ManşetSosial

Metropoliten işçilərini işə çağırdı: Qatarların yoxlanışı həyata keçirilir

Əməkdaşlardan Modern.az-a daxil olan məlumata görə, hər kəsə COVID-19 əleyhinə vaksin vurulması tələbi qoyulub. Hətta peyvənd olunmayacaq şəxslərin 1 iyundan işə buraxılmayacağı xəbərdarlığı edilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq, qismən də olsa yaranmış suallara aydınlıq gətirib.
B.Məmmədov deyib ki, metroda sərnişindaşıma fəaliyyəti bərpa olunacağı təqdirdə hər hansı problem yaşanmayacaq: “Çünki müntəzəm olaraq, hərəkətin təşkili, prosesə cəlb olunan işçilərin optimal hazırlıq səviyyəsi daxili normativ tələblərə uyğun sənədlərə tənzimlənməsi şərtilə daim yoxlanılır. Ona görə də deyirik ki, metro hər zaman sərnişin daşımağa hazırdır. Burada həm texniki, həm də kadr potensialı əsas götürülür”.
Qurum rəsmisi də yaxın günlərdə metro ilə bağlı yeni qərar veriləcəyini təsdiqləyib: “Mart ayında qəbul olunmuş qərara əsasən, xüsusi karantin rejimi müddəti, eyni zamanda, “Bakı Metropoloteni”ndə sərnişindaşıma fəaliyyətinin dayandırılması iyunun 1-nə qədər uzadılmışdı. Bu isə o deməkdir ki, mütləq şəkildə, hər hansı formada ya sərnişindaşıma fəaliyyətinin bərpa edilməsi və şərtləri, ya da sərnişindaşımanın dayandırılması müddətinin uzadılması barədə qərar olmalıdır. Bütün bunlarla bağlı qərarlar isə Nazirlər Kabienti yanında Operativ Qərargah tərəfindən veriləcək. Biz sadəcə icraçıyıq, nə qərar olacaqsa, onu icra edəcəyik”.
Vaksinasiya məsələsinə gəlincə, o deyib ki, proses bütün ölkə ərazisində olduğu kimi könüllü aparılır: “Əməkdaşlar könüllü şəkildə peyvənd olunur. Təbii ki, pandemiyanın bitməsi üçün hər birimiz peyvənd olunmalıyıq. Xüsusilə də riskli sahələrin əməkdaşları”.
JAMAZ.İNFO-nun əldə etdiyi məlumatda isə deyilir ki, dünəndən etibarən metropolitenin bütün işçiləri işə çağırılıb. Bundan başqa, qatarların işlək vəziyyətdə olub, olmaması, habelə dəmir yollarında hər hansı bir nasazlığın müəyyən edilməsi məqsədi ilə qatarların hərəkəti bərpa edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button