ManşetSiyasət

Bakıya gələn Zərifin qovluğunda nələr var?

Xəbər verildiyi kimi, bu gün İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Bakıya rəsmi səfərə gələcək. JAMAZ.İNFO bildirir ki, son 6 ay ərzində iki dəfə Azərbaycana səfər edən iranlı nazirin gəlişi səbəbsiz deyil.

Qeyd edək ki, Zərifin konkret hansı səbəbdən Bakıya gəlişi məlum deyil. Daha doğrusu, İran tərəfi bu barədə hər hansı bir açıqlama verməyib. Lakin hələ bir xeyli əvvəl Zərif bölgəyə səfər edərək, bir sıra danışıqlar aparmışdı. Həmin vaxt Bakı, İrəvan, Tbilisi, Ankara və Moskvada bir sıra görüşlər keçirən iranlı nazir bəzi təkliflərlə diqqəti çəkmişdi. Aydın məsələ idi ki, 44 günlük müharibədən sonra İran bölgədə yaranmış yeni vəziyyətin fərqindədir və bu prosesdə özünün yerini müəyyən etməyə çalışır. Hazırda İranın bölgədə maraqlı olduğu bir sıra məsələlər var. Onlardan biri ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləridir. Zəngəzur dəhlizi məsələsi gündəmə gəldikdən sonra Bəndə Abbas limanından Qara dənizə yeni nəqliyyat dəhlizi açmağı təkilf edən İran, hələlik bunun üçün ciddi nəticələr əldə etməyib. Ermənistan həmin dəhlizdə iştirak etməsini dilə gətirsə də, Tbilisi bu barədə düşünməyə üstünlük verir. Çünki Gürcüstan belə məsələlərdə təkbaşına qərar vermək gücündə deyil. Regional məsələlərdə onların Qərbdəki müttəfiqləri ilə məsləhətləşmələri lazımdır.

Nəzərə alaq ki, Zərifin indiyə qədər bölgə ilə bağlı dedikləri Qafqaz ölkələrinin paytaxtlarında heç də birmənalı qarşılanmır. Məsələn, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünü tanıdığını bildirən nazir, Qarabağ məsələsinin güc yolu ilə həllinin tərəfdarı olmadığını dilə gətirib. Bakı İranın ərazi bütövlüyü məsələsini dəstəkləs də, Qarabağda 44 günlük müharibə nəticəsində bölgədə durumun dəyişdiyini bildirir və ərazi bütövlüyünü təmin etmək üçün ermənilərin başqa yol qoymadıqlarını qeyd edir. Tbilisi isə Zərifin təklif etdiyi 3+3 formatına tamamilə başqa yanaşır. Rusiya, Türkiyə, İran + Azərbaycan, Gürcüstün, Ermənistan formatına Gürcüstanın yanaşası mənfidir. Buna səbəb də yuxarıda qeyd etdiyimiz kimi, AB və ABŞ kimi müttəfiqlərinin yanaşması ilə üst-üstə düşməməsidir. Çünki hər iki güc bölgədə baş verəcək dəyişikliklərə hazırlaşır və bununla bağlı “həyacan siqnalı” belə veriblər.

Qeyd edək ki, Zərifin səfərinin ardından Azərbaycana daha bir səfər gözlənilir. Bu dəfə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək. Rəsmi məlumatlara görə, səfər üzümüzə gələn həftə içində baş tutacaq. Bu səfərin məqsədi kimi, Qarabağda bərpa və yenidənqurma işlərinin planlaşdırılması və həyata keçirilməsi məsələlərinin müzakirəsi göstərilir. Lakin Ərdoğanın belə bir kiçik işdən ötürü Bakıya gələcəyi inandırıcı deyil. Şübhəsiz ki, daha ciddi məsələlərin müzakirə edilməsi üçün səfər reallaşdırılacaq. Xüsusən də, 3+3 formatının perspektivləri və reallaşdırılması məsələsi əsas müzakirə mövzusu olacaq.

Rus mediası yazır ki, təklif olunan və Anakara, Tehran və Kreml tərəfindən dəstəklənən 3+3 formatı ilkin mərhələ üçün nəzərdə tutulub. Hətta Gürcüstan bu prosesdən çıxsa belə, bu formatda heç nəyi dəyişməyəcək. Hədəf isə daha böyükdür. Belə ki, Rusiya Avrasiya İttifaqını təkcə keçmiş SSRİ respublikaları ilə məhdudlaşdırmaq istəmir. Bunun üçün əlavə formatlar yaradaraq, daha geniş bölgəni həmin ittifaqda təmsil etmək istəyir. Məsələn, 3+3 formatı Avrasiya İttifaqının bir platforması kimi çıxış etməli və gələcəkdə Yyaxın Şərqdən də bəzi ölkələrin bu ittifaqa cəlb edilməsi hədəflənir.

İstinad etdimiz medianın iddialarına inanarsaq, belə məlum olar ki, həmin ittifaqın böyüməsinə Ankara və Tehran razılıq verib. Azərbaycanın Avrasiya İttifaqına qoşulması zaman içində mümkün ola bilər, lakin bunun üçün Ankaranın da rəyi əsas götürüləcək. “Rudenkonun ötən gün Azərbaycanı KTMT-yə dəvət etməsi və qapıların açıq olduğunu deməsi, bu prosesin başlanğıcıdır. Həmin mərhələyə isə bir xeyli vaxt var. Bakı bölgədəki vəziyyəti tam analiz edib, üstəlik, Ermənistanla münasibətlərinə tam aydınlıq gətirdikdən sonra prosesin yeni mərhələsi başlayacaq”.

İranın XİN başçısı Məhəmməd Cavad Zərifin Bakıya gəlişi, həm də Tehranın yeni təkliflərindən xəbər verir. Həmin təkliflər də münaqişədən sonrakı dövrdə regionda baş verən proseslərin inkifaı ilə bağlıdır. Xüsusən də, müharibədən sonra bölgədə bir çox mətləblər aydınlaşıb və bir çox işlər də aydınlanmaq üzrədir. Ekspertlər hesab edirlər ki, Tehran hazırkı durumda öz yerini müəyyən etməklə yanaşı, həm də bölgəyə gələn Türkiyənin əsas rəqibi kimi çıxış etməkdə maraqlıdır. Lakin bu düşmənçilik səviyyəsində deyil, daha çox iqtisadi və geosiyasi proseslərdə daha çox pay almaq məqsədindən irəli gəlir. Ona görə də, İran Qafqazla bağlı artıq “müdafiədən hücuma” keçmək istəyir.

Xatırladaq ki, burada daha bir faktor var. Söhbət İranın şimalında yaşayan Azərbaycan türklərindən gedir. Bu faktor İranın bölgədə daha aktiv oyunlar oynamasına dəstək verən amildir. Eyni zamanda, onun “tormuzlayıcı” faktordur. Bunun üçün isə Tehran qonşu ölkələrlə münasibətlərini daha yaxşı qurmalı, əlaqələri ən üst səviyyəyə gətirmək məcburiyyətindədir. Əks təqdirdə, Güney məsələsi İran üçün ciddi başağrısına çevriləcək. Ona görə də, Zərif Bakı və İrəvana gəlişi zamanı Bakı və Ermənistanla məhz sözügedən faktordan çıxış edəcək. Məqsədi isə bölgədə baş verən geosiyasi proseslərdə yer alsın və gündəmi müəyyən etməyə çalışsın.

Bakı buna icazə verəcəkmi?

Fərda Uğur 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button