AraşdırmaManşet

Bakının planı nədir və ya Rusiya bizdən nə istəyir?

Bu gün II Qarabağ savaşının başlamasından bir il ötür. Müharibə başa çatıb və Azərbaycan torpaqlarının böyük hissəsini işğaldan azad edib. Bütün bunlara baxmayaraq, bəzi açıq qalan suallar var. Onlara konkret cavab çevrilmədiyindən cəmiyyətdə narahatlıq mövcuddur.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı durumun nə yerdə olduğu aydınlaşmayıb. Hərçənd rəsmi Bakı Qarabağ münaqişəsinin bitdiyini bəyan edir. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini bildirir. Narahatlığa səbəb olan başlıca amil ondan ibarətdir ki, hazırda Qarabağda qondarma “Artsax”ın “bayrağı” dalğalanır. Orada bir çox işlər görülür ki, Azərbaycan tərəfi həmin proseslərə müdaxilə etmir və ya edə bilmir.

Hərçənd az öncə Anım Günü ilə əlaqədar xalqa müraciət edən Prezident İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ adlı inzibati ərazi mövcud deyil. “Dağlıq Qarabağ adlı ölünü kim dirilmtək istəyirsə, öz ərazisində diriltsin, “Dağlıq Qarabağ” adlı qurum, respublika, cəmiyyət yaratsın, biz də onu tanıyarıq, amma Azərbaycanda yox”.

Dövlət başçısının bununla demək istədiyi odur ki, rəsmi Bakı ATƏT-in Minsk Qrupunun fəaliyyətini bərpa etməyə razılıq verməyəcək. Qarabağla bağlı hər hansı bir danışıq olmayacaq. Eyni zamanda, Qarabağda yaşayan ermənilərə hər hansı statusun verilməsini də kimsə gözləməsin.

O zaman sual meydana çıxır ki, Azərbaycan hansı formada Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə ölkə qanunlarını tətbiq edəcək və ya oraları öz ərazisi kimi idarə edəcək? Sual açıqdır. Cavabı üçün zaman lazım ola bilər. Hələ müharibə bitdikdən bir qədər sonra İlham Əliyev bildirmişdi ki, hazırda rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə sahiblənmək üçün vaxt lazımdır. Eyni zamanda, o, azərbaycanlıların Xocalıda yaşayacaqlarını da vurğulamışdı.

Aydın məsələdir ki, hakimiyyətin bununla bağlı hər hansı bir planı var. Lakin həmin planın detalıları məlum deyil. Həmçinin bu barədə ən kiçik ip ucları da mövcud deyil. İşin qəribə tərəfi odur ki, məsələnin bu qədər məxfi olması da anlaşılan deyil. Hərçənd Bakı hökuməti  bu tip məsələlərdə ictimaiyyətə açıq deyil, əldə olunan məlumatlar da daha çox özəl mənbələrə istinadladır ki, onların da bir çoxunun dəqiqlik səviyyəsi aşağıdır.

Hal hazırda Azərbaycanın apardığı siyasət gərginlik ocağının Qarabağdan çıxararaq, Ermənistanın daxilinə daşımaqdır. Zəngəzur dəhlizi, sərhəddə ordumuzun demarkasiya və delmitasiya işlərini həyata keçirməsi, Qafan-Gorus yolu üzərində nəzarətin gücləndirilməsi məsələləri bunun əsas elementidir. Üstəlik, rəsmi Bakının “Əgər Ermənistan torpaq iddiasına davam edərsə, Azərbaycan da analoji iddia ilə çıxış edəcək” bəyanatı zəmanətli sülh sazişinə məcbur etmək, daxildəki gərginliyi daha da artrırmağa hesablanıb.

Amma indiki məqamda bununla bağlı diqqət çəkən bir neçə başqa məqam da var. Ehtimallardan biri odur ki, Bakı bölgədəki əsas oyunçu olan Rusiya ilə tam razılıq əldə edə bilmir. Bunun üçün Ankaranın proseslərin içində olması da kifayət deyil. İşin görünən tərəfi isə ondan ibarətdir ki, bunun üçün Rusiya Azərbaycandan ciddi güzəştlər tələb edir. Bəs, Rusiya bizdən hansı güzəştləri qoparmaq istəyir?  

Rusiya istənilən halda Azərbaycan ərazisində özünün hərbi bazasının olmasını istəyir. Uzun illər İranla sərhəddimizi qorumaq üçün ciddi cəhdlə israr erən Kremlin, hazırda üç variantı mümkündür.

Birinci variant Ağdərə, Xocalı və Xocavəndi Azərbaycana təhvil verərək, Xankəndini əlində saxlamaq və orada sülhməramlı adı altında yerləşməkdir. Bunun üçün uzunmüddətli razılaşma əldə olunur və sənəd imzalanır. Son günlər baş verən proseslər də bunu demək üçün əsas yaradır. Belə ki, Ağdərə və Xocavənd istiqamətlərində qanunsuz erməni silahlıları poostlarından çıxarılır və onları rus sülhməramlıları əvəzləyir. Üstəlik, həmin proses Azərbaycan Ordusunun iştirakı ilə reallaşdırılır. Digər tərəfdən, qondarma “DQR”in “bayraqları”nın yığışdırılması məsələsi də diqqət çəkəndir.

İkinci variant, Rusiya 5 il ərazində Qarabağdan çəkilir, Azərbaycan və Ermənistan sərhəddini hər iki tərəfdən qorumaq prosesini həyata keçirir. Bu isə Azərbaycanda Rusiya hərbi bazasının yaradılması deməkdir. Rəsmi Bakının buna razılıq verəcəyi nəinki indadırıcı, mümkün deyil.

Üçüncü variant isə ondan ibarətdir ki, Rusiya Zəngəzur Dəhlizinin açılmasına dəstək verir, həmin dəhlizin Ermənistandan keçən hissəsinin təhlükəsizliyini öz üzərinə götürür. Paralel olaraq, Füzulidən-Ağbana qədər olacaq “dəhliz”i də qorumağı istəyəcək. Bu, İranla sərhəddin birbaşa Rusiyanın nəzarəti altına düşməsidir. Çünki həmin yolun Azərbaycandan keçən hissəsi başdan başa İranla sərhəddən keçir.  Buna da Bakının razılıq verməsi imkansızdır. Əgər belə bir niyyəti olsaydı, hələ 90-cı illərdə Moskvanın İran sərhəddi ilə bağlı təklifinə “hə” deyərdi.

Bütün bunlardan kənar Kremlin Bakıdan istəyəcəyi digər şeylər də var. Məsələn, böyük məbləğli silah alışı. Azərbaycan müharibədən sonra artıq bunun anonsunu verib və bildirib ki, Moskva ilə yeni silahların alınması istiqamətində danışıqlara başlayıb.

Xəzər dənizində birgə fəaliyyət, ora kənar qüvvələrin buraxılmaması barədə razılaşmanın əldə olunması. Hərçənd Bakı bu təklifə müsbət yanaşmır. Pakistan-Türkiyə-Azərbaycan birgə təlimlərinin keçirilməsi də bunun sübutlarından biridir.

Görünən və bilinən odur ki, Qarabağ məsələsi ətrafında gedən proseslər hələ bir xeyli vaxtımızı alacaq. Ən yaxşçı halda qarşıdakı iki ildə Rusiya ilə bu və ya digər şəkildə “siçan-pıişik” oyunun oynamaq məcburiyyətindəyik.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button