ManşetSiyasət

Deputatın polisi döyməsi təsdiqləndi: Polis araşdırma aparır, Milli Məclis isə məsələni müzakirəyə çıxaracaq

İyulun 29-da Xaçmaz rayonunda deputat olan Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib. Qaynarinfo-nun məlumatına görə, DİN Mətbuat xidmətindən bildirib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb: “Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib”.

“Artıq Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktını təsdiqləyib. Bu o deməkdir ki, ortada qanun pozuntusu var”. Bunu isə “Report”a açıqlamasında Milli Məclisin İntizam komissiyası sədrinin müavini, deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, deputat Eldəniz Səlimov tərəfindən qanun pozuntusuna yol verildiyinə görə məsələ İntizam komissiyasının gündəliyinə salınacaq və müzakirə olunacaq.

Xatırladaq ki, məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

JAMAZ.İNFO xəbər verir ki, jurnalist Cəmil Məmmədli isə məsələ ilə bağlı araşdırma apararaq, hadisənin Nabran qəsəbəsində deyil, Xaçmaz rayonu, Bakı prospektində yerləşən “Starıy Dvor” kafesində baş verdiyini bildirib. O deyib ki, hadisə gecə saatlarında baş verib.

Belə ki, Eldəniz Səlimov bacısı oğlunun işlədiyi “Starıy Dvor” kafesinə gələrək, orada dava salıb. Hadisənin təfsilatı belədir ki, hələ 20 gün əvvəl Xaçmaz Polis Şöbəsinin əməkdaşları kafeyə gələrək, onlara gecə saat 00:00-dan sonra işləməməsi üçün xəbərdarlıq edib. Həmin müddətdən sonra kafenin işləməsinin qanun pozuntusu olduğunu izah edib.

Həmin xəbərdarlıqdan 20 gün sonra  kafeyə gələn deputat polis əməkdaşı Zaur Mirzəyevi yanına çağırıb, qolunu onun boynuna salaraq, söhbət edib, lakin qəfildən ona yumruqla zərbə endirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button