GündəmManşet

İcra Hakimiyyətləri ləğv edilir

Ötən həftə Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı icra hakimiyyətlərinin ləğvinin anonsunu verib. Prezident azad edilmiş ərazilərdə tətbiq edilən xüsusi nümayəndəlik təsistatının simasında yeni idarəçilik modelinin sınaqdan keçirildiyini və digər ərazilərdə də bunun tətbiq olunacağını bildirib.
“Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür”, – dövlət başçısı vurğulayıb.
İcra hakimiyyətlərinin ləğvi nə vaxta planlaşdırılır? Yeni idarəetmə sistemindən gözləntilər nələrdir?
JAMAZ.İNFO Modern.az-a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin fikrincə, bütün sahələrdə olduğu kimi, idarəetmə strukturlarında da islahatın həyata keçirilməsi zamanın tələbidir. Komitə sədri bu istiqamətdə bir çox işlərin görüldüyünü bildirib.

“İki rayonun icra hakimiyyətlərinin ləğvi, digər tərəfdən işğaldan azad edilmiş ərazilərdə ölkə başçısının səlahiyyətli nümayəndəliklərinin yaradılması və ora nümayəndələrin təyin edilməsi onu deməyə əsası verir ki, islahatlar sistemli şəkildə davam etdiriləcək. Ancaq burada bir çox düşünüləsi məqamlar var.
Əlbəttə, bu gün tez bir zamanda bütün icra hakimiyyəti orqanlarını ləğv etmək müəyyən problemlərə səbəb ola bilər. Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə effektiv idarəçilik bərqərar olmalı, yeni strukturlar yaradılmalıdır. Bu öz nəticələrini verdikdən sonra ölkənin digər hissələrinə də şamil oluna bilər” , – deyə komitə sədri islahatların gözləntilərini dilə gətirib.
Tahir Rzayev qeyd edib ki, bu gün rayon icra hakimiyyətləri bölgələrin sosial-mədəni həyatının idarə olunmasında, insanların tələb və istəklərinin həyata keçirilməsində, mövcud problemlərin aradan qaldırılmasında və müəyyən məsələlərin yuxarı orqanlara çatdırılmasında böyük rola malikdirlər:
“Bunun nəticəsində regionlarda sosial iqtisadi inkişaf təmin olunur. Lakin ölkə rəhbəri də xatırlatdı ki, islahatların həyata keçirilməsi qaçılmazdır. Ona görə, gələcəkdə bu sahədə addımların atılacağı istisna edilmir”.
Qeyd edək ki, icra hakimiyyətlərinin ləğvi məsələsi bir neçə dəfə gündəmə gətirilib. Bundan əlavə rayonların birləşdirilməsi, yeni idarəetmə mexanizminin tətbiqi təklif olunub. Ölkə başçısının çıxışında vurğuladığı kimi, ilk olaraq Qarabağda tətbiq olunan yeni sistemin Azərbaycanın digər ərazilərində də sınaqdan keçirilməsi artıq reallığa çevrilir. Yeni idarəetmə modeli ümumilikdə müsbət qiymətləndirilir və effektiv olacağı şübhə doğurmur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button