GündəmManşet

“Hraparak” qəzetindən iddia: “Azərbaycan Ordusu Qaraqlux təpəsini götürmək istəyir”  

Qarabağda son günlər yaşanan proseslər artıq ermənilərdə qorxu və narahatlıq yaratmağa başlayıb. Martın 8-də Ermənistandan çəkilmiş qaz kəmərində qəzanın baş verməsi və həmin gündən bəri Xankəndi və ətrafının “mavi yanacaq”sız qalması durumu daha da ağırlaşdırıb. JAMAZ.İNFO xəbər verir ki, hazırda Qarabağda elektrik və su problemi də mövcuddur.

Azərbaycan tərəfi isə bir müddətdir Qarabağda yaşayan ermənilərə müraciət edərək, inadkarlıqlarını buraxmalarını, Azərbaycan vətəndaşlığını qəbul edərək, digər xalqlar kimi, birgə yaşayışa uyğunlaşmalarını təklif edir. Lakin erməni tərəfi nəinki bu təkliflərə qulaq asır, hətta davamlı olaraq təxribatlara da əl atmağa başlayıb.

Qeyd edək ki, son bir neçə gündə ermənilər Qarabağ istiqamətində yüz dəfədən çox atəşkəsi pozaraq, Ordumuzun mövqelərini atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, düşmən təxribatının qarşısını almaq üçün onların mövqelərinə dəqiq zərbələr endirilir.

JAMAZ.İNFO xəbər verir ki, bir neçə gün əvvəl Ermənistanın keçmiş ombudsmanı Arman Tanoyan Qarabağa gələrək, ənənəvi yalanlarını davam etdirib. O iddia edib ki, guya, Azərbaycan Ordusu Qarabağ boyunca hətta tanklardan istifadə etməklə, hücuma hazırlaşır. Dünən isə Xankəndidəki separatçılar bildiriblər ki, Tanoyan nağıl danışır, heç bir yerdə Azərbaycan tərəfinin qoşunları cəmləşdirdiyi, hərbi texnika yığmır.

Bu gün isə erməni tərəfi daha bir iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, iddianın müəllifi “Hraparak” qəzetidir. Qəzet yazır ki, Azərbaycan Ordusu guya, yeni hərbi əməliyyata başlamaq istəyir. “Əməliyyat”ın hədəfi isə Xocalı rayonunun Pirlər kəndi ilə Kiçik Qaladərəsi jəndləri arasında yerləşən və strateji əhəmiyyət daşıyan Qaraqlux təpəsini işğaldan azad etməkdir. Onların iddiasına görə, əgər Azərbaycan Ordusu sözügedən təpəni nəzarətinə alarsa, bu Əsgəranın bütünlüklə nəzarət altına düşməsi deməkdir. Bundan başqa, Qaraqlux təpəsinə sahib olmaqla Xankəndi istiqamətində də bütün yollar nəzarət altına alınır və şəhəri götürmək asanlaşır. “Azərbaycan Ordusunun planı çox asandır. Əhali kəndləri tərk edir və onlar asanlıqla təpəni götürür. Bununla da Xankəndinə Ağdfam istiqamətindən gedən yol nəzarət altına alınır”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi davamlı olaraq ermənilərin bu tip məlumatlarının həqiqətə uyğun olmadığını bəyan edir. Nazirlik Ordumuzun hər hansı əməliyyat həyata keçirmək istəmədiyini, 10 noyabr razılaşmasına sadiq olduğunu bildirir. Bundan başqa, Azərbaycan MN-i Qarabağdakı qanunsuz silahlı dəstələrin ləğv edilməsinin də vacib olduğunu, zərurət olarsa, bunun üçün lazımi addımların atılacağını da istisna etmir. Elə son zamanlar düşmənin atəş nöqtələrini susdurmaq üçün dəqiq zərbələrin endirilməsi də bundan xəbər verir.

Ermənilər bir sadə həqiqəti qanmır ki, Qarabağ Azərbaycan torpağıdır və orada yaşayanlar da Azərbaycan vətəndaşı hesab olunurlar. Münaqişə bitib və hazırda göstərilən müqavimətin heç bir mənası yoxdur. Onlar dinc şəkildə Azərbaycanın tərkibində yaşamaq barədə düşünməli, qanunsuz işlərdən əl çəkməli və silahı yerə qoymalıdırlar. Əks təqdirdə, aqibətlərinin yaxşı olmayacağı gün kimi aydındır.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button