GündəmManşet

Dilqəm və Şahbaz Vətənə gətirildi

Azərbaycanlı əsirlər və erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətiriliblər. Bu barədə JAMAZ.İNFO-ya Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Həmçinin müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayaraq Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla tərəfimizdən fasiləsiz olaraq danışıqlar aparılmış və bütün mümkün başqa tədbirlər həyata keçirilmişdir.
Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunmuş və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılmışdır. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.
Azərbaycan tərəfi bundan sonra da humanizm prinsiplərini rəhbər tutaraq əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəkdir.
**
“6 il əvvəl də demişdim ki, atam Dilqəm Əsgərovu erməni girovluğundan azad edə biləcək yeganə şəxs Ali baş Komandanımız İlham Əliyevdir. Bu gün də bu, sübut olundu”. Bu sözləri  APA-ya Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O, prezidentə minnətdarlığını bildirib: “Bu günü ailəmizə yaşatdığı üçün Prezidentimiz çox sağ olsun. İndi ən böyük arzum, onunla görüşüb, atamı erməni girovluğundan azad etdiyi üçün əlini sıxıb, üz-üzə təşəkkür etməkdir. Yaşasın Ali Baş Komandanımız”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button