AraşdırmaManşet

Cəbrayıl Xanlarov Prezidentin göstərişi ilə sökülən villasına necə “kupça” aldı?

Hələ 2015-ci ildə qalmaqala səbəb olan bir hadisə baş vermişdi. Bakı kəndlərinin birində, yol kənarında inşa edilmiş nəhəng villanın söküntüsü həyata keçirilirdi. JAMAZ.İNFO xəbər verir ki, həmin dönəmdə olduqca böyük tikilinin niyə söküldüyü müəmma olaraq qalmışdı. Amma çox keçmədi ki, məsələnin üstü açıldı.

Məlum oldu ki, məlum və məşhur villa 2010-cu ildə inşa edilib və sahibi Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur. FHN-də kifayət qədər nüfuzlu, habelə imkanlı rəis hesab olunan Xanlarovun həmin villanın inşası və təmirində milyonlarla manat xərclədiyi də sirr deyildi. Bunu həmin vaxt yayılmış fotolardan da aydın görmək olardı.

İşin maraqlı tərəflərindən biri odur ki, həmin vaxt villanın söküntüsü barədə göstərişi məhz Prezident İlham Əliyev vermişdi. JAMAZ.İNFO xəbər verir ki, Xanlarovun villasını sökmək üçün onlarla texnika cəlb edilsə də, mütəxəssislər məcburiyyət qarşısında qalıb binanın bəzi hissələrini dinamitlə partlatmalı olmuşdular.

Qeyd edək ki, bu hadisədən, yəni 2015-ci ildən sonra həmin villa barədə məlumatlar ara-sıra görünməyə başlasa da, elə əhəmiyyət kəsb etmirdi. Və bir çoxları da əmin idi ki, prezidentin göstərişi ilə sökülən villanı heç kim cürət edib yenidən inşa edə bilməz. Amma həmin bir çoxları bu günlərdə yanılıblar. Sən demə, Cəbrayıl Xanlarov nəinki villanı inşa etdirib, hətta onu dövlət reysterində qeydiyyata da aldırıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə tanınmış jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Məlumatda deyilir ki, Xanlarov burada bir “uzaqgörən gediş” edib. O “gediş” də həmin villanı öz adından çıxararaq, həyat yoldaşı Ləman Xxanlarovanın adına keçirməkdən ibarətdir.

Bildirək ki, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov həmin nazirlikdə kiçik fiqur hesab olunmur. Əksinə, olduqca geniş çevrəli və imkanlı biri kimi qəbul edilir. Həmçinin onun FHN şefi Kəmaləddin Heydərovun ən yaxın və simsar adamı olduğu da deyilir. Hər halda prezidentin göstərişinə məhəl qoymayıb, belə bir iş tutan adam, ya olduqca güclü biri olmalıdır, ya da şir ürəyi yeməlidir.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button