ManşetSiyasət

Ermənistan Qarabağdan imtina edir? – iki başlı oyunun rus tərəfi

Ermənistan hakimiyyəti Azərbaycanla danışıqlar məsələsində yeni bir taktika seçib. Bu ilk baxışdan ümidverici görünsə də, əslində, onların növbəti hiylələrindən xəbər verir. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlaması da təsdiq edir ki, bir tərəfdən vaxt udmağa çalışan İrəvan, digər tərəfdən də Qqarabağ məsələsindən əl çəkmiş kimi görünməklə, topu ruslara atmağa çalışır.

İlk olaraq Qriqoryanın açıqlamasına diqqət yetirək. O deyir ki, İrəvan Qarabağ məsələsinin Ermənistan-Azərbaycan münasibətlərindən ayrılması variantını fəal müzakirə etməli və necə irəliləyəcəklərini qərara almalıdırlar. Eyni zamanda o, Qarabağ məsələsinin yekun həlli olmadan Azərbaycanla sülh sazişinin imzalanması ideyasının olduğunu da vurğulayıb. “Ancaq indiki məqamda hər hansı belə bir qətnamə haqqında danışmaq tezdir. Qarabağ ermənilərinin təhlükəsizlik təminatlarına gəlincə, beynəlxalq təminat var, o da Rusiya Federasiyasının sülhməramlı qoşunlarının olmasıdır. Biz həmin zəmanətin daha da təkmilləşdirilməsi üzərində işləməliyik. Lakin Qarabağ probleminin demilitarizasiyası mühüm ideyadır”.

Armen Qriqoryan jurnalistin “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdırmı?” sualına cavab olaraq deyib: “Bütövlükdə, düşünürəm ki, biz o istiqamətdə gedirik”.

Onun sözlərinə görə, sülh gündəliyinin kulminasiya nöqtəsi təbii ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. “Bilirsiniz ki, Azərbaycan bununla bağlı beş bənd təqdim edib və Ermənistan Respublikası bəyan edib ki, onlarda qəbuledilməz heç nə yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ən azı bizim qanunvericiliyimizə daxil olduğuna görə bunu tanıyırıq. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur”.

İlk baxışdan Qriqoryanın açıqlaması Azərbaycan maraqları ilə üst-üstə düşür. Ermənistan hakimiyyətinin vacib simalarından biri açıq şəkildə bəyan edir ki, Azərbaycana ərazi iddiaları yoxdur, 5 bəndi qəbul edirlər, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və sairə. Qarabağ məsələsinə gəlincə, oradakı ermənilərin “statusu” olmadan da sülh sazişi imzalamağa hazır olduqlarını deyirlər. Lakin məsələ belə qoyulur ki, Azərbaycanla münasibətlərdə Qarabağ məsələsi ayrı saxlanılır.

Bura kimi hər şeyin qaydasında olduğu görünür. Lakin erməni tərəfinin əslində Qarabağdan imtina etmədiyi açıq tekstlə deyilir. Amma orada yaşayan ermənilərə status almaq məsələsində də əsas tərəf kimi çıxış etmək fikrində deyil. İrəvanın əsas məqsədi Qarabağ məsələsini Azərbaycanla Rusiyanın öz aralarında həll etməli məsələ şəklinə salmaqdır. Bu olduqca təhlükəli tendensiyadır. Çünki əgər Qarabağ məsələsindən Ermənistan çəkilib, öz yerini Rusiyaya verərsə, o zaman danışıqları bir İrəvanla deyil, Moskva ilə aparmaq məcburiyyətində qalacağıq. Və Rusiya Ermənistan deyil ki, ona hədə-qorxu gəlmək və ya onunla hərbi dildə danışmaq mümkün olsun. Hər nə qədər Ukraynada acınacaqlı duruma düşsə də, Rusiya Azərbaycanla savaşa biləcək gücdədir.

Belə olan təqdirdə, Rusiyanın Qarabağı əldən verməmək üçün hansı oyunlardan çıxacağı da hər kəsə məlum olan məsələdir. Bu da o deməkdir ki, Qarabağ məsələsi uzun-uzun illər həll olunmamış qalmaqla yanaşı, həm də Rusiyanın Azərbaycana təzyiq vasitəsi kimi istifadə ediləcək. Beləliklə də, Ermənistanın da maraqları təmin olunur. Çünki Qarabağ məsələsi açıq qaldıqca, Ermənistan üçün də bəhanə yeri olur. Sabah əlinə fürsət düşdükdə, yəni, gücləndikdə, yeni müttəfiq tapdıqda və ya əlverişli şərait yarandıqda, Qarabağ kartından yararlanıb, Azərbaycana qarşı istifadə edəcək. Bu zaman rusların da onlara yardım edəcəyi şübhəsizdir.

Aydın məsələdir ki, Azərbaycan Qarabağ məsələsinin birdəfəlik həllinə çalışır. Bunun üçün Ermənistandan zəruri olan təminatları almağa çalışır. Lakin Bakı heç bir halda Qarabağ məsələsini Rusiya ilə müzakirə etmək prosesini arzulamır. Çünki bunun nə demək olduğunu və hansı təhlükələrə gətirib çıxaracağından xəbərdardır. Ona görə də, Azərbaycanın bu prosesdə hansı yolu tutacağı, hansı taktikadan istifadə edəcəyi bəlli deyil.

Fərda Uğur

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button