DünyaManşet

Erməni müxalifəti nəyin təlaşını keçirir?

Ermənilər son zamanlar Qarabağ ətrafında baş verən hadisələrdən ciddi təlaş keçirirlər. Daha doğrusu, “Qarabağ klanı” illərdir onlar üçün həm siyasi, həm də iqtisadi qazanc yeri olan “artsax” biznesindən məhrum olacaqlarının qorxusunu yaşayırlar.

JAMAZ.İNFO xəbər verir ki, hal hazırda Ermənistan müxalifəti hər vəchlə çalışır ki, Bakı ilə İrəvan arasında hər hansı danışıq baş tutmasın. Bunun üçün aksiyaların keçirilməsi, Qarabağdakı separatçıların əski parçasının bütün şəhərlərdə qaldırılması, habelə Qarabağa səfər cəhdləri artıq gündəmin əsas müzakirə mövzularındandır. Amma erməni müxalifətinin Rusiyadan aldıqları dəstəyə rəğmən lazımi nəticə vermədiyi də göz qabağındadır.

Qeyd edək ki, Ermənistanın siyasi elitasında təmsil olunan deputat və politoloqlar əvvəlcə Qarabağdakı separatçılar üçün təhlükə yarandığını bildirirdilərsə, bir neçə gündür ritorikanı dəyişərək analoji olayların Ermənistanı da gözlədiyi barədə təbliğat aparırlar. Hətta bəziləri bir qədər də irəli gedərək, Azərbaycanın Ermənistana hücum edəcəyini, hətta İrəvanı belə tutacağını bəyan edir.

Ermənistan parlamentinin üzvü Tiqran Abramyan özünün Facebook hesabında yazır ki, Avrasiya regionunda Rusiya-Ukrayna böhranının qaçılmaz olaraq yeni təhlükələrə gətirib çıxaracağı faktı hərbi əməliyyatların lap əvvəlində nəzərə çarpırdı. Onun sözlərinə görə, Rusiyaya qarşı beynəlxalq qarşıdurma təkcə sanksiyalar, Ukraynaya tədarük edilən külli miqdarda silah, maliyyə dəstəyi ilə məhdudlaşmayacaq. “Rusiya ətrafında, onun ənənəvi təsir dairələrində yeni “qaynar nöqtələr” yaratmaq və mövcud olanları alovlandırmaq üçün hər cür səy göstərilir. Bu, şübhəsiz ki, Rusiyaya qarşı istifadə olunacaq zərbə vasitələrindən biridir”.

Abramyanın iddiasına görə, Ermənistan və Qarabağın əsas problemi ondan ibarətdir ki, bu hərəkətlər nəticəsində ermənilər Rusiyanın qalan hissəsini təlim poliqonuna çevirmirlər. “Bunun ehtimalı xüsusilə son vaxtlar kəskin şəkildə artıb.Bütün bunların fonunda Ermənistan hakimiyyətinin bəyanatları, davranışları və siyasəti nəinki təsvir etdiyim hadisələrin qarşısını almağa imkan yaratmır, həm də yeni eskalasiya üçün münbit zəmin hazırlayır. Bir tərəfdən Paşinyan müharibə təhlükəsi elan edir, digər tərəfdən isə hakim parlament fraksiyası biabırçı davranışlar nümayiş etdirir”.

Erməni deputat iddia edir ki, yeni müharibə təkcə Qarabağla məhdudlaşmayacaq. “Üstəlik, müharibənin bu raundunun Ermənistana keçməsi ehtimalı daha yüksəkdir. Onun təzahürləri artıq kiçik miqyasda bu istiqamətdə genişlənib. Qeqarkunik, Vayots Dzor, xüsusilə Syunikdə. Bu hakimiyyət öz zəifliyi və davranışı ilə müharibəni ancaq yaxınlaşdırır”.

Məsələ odur ki, Ermənistanda təkcə müxalif deputatlar deyil, neytral mövqedə olanlar da bir növ müxalifətin təbliğatının əsirinə çevirilblər. Onlar da sanki Kremldən gələn təlimata uyğun hərəkət edərək, “faciə sennariləri” qururlar. Məsələn, türkoloq Varujan Qeqamyan kimi. O deyir ki, erməni deputatların Qarabağa buraxılmaması prosesin ilkin mərhələsidir. “Qarabağ gözümüzün qabağında təhvil verilir. Əgər Paşinyan hakimiyyəti istefa verməsə, Qarabağ və Süunikin təhvil verilməsi çox yaxın gələcəyin məsələsidir”.

Erməni politoloq Stepan Danielyan isə bir qədər də irəli gedərək, hadisələrdə Qərbin əlinin olduğunu sayıqlayıb. O, hətta prosesləri Orta Asiyaya qədər “daşıyıb”. O bildirir ki, Qərb Rusiya sülhməramlılarının növbəti mərhələdə Cənubi Qafqazdan çıxarmasına ehtiyacı var. Ardından isə Türkiyə vasitəsilə Orta Asiyaya qədər geniş bir məkanı nəzarətinə alsın. “Nə Rusiya, nə də İran buna imkan verməyəcək. Bunu Qərbdə yaxşı başa düşür. Nəticədə Qafqaz “Yeni Ukrayna”, Ermənistan isə “Yeni Mariupol” (Azərbaycan da daxil olmaqla) olmaq yolundadır”.

Danelyan iddia edir ki, bu, Qərb üçün arzu olunan ssenaridir. “Rusiya, Türkiyə və İranın iştirakı ilə böyük müharibə təşkil edib Türkiyəni yenidən öz təsiri altına almaq, Rusiya ilə İranı qanlı savaşa soxmaqdır. İngiltərə Türkiyəni bəzi hərbi texnologiyaların sanksiyalarından azad etdi, yəni silahlanmağa başladılar”.

Erməni politoloqun sözlərinə görə, Brüssel Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hazırlamırdı. “Əksinə, böyük müharibəni qızışdırırdı. Analoji müharibə Ukraynada da oxşar texnologiyalarla aparılıb. Qərbin məqsədi aydın və təbiidir, böyük maraqlar var. Ermənistan hakimiyyətinin və erməni müxalifətinin (parlament və küçə) vəziyyəti daha da gərginləşdirən və bütün bunlara töhfə verən addımları başa düşülən deyil”.

P.S. Ermənilərin bu qədər təlaş keçirməsi başa düşüləndir. Uzun illərdən bəri özləri üçün qurduqları mif artıq dağılıb. Zaman içində bu mifin təməlləri də dağılır. Bu böyük bir klanın böyük gəlirlər itirməsi, siyasi arenadan getməsidir. Bu gün bir sıra kampaniyaların təşkili, aksiyaların keçirilməsi də həmin itkilərin qarşısını almaq məqsədi daşıyır. Koçaryan, Sarkisyan, Manukyan və digərləri həqiqətən də erməni xalqını düşünən idilərsə, o zaman hakimiyyətdə olduqları dövrlərdə niyə həmin xalqı ac-yalavac, bədbəxt gündə yaşadırdılar? Əgər onlar həqiqətən də erməni xalqına ürəkləri yanırdısa, niyə mənasız, heç bir əhəmiyyəti olmayan, əksinə Ermənistanı uzun illər blokada şəraitində saxlayan müharibəyə, azərbaycanlıların kütələvi qətlinə rəvac vermişdilər? Aydın məsələdir ki, istər erməni müxalifəti, istərsə də Paşinyan hökuməti maksimum dərəcədə çalışır ki, əllərində olanları qoruyub saxlasın. Bu prosesdə Paşinyanın itirəcəyi böyük bir şey yoxdur, bu ən pis halda hakimiyyətinin əldən çıxması ola bilər. Amma Koçaryan, Sarkisyan və digər yanların isə itirdikləri həm maddi, həm də siyasi imkanlardır ki, bu da onları siyasi arenadan tamamilə silə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button