. Onun qorxuya düşərək, əmlakını satışa çıxarmasının əsas səbəbi kimi, son günlər keçmiş nazirlər və onlara yaxın şəxslərin həbs olunmasını, həmin şəxslərə korrupsiya və rüşvət maddələri ilə cinayət işinin açılması göstərilir. Elə buna görə də, Etibar Pirverdiyevin bundan qorxuya düşərək, ölkədən getmək istəyə biləcəyini mümkün sayırlar.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button