ManşetSosial

CNN Türk Türkiyədə müalicə alan Qazilərimizdən reportaj hazırladı

Türkiyənin tanınmış CNN telekanalı hazırda qardaş ölkədə müalicə alan Azərbaycan Qaziləri ilə bağlı maraqlı reportaj hazırlayıb. JAMAZ.İNFO xəbər verir ki, “Ən böyük arzum  ayağa qalxıb, Qarabağa getməkdir” başlığı ilə verilən reportajda müxbir Kaan Temeltaş Qazilərimizin durumunu aydınladıb.

Qarabağ müharibəsində Qazi olan əsgərlərimizdən biri 22 yaşlı Əfsər Ataxanlı deyir ki, ən böyük arzularından birinin Azərbaycanın işal altında olmuş torpaqlar uğrunda döyüşlərdə iştirak etmək olub. Hətta 11 aylıq körpəsini belə ailəsinə əmanət edərək, döyüşlərə qatılıb. O, döyüşlərdən birində ağır yaralanıb. “Torpaqlarımız 30 ildi düşmən işğalı altındaydı. Onun üçün gedib, döyüşdük. Döyüşlərdən birində mühasirəyə düşdük. Bir tərəfdən minaatanla, digər tərəfdən də digər silahlarla vururdular. Boynumdan güllə yarası aldım”.

Qazi Ataxanlı deyib ki, aldığı yaranın ağır olmasına rəğmən, şans hesabına həyatda qala bilib. Hazırda Türkiyədə müalicə alan Qazimizin son durumu ilə bağlı onun həkimi İbrahim Xəlil Ural məlumat verib. “Əfsər bizin xəstəxanaya gətiriləndə onun ömürlük şikəst qalacağı diaqnozu qoyulmuşdu. Həm yarasını, həm də sistemli müalicəsinə başladıq. Robot Reblitasiya maşını vasitəsi ilə beyninə təkrar hərəkət etmək siqnalları verilir. Addım atmasını təmin etmək üçün məsafəli siqnallar göndərilir. Hazırda reablitasiya prosesi davam edir”.

Əfsər Ataxanlı deyib ki, artıq cihazlar vasitəsi ilə ilk addımlarını atmağa başlayıb. Lakin onun ən böyük arzusu əvvəlki kimi yardım almadan, hərəkət etməkdir.

CNN Türk Qarabağ Müharibəsində yaralanan digər Azərbaycan Qazisi Vahid İmanlı ilə də reportaj hazırlayıb. 22 yaşlı Vahid döyüşlərə könüllü qatılıb, yaralandıqdan sonra iflic olub. Onun da həkimi İbrahim Xəlil Uraldır. Həkimi deyir ki, hərkət etmədiyinə görə, bədənində yaralar əmələ gəlib. “Həm yaralarını sağaldır, həm də əzələlərini gücləndirməklə hərəkət etməsini təmin etməyə çalışırıq. Əvvəlcə, kürsüdə oturmağı, daha sonra ayağa qaldırmağı, ən sonda isə hərəkət etməsinə çalışacağıq”.

Vahid İmanlı isə deyir ki, müalicə müddəti boyunca bibisi onu tək qoymayıb. “Ən böyük arzum yenidən ayağa qalxıb, Qarabağa, Şuşaya getmək istəyirəm”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button