GündəmManşet

Paşinyanın dili yenə uzandı: “Qarabağdan hərbi birləşmələr çıxarılmayacaq”

Ermənistanın baş naziri Nikol Paşinyan uzun bir aradan sonra Azərbaycan əleyhinə danışmağa, daha çox şərt irəli sürməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu gün hökumətin iclasında çıxış edən Paşinyan Azərbaycanı bir sıra məsələlərdə ittiham etməklə yanaşı, yekə yalanlar da danışıb. Görünür, erməni baş nazir müharibənin nəticələrindən dərs almayıb. Əəks təqdirdə dili bu qədər uzanmazdı.

“Azərbaycan hücum üçün arqumentlər hazırlayır”

Paşinyan iddia edir ki, guya, Azərbaycan Qarabağ və Ermənistana genişmiqyaslı hücum üçün legitimlik yaratmağa çalışır. O daha sonra deyib ki, Azərbaycan 44 günlük müharibədən əvvəl, müharibə zamanı və ondan sonra Ermənistan və Qarabağa qarşı hərbi əməliyyatlara haqq qazandıran siyasət aparıb və davam etdirir. “Bakı bəzi tezislər irəli sürür. Sonra Ermənistanı onlara cavab verməməkdə və ya destruktiv reaksiya verməkdə, ya da rədd etməkdə ittiham edir. Daha sonra Ermənistana bəzi vədlər verir. Ardından bu bəyanatlar kontekstində o, Ermənistanı destruktivlik, razılaşmaları yerinə yetirməmək istəyi ilə bağlayır, bu ittiham üzərində aqressiv ritorika qurur, ardınca yuxarıdakı ritorika ilə haqq qazandıran aqressiv hərəkətlər edir”.

O qeyd edib ki, dəfələrlə təkrarlanan bu təcrübə indi də davam edir. “Bugünkü çıxışımın məqsədi bu mesajların əsassızlığını və qeyri-legitimliyini göstərməkdir”.

“Qarabağdakı hərbi birləşmələr çıxarılmayacaq”

Nikol Paşinyan bir qədər də irəli gedərək, Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin çıxarılması tələbinə qarşı çıxıb. “Azərbaycan Qarabağ “müdafiə ordusu”nun hissələrinin çıxarılmasını tələb etməklə, ziddiyyət təşkil edir. Xatırladım ki, 2021-ci il noyabrın 26-da Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən müşavirədə Azərbaycan prezidenti açıq şəkildə bəyan edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün müddəaları yerinə yetirilib. İndi isə kommunikasiyaların açılmasını, Qarabağdan ordunun çıxarılmasını tələb edir”.

Ermənistanın baş naziri daha sonra deyib: “Erməni birləşmələrinin haradan gəlməli və harada qalmalı olduğu üçtərəfli bəyanatda açıq göstərilib. Qeyd edirəm ki, bizim nöqteyi-nəzərimizdən hərbi əsirlərin, girovların və zorla saxlanılan digər şəxslərin qaytarılması məsələsi tam aydın şəkildə həllini tapmayıb. Biz bununla bağlı işi davam etdiririk”.

Paşinyan iddia edib ki, Azərbaycanın Ermənistan ordusunun Qarabağdan çıxarılması tələbi reallıqdan uzaqdır. “Müdafiə Ordusunun Dağlıq Qarabağdan çıxarılması ermənilərin geri çəkilməsi demək olacaq və Azərbaycan məhz bu məqsədləri güdür. Son hadisələr göstərdi ki, Dağlıq Qarabağ ermənilərinin müdafiəyə ehtiyacı var, əks halda onlar soyqırıma məruz qalacaqlar”.

O xatırladıb ki, əvvəllər Ermənistan tərəfi təmas xəttinin, eləcə də tərəflərin onu keçməmək, onun perimetrindən hərbi mövqeləri çıxarmaq və silahsızlaşdırılmış zona yaratmaq öhdəliklərini müəyyənləşdirməyi təklif edib. “Lakin bu təklif qəbul edilmədi”.

“Laçın Dəhlizi ilə Zəngəzur Dəhlizi eyni statusda ola bilməz”

Ermənistanın baş naziri Nikol Paşinyan daha sonra Laçın Dəhlizi ilə Zəngəzur Dəhlizi arasında paralellər də aparıb. O bildirib ki, Laçın dəhlizi ilə Azərbaycanla Naxçıvanı birləşdirəcək Zəngəzur Dəhlizi arasında müqayisə yolverilməzdir. “Azərbaycan tələb edir ki, Laçın dəhlizində işlənən hüquqi mexanizm Sünik rayonundan Naxçıvana açılan yola da şamil edilsin. Eyni zamanda, Bakı 10 noyabr 2020-ci il tarixli bəyanata istinad edir. Bu, iki səbəbə görə əsassızdır. Birincisi, 10 noyabr bəyanatında Laçından başqa heç bir dəhliz qeyd olunmur. Bu da təkcə dəhliz deyil, həm də Rusiyanın nəzarətində olan 5 km enində ərazidir. Bu, üçtərəfli bəyanatda öz əksini tapıb. Burada Ermənistanın hər hansı hissəsinə başqa ölkənin nəzarəti ilə bağlı heç bir bənd yoxdur”.

Baş nazir əlavə edib ki, Qarabağ və Naxçıvan arasında paralellər bir neçə səbəbə görə təəccüblüdür. “Azərbaycanın İran və Türkiyə vasitəsilə Naxçıvanla quru əlaqəsi var. Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi bir şey deməkdir – ermənilərin Qarabağdan köçürülməsi. Biz heç bir “dəhliz” məntiqini qəbul etməmişik və etməyəcəyik”.

“Rus sülhməramlılardan ciddi addımlar gözləyirik”

Ermənistanın baş naziri Qarabağdakı rus sülhməramlılarının da bostanına daş atıb. “İrəvan Rusiya sülhməramlılarından Azərbaycan silahlı qüvvələrinin Qarabağdakı ilkin mövqelərinə geri qaytarılması üçün konkret addımlar atmasını gözləyir”.

O iddia edib ki, guya, Fəxrruxda gərginlik razılaşmaların pozulması nəticəsində yaranıb. Onun sözlərinə görə, Fərrux-Pirlər sektorunda ordunun güzgü şəklində çıxarılması ilə bağlı razılaşma olub. “Bu razılaşma Rusiya sülhməramlı kontingenti tərəfindən təmin edilməli idi. Bir neçə erməni mövqeləri geri çəkildi. Rusiya sülhməramlıları göstərilən ərazini işğal etdilər. Lakin onların gözləri qarşısında Azərbaycan Silahlı Qüvvələri onların məsuliyyət zonasına daxil olub”.

O daha sonra qeyd edib ki, Ermənistan tərəfi Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Azərbaycan Ordusunu öz məsuliyyət zonasından çıxarılmasını və 10 noyabr 2020-ci il tarixli bəyanatda qeyd olunan status-kvonun bərpasını təmin etmək üçün konkret addımlar atacağını gözləyir. “Biz həmçinin sülhməramlıların hərəkətləri və ya mümkün hərəkətsizliyi ilə bağlı lazımi araşdırmanın aparılmasını da gözləyirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button