AraşdırmaManşet

“Carnegie Moscow Center”: “Rus sülhməramlıları erməni silahlılarının Xankəndiyə gəlməsinə göz yumurlar”

Rusiyda fəaliyyət göstərən “Carnegie Moscow Center” Qarabağ məsələsi, xüsusən də Qarabağdakı rus sülhməramlıları, bölgədə baş verən proseslər, habelə Rusiya və Qərbin məsələyə yanaşmaları ilə bağlı maraqlı təhlillə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, “Sülhməramlılar kimin tərəfindədir” yarımbağlıqla verilmiş təhlildə bir sıra nüanslara toxunulur.

Fondun təhlilində deyilir ki, Qarabağda yerləşmiş rus sülhməramlılarının fəaliyyəti elə ilk aylardan etibarən, həm Azərbaycan, həm də Ermənistanda narazılıqla qarşılanmağa başlayıb. “Ermənilər ona görə narazırıdılar ki, ruslar de-fakto Qarabağın giriş qapısını nəzarətə götürüblər və ora heç kimi buraxmırlar. Hətta qondarma “DQR”in nümayəndələri belə istədikləri vaxt giriş-çıxış edə bilməzlər. Üstlik, xarici jurnalistlər üçün də Qarabağa səfər etmək asan məsələ deyil”.

Fondun təhlilində vurğulanır ki, bütün bunların fonunda erməniləri əsas narahat edən məsələ erməni diasporunun nümayəndələrinin Xankəndinə buraxılmamasıdır. “Rus sülhməramlıları Qərb ölkələrinin pasportu ilə gələnlərə şübhəli yanaşırlar. Erməni cəmiyyətinə isə bu elə gəlir ki, sanki Bakı və Moskva anlaşaraq, belə qadağalar qoyublar. Xüsusən də, Azərbaycanın rəhbəri İlham Əliyevin Rusiya tərəfinə müraciət edərək, erməni rəsmilərinin Xankəndinə buraxılması barədə irad bildirməsi İrəvanda anlaşma məsələsində şübhələri daha da artırıb”.

“Carnegie Moscow Center”in məqaləsində qeyd edilir ki, bütün bunlara rəğmən, rus sülhməramlılarının ermənilərə etdiyi jestlər də az deyil. Buna misal kimi isə erməni silahlı dəstələrinin Qarabağ ərazisinə buraxılması göstərilir. “Ermənilərin Moskvaya təşəkkür edəcək məsələlər də az deyil. Məsələn, Bakının narazılığına baxmayaraq, üstəlik,  10 noyabr anlaşmasında qeyd olunduğu kimi, erməni silahlır birləşmələrini Qarabağdan çıxarmağa məsul olan rus sülhməramlısı, bunun əksinə edərək, oraya silahlı ermənilərin gəlməsinə şərait yaradır. Üstəlik, Qarabağdakı erməni silahlı dəstələrini oradan çıxarmalı olduğu halda, həmin qüvvələrin fəaliyyətinə göz yumur və buna əhəmiyyət vermir”.

Fondun analitikləri qeyd edirlər ki, Ermənistanı hazırda maraqlandıran bir başqa məsələ daha var. Həmin məsələ ilə Azərbaycanın israr etdiyi Bakı-Naxçıvan dəmir yolunun açılmasıdır. “Carnegie Moscow Center”in nümayəndələri bildirirlər ki, İrəvanın istəyi isə Qars-Gümrü-İcevan-Qazax dəmiryolu xəttinin açılmasıdır.

Sözügedən təşkilatın qənaəti budur ki, ermənilərin təklifi Rusiyanın maraqlarına cavab verir. Təkcə, iqtisadi anlamda deyil, həmçinin Ermənistanın daxilində güclənməsini şərtləndirmək üçün alternativ variantın olması Kremlin işinə yarayır. “Rusiya həm Paşinyanla danışıqlar aparır, həm də Koçaryanla telefonla danışır. Gedişat fonunda Kremlin kimi dəstəkləyəcəyi də maraqlıdır. Düzdür, Koçaryan hakimiyyətə gələrsə, onu ciddi və həlli müşkül olan xeyli problemlər gözləyir. Və bu onun Azərbaycana qarşı “qartal” imicini sıfra endirə bilər. Çünki Rusiya Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, indiki məqamda onun Azərbaycana qarşı çıxmasını hələlik istəmir. Əksinə, münasibətləri normallaşdırmasını istəyir. Koçaryan bu kriteriyalara uyğun bir namizəd olmaya da bilər. Paşinyan da müəyyən qədər şərtlərə cavab vermir. Amma alternativ kimi, pis namizəd hesab olunmur”.

“Carnegie Moscow Center”in analitikləri hesab edirlər ki, Qərbin də məsələyə münasibəti birmənalı deyil və onların da prosüsdə maraqları var. “Lakin bu maraqlar elə də prinsipial deyil. Həm Bakı, həm də İrəvan artıq Qərb dövlətlərinə müraciət edərək, üzləşdikləri problemlər barədə danışıblar. Ancaq bütün bunlara rəğmən, Qərbdə Qarabağdan erməni qoşunlarının çıxarılması və Bakının erməni əsirləri geri verməsini tənzimləyəcək hər hansı bir aydın yanaşma yoxdur”.

Fond sonda qeyd edir ki, hazırda Azərbaycan, Rusiya və Ermənistan üçbucağı Qarabağ məsələsində “ilişib qalıblar”. “Ermənistanda keçiriləcək seçkilərin nəticəsi bölgədə yeni müttəfiqlərin və ya yeni amansız düşmənin meydana gəlməsinə səbəb ola bilər. Bu zaman Rusiyanın tutacağı mövqedən çox şey asılıdır. Qərbin də atacağı addımların prosesə təsir edəcəyi gözləniləndir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button