GündəmManşet

“Hazırda Ermənistanın Qarabağa muxtariyyət alması möcüzə olardı”

Ermənistanla Azərbaycan arasında sülhə dair danışıqlar yeni mərhələyə qədəm qoyub. Vəziyyət belədir ki, Brüssel görüşündən sonra artıq tərəflər vasitəçilərsiz telefon müzakirələri belə aparırlar.

JAMAZ.İNFO bildirir ki, Rusiya Brüssel görüşündən acıqlı olsa da, indiki şəraitdə məsələyə aktiv müdaxilə edə bilmir. Xarici işlər naziri Lavrovun verdiyi açıqlamalar da onu göstərir ki, Kreml sadəcə, danışır, amma əməli iş görmək üçün nə həvəsi var, nə də imkanı.

Elə Ermənistanın baş naziri Nikol Paşinyanın da ötən gün hökumətin hesabat yığıncağında səsləndirdiyi fikirlər onu göstərir ki, artıq İrəvan Qarabağ məsələsindən əlini üzüb. Məsələn, Paşinyan deyir ki, beynəlxalq ictimaiyyət onlardan Azərbaycanın ərazi bütövlüyünü tanımaqlarını tələb edir. Onun sözlərinə görə, həmin qüvvələr Qarabağla bağlı İrəvanın tələblərini ən minimuma endirməlidirlər. Əks təqdirdə, ona heç bir köməklik göstərilməyəcək.

Ermənistandakı müxalifət isə Qarabağ məsələsini gündəmdə saxlamaq, bir qədər də Rusiyanın oyununu oynamaq üçün müxtəlif kampaniyalar təşkil edir, Xankəndinə səfər etməyə cəhd göstərir. Lakin bu cəhdlərinin heç biri danışıqların nə mövzusunu, nə də yönünü dəyişdirmək gücündə deyil.

Ermənistanda fəaliyyət göstərən “Demokratik Alternativ” Partiyasının sədri Suren Suenyans isə o fikridədir ki, ölkəsi Qarabağ məsələsindən hər hansı uduş əldə edə bilməyəcək. JAMAZ.İNFO xəbər verir ki, o, mətbuata açıqlamasında Ermənistanın iki yolunun qaldığını bildirib.

Surenyans qeyd edir ki, 44 günlük Vətən Müharibəsindən sonra Qarabağın “müstəqilliyi”nin tanınması mümkün deyil. O, bu imkanın müharibə vaxtı əldən verildiyini vurğulayıb. “Artıq gündəmdə Qarabağın müstəqilliyini tanımaq məsələsi yoxdur. Bu imkan müharibə vaxtı əldən verildi. Bundan sonra həmin məsələni gündəmə gətirmək və reallaşdırmaq üçün Ermənistanın nə resursu, nə beynəlxalq müttəfiqləri, nə döyüşə hazır ordusu, nə də növbəti güzəştlər və kompromislər üçün əraziləri yoxdur. Ermənistan bütün kozırlarını itirib və çox zəif mövqedən danışıqlara başlayır”.

Erməni partiya sədir hazırkı durumda iki seenarinin mümkün ola biləcəyini ehtimal edir. Lakin özü də etiraf edir ki, əgər bu iki variantdan biri alınarsa, bu Ermənistan üçün böyük uduş sayılmalıdır. “Birincisi, Ermənistan və Azərbaycan xalqları arasında etimad mühiti yaranana qədər Qarabağın statusu məsələsini təxirə salmağa cəhd etmək olar. Bu da çoxşaxəli sülh prosesini nəzərdə tutur. İkinci variant isə Ermənistan əhalisi üçün beynəlxalq təhlükəsizlik təminatları ilə Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli muxtariyyət əldə etməkdir”.

Qeyd edək ki, Azərbaycanın Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət verməsi artıq mümkün deyil. Bunu rəsmi Bakı dəfələrlə bəyan edib. Müharibəyə qədər belə bir vəd olsa da, müharibdən sonra birmənalı olaraq heç bir statusdan söhbət gedilmədiyi vurğulanıb. Surenyansın səsləndirdiyi birinci varianta gəlincə isə bu da zaman içində həlli mümkün olan məsələdir. Lakin Azərbaycan həmin prosesin reallaşmasına qədər Qqarabağ məsələsini dondurmaq fikrindən də çox uzaqdır. Bunu rəsmi Bakının son zamanlar atdığı addımlar da təsdiq edir. Məsələn, Fərrux dağının erməni quldurlarından təmizlənməsi, Ağdərə istiqamətində müəyyən addımların atılması bunun əyani sübutlarından biridir. Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün hökumətin iclasında açıq bəyan etdi ki, Xankəndidə Bayrağımız dalğalanacaq və bunun alternativi də yoxdur.

Ermənistanın danışıqlara resurssuz və əliboş gəlməsi isə indiki məqamda bizim xeyrimizədir. Bu müddət ərazində Azərbaycanın siyasi gedişləri fonunda beynəlxalq ictimaiyyət də artıq Bakının addımları ilə razılaşmaq məcburiyyətində qalıb. Bu isə yaxın zamanda Qarabağ mövzusunun tarixə qovuşa biləcəyini deməyə əminlik yaradır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button