ManşetMedia

Medianın satın alınmasının yeni formulu: 51/49

II YAZI  

Birinci yazıda xəbər eləmişdim ki, sizə medianın bəzi ilginc tərəfləri barədə geniş məlumat verəcəm. İndi isə hissə-hissə həmin məsələlərlə bağlı vəd etdiklərimi diqqətinizə çatıdırım.

Əsas mətləbə keçməmişdən öncə bir xəbəri qulluğunuza ərz edim ki, yaxın günlərdə Media İinkişaf Agentliyində İdarə Heyətinin tərkibi tam formalaşdırılacaq və ora rəhbər seçiləcək. Heyətə kimlərin daxil olacağı barədə geniş məlumatım olsa da, bu barədə hələlik yazmayım. Lakin İdarə Heyətinin başına gətiriləcək şəxsin birbaşa Elnur Abdullayevə tabe olacağı, onun sözü ilə oturub-duracağı dəqiqdir. Yəni, üzdə İdarə Heyətinə hər hansı bir adam rəhbər seçilsə də, onun qeyri-rəsmi sədri Elnur Abdullayev olacaq.

İndi isə keçək mətləbə. Ötən yazımda SOCAR-ın pulları ilə özünə böyük bir “media şəbəkəsi” quran Abdullayevin saytları ələ alması, onlarla 51/49 proporsiyası ilə anlaşdığı barədə məlumat vermişdim. Nədir bu, 51/49?

Bu faiz bölgüsüdür. Normalda şirkətlərdə bir şəxsin hər hansı bir şirkət və firmanın səhmələrini əlində cəmləməsi üçün nəzərdə tutulmuş bir bölgüdür. Yəni, Elnur Abdullayev ona təlimat verənlərin tapşırığına əsasən saytların 51 faizinin ona məxsus olduğunu, yerdə qalan 49 faizinin isə sayt rəhbərində qaldığını rəsmi qaydada təsdiqləyib.

Amma problem o deyil ki, hər hansı bir sayt öz səhmlərinin 51 faizini kiməsə satıb. Normal ölkələrdə qəzetlərin səhmdarları arasında iri şirkətlərin olması gizli və qeyri-qanuni bir məsələ deyil. Hər hansı bir media orqanı özünü maliyyələşdirmək və ya daha geniş imkanlara sahiblənmək üçün şirkətlə anlaşa bilər. Məsələn, Türkiyədə “Akşam” qəzeti, CNN Türk, Star TV kimi telekanallar bu qaydalarla işləyirlər.

Ancaq Elnur Abdullayev buraya bir məsələsin xüsusi olaraq əlavə edib. Bu adam saytların səhmələri ilə yanaşı, sahiblərini də satın alıb. Qəribədi deyilmi? Axı, bir şəxsi necə satın almaq olar? Deməli, şərtlər belədir. Elnur Abdullayev hansısa mücərrəd bir şirkət, firma və ya şəxsin adı ilə tərəflərlə müqavilə bağlayır. Onun saytının 51 faizinin özünə məxsus olduğunu rəsmiləşdirir. Müqavilə imzalanır. Razılaşmada (bu şifahi anlaşma da ola bilər) birmənalı olaraq qeyd edilir ki, saytın rəhbəri (49 faizin sahibi) heç vaxt rəhbərlikdən gedə bilməz, onun şəxsi təşəbbüslə çıxış edib, icazə almadan hər hansı bir məlumat hazırlaya, yaya bilməz. Ona bütün məlumatlar tezis şəklində verilir, heç bir etiraz etmədən həmin məlumat dərc olunur.

Yəni, satın alınan saytın rəhbəri Elnur Abdullayev və onun arxasında duranların istisnasız, qeyd-şərtsiz sözünə əməl etməli, onlara xidmət etməli, bütün tapşırıqları yerinə yetirməli, sayt rəhbərliyindən istefa etmək hüququ olmayan, qələmini və özünü satmış birinə çevrilir. Sizcə, belə bir sayt rəhbəri qələmi ilə yanaşı, prinsiplərini, şəxsiyyətini də satmış hesab olunurmu? Bu suala siz oxucular cavab verəcəksiz.

Bundan başqa, tərəflər arasında başqa anlaşmalar da var ki, onlar barədə növbəti yazılarımızda məlumat verəcəm.

Bəli, Elnur Abdullayevin satın aldığı saytlar içində bəziləri var ki, onlar 51/49 prinsipinə razılaşsalar da, müəyyən müstəqilliklərini qoruyub, saxlamaq prinsiplərindən imtina etməyiblər. Yəni, ən azından şəxsiyyət və vicdanlarını satmayıblar.

Təbii ki, sual meydana çıxır: Elnur Abdullayev saytları neçəyə satın alıb? Çünki əgər ortada 51 faizin 49 faizə anlaşması varsa, bunun müqabilində qarşı tərəfə maliyyə verilməməsi imkansızdır. Qeyd edim ki, Abdullayevin nəzarəti altına düşmüş saytlara ödənilən ilkin məbləğ 50 min manatdan başlayıb, 250 min manatda yekunlaşıb. Açması belədir ki, satın alınan saytın rəhbərinə 49 faiz müqabilində 50 min və ya 250 min manat pul ödənilir.

Bundan əlavə, satın alınmış saytların davamlı fəaliyyət göstərməsi, “hücum kampaniyalarında iştirak” etmələri, yuxarıdan gələn tezisləri dərc etmələri, habelə işçi qüvvəsi saxlamaq üçün aylıq ödənişlər edilir. Məsələn, Elnur Abdullayev anlaşdığı bəzi sayt rəbərlərinə 3 min, 5 min, 7 min manat aylıq pul ödəyir. Bəziləri isə 12 min, 15 min, hətta 30 min manat aylıq pul alır. Bu pul hər ayın bəlli günü həmin baş redaktorun kartına köçürülür.

Rəqəmlərin belə dəyişkən olması səbəbsiz deyil. Çünki bu zaman satın alınmış saytların ictimai rəyə təsiri, sayt rəhbərinin şəxsi nüfuzu, tapşırıqların, habelə ictimaiyyətdə mövqeyi əsas götürülüb.

Növbəti yazımda bu saytların siyahısını diqqətinizə çatıdırcam. Üstəlik, borc içində boğulan, son hesabatlarda 1.7 milyadr manat borcu olduğu deyilən SOCAR-ın “media siyasəti” xətti ilə hər il neçə saat almaq mümkün olduğunu qulluğunuza ərz edəcəm.  

P.S. Yazıda gedəcək hərif səhvlərinə görə oxuculardan üzr istəyirəm. Bu kompyüterimin günahıdır. 

Fikrət Fəraməzoğlu

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button