GündəmManşet

Kəlbəcərdə son vəziyyət necədir?  

Dünən axşam saatlarından etibarən Azərbaycan-Ermənistan sərhəddinin Kəlbəcər istiqamətində vəziyyət yenidən gərginləşməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Zod, Zərkənd və Azat kəndləri istiqamətində təxribata əl atan düşmən bir hərbçimizin Şəhid olmasına səbəbkar olub.

Qeyd edək ki, gecə saatlarında düşmən yenidən təxribata əl ataraq, mövqelərimizi atəşə tutub. Əldə etdiyimiz məlumatlara görə, vəziyyətin gərginləşdiyini görən Azərbaycan Müdafiə Nazirliyi təcili olaraq bölgəyə əlavə hərbi qüvvə cəmləşdirib. Həmçinin düşmənin atəş nöqtələrini susdurmaq üçün geniş əməliyyata başlayıb.

Gecə yarısı düşmənin iki atəş nöqtəsi, yəni Zərkənd istiqamətində yerləşən iki postu darmadağın edilib. Bu məlumatı “Caliber” kanalı da təsdiqləyib. Hərbçilərimizin sərrast atəşi nəticəsində xeyli sayda erməni əsgərinin yaralandığı bildirilir. Məlumatı Zərkənd kəndinin icma nümayəndəsi də təsdiqləyib. O deyib ki, atışmadan bir neçə saat sonra erməni hərbçilərin yerləşdiyi mövqelərə xeyli sayda təcili tibbi yardım maşınları qalxıb.

Gecə saatlarında Ermənistan silahlı qüvvələri Naxçıvanın Sədərək rayonu istiqamətindən də hücuma keçməyə cəhd göstərib. Belə ki, ermənilər Arazdəyən (Yerasx) qəsəbəsindəki mövqelərindən üzbüəz yerlışən mövqelərimizi atəşə tutub. Lakin bu atışma uzun çəkməyib. Ordumuzun keçirdiyi əməliyyat nəticəsində düşmən susdurulub.

JAMAZ.İNFO xəbər verir ki, erməni telekanallarında Kəlbəcər və Arazdəyən istiqamətlərində baş verənlərlə bağlı çeşidli məlumat yayılır. Dünən gecə döyüşlərdə minaatanlardan və iri çaplı silahlardan istifadə edildiyi, 40-dan çox erməni əsgərinin yaralandığı, hətta 6 erməni əsgərinin öldüyünə dair məlumatlar dövriyyəyə buraxılmışdı. Lakin Ermənistan Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində atəşin dayandığını, yaralıların ümumi sayının 3 nəfər olduğunu bildirib. Ki, bunun da inandırıcı olmadığı göz qabağındadır. Çünki buna rəğmən bölgəyə yaxın olan erməni kəndlərin sakinləri də sosial şəbəkələrdə məlumat yayıblar ki, durum kritikdir.

Bu əsnada, gələn son xəbərə görə, Kəlbəcərlə sərhəddə yerləşən 3 erməni kəndinin (Zərkənd, Zod və Azat) sakinlərinin bir qismi evlərini tərk edərək, rayon mərkəzinə gediblər. Hər üç kəndin icma rəhbəri durumun ağır olduğunu, Azərbaycan Ordusunun bu kəndlərə gələ biləcəyi qorxusundan əhalinin panikaya düşdüyünü, habelə bəzilərinin kəndi tərk etdiklərini vurğulayıblar. Onlar hökumətin təcili tədbir görmələrini, belə davam edərsə, kəndlərdə bir nəfər belə qalmayacağını bəyan ediblər.

Qeyd edək ki, hərbi mənbələr səhərə yaxın düşmənin bütün atəş nöqtələrinin susdurulduğunu, ermənilərin itki verdiyini, hazırda ara-sıra atışmalar olduğunu bildirir.

Onu da bildirək ki, Ermənistan tərəfi təcili olaraq Rusiyanın bu ölkədəki hərbçilərinə dəstək üçün müraciət edib. Belə ki, ermənilər ruslardan Azərbaycanla danışıq apararaq, onlardan atəşi dayandırmalarını xahiş ediblər. Lakin rus hərbçiləri məsələyə qarışmayacaqlarını, bu istiqmətdə hər hansı bir addım atmaq barədə əmr almadıqlarını vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhəddində baş verənlərlə bağlı İran XİN-in gecə saatlarında bəyanatla çıxış edib. Belə ki, nazirliyin rəsmisi Səid Xətibzadə sərhəddə baş verən döyüşlərdən narahat olduqlarını, bu prosesin bütün Cənubi Qafqaza təsir edəcəyini dilə gətirərək, beynəlxalq aləmdən təcili tədbirlərin görülməsinə çağırış edib. “Biz sərhəddə baş verən bu gərginliyin davam etməsini istəmirik. Hesab edirik ki, sərhəd mübahisələrinin ən yaxşı həll yolu dinc danışıqlardır. İran olaraq bu məsələdə lazım olan bütün addımları atmağa hazırıq”.

P.S. Azərbaycan Müdafiə Nazirliyinin az öncə yaydığı xəbərə görə, hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir. “Əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button