AraşdırmaManşet

Paşinyanın hiyləgər gedişi: Anti-Rusiya planı və Qarabağla bağlı yeni sennari ehtimalı

Son günlər Ermənistan hakimiyyəti Mokvada imzalanmış 10 noyabr və 11 yanvar razılaşmalarını pozmaq üçün bütün imkanlarını işə salıb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları, Azərbaycanı sərhəddə gərginlik yaratmaqda ittiham etməsi, habelə bölgəyə Minsk Qrupuna daxil ölkələrin müşahidə missiyasının cəlb edilməsi təklifi bunu deməyə əsas verir.

Artıq Ermənistanda da belə bir təsəvvür yaranıb ki, hər şey heç də erməni müxalifətinin dediyi kimi deyil. Əksinə, Paşinyan mümkün qədər daha az itki ilə prosesdən çıxmaq istəyir. Azərbaycanla əldə olunmuş razılaşmaların isə onun vaxt udması üçün lazım olduğu vurğulanır. Hərçənd bu, Paşinyan tərəfdarlarının yanaşmasıdır və başqa nəsə gözləmək də yersiz olardı.

Lakin İrəvanda baş verən proseslər, xüsusən Xarici İşlər naziri Ara Ayvazyanın istefa verməsi, o cümələdən Baş Qərargah rəisinin müavinin də istefaya hazırlaşması xəbəri durumun fərqli məcrada olduğunu göstərir. Qarşıdan gələn parlament seçkilərində məğlub olmamaq üçün publikaya hesablanmış açıqlamalar da onu göstərir ki, Paşinyan özü dolaşığa düşüb. Düşdüyü dolaşıqlardan biri də odur ki, o, Bakı ilə sərhədd məsələsinin asanlıqla həll edə bilməyəcəyinin fərqindədir. Eyni zamanda, Azərbaycan Ordusunun sərhədlərimizi bərpa etməsi prosesi Paşinyanın reytinqinə əməlli-başlı təsir edir. Xüsusən də, ötən günlərdə 6 erməni diversantın əsir götürülməsi məsələsi.

Hazırda Ermənistanın planlarının nədən ibarət olacağını demək çətindir. Lakin bilinən odur ki, Paşinyan Moskvada verdiyi vədlərin heç birinə əməl etmək fikirində deyil. Bəli, o, Azərbaycanla sərhədlərini müəyyənləşməsinə dair sənəd üzərində işlədiklərini bəyan edib. Amma onu da vurğulayıb ki, həmin sənəd 100 faiz Ermənistanın maraqlarına cavab verəcək, üstəlik, delimitasiya və demarkasiya prosesi 30-40 il də davam edə bilər.

Bu deyimlərdən anlaşılan odur ki, Paşinyan bütün hallarda vaxt qazanmaq, Qərbi, xüsusən Fransanı prosesə cəlb etmək, seçkilərdən sonra uzun-uzadı danışıqlara start vermək niyyətindədidr. Təbii ki, Azərbaycan bununla razılaşmayacaq. Elə razılaşmamasının göstəricisidir ki, bütün beynəlxalq təzyiqlərə və təkidlərə baxmayaraq, dövlət sərhəddini müəyyən etməyə davam edir. Üstəlik, zərurət olarsa, bunun üçün sərt üslublardan da yararlanır.

Müzakirə olunan məsələlərdən biri də təbii ki, Ermənistandakı istefalardır. Ara Ayvazyanın XİN başçısı postundan istefa etməsi sıradan bir hadisə deyil. Bununla bağlı, çeşidli yanaşmalar və məlumatlar var. Lakin əsasən bir neçəsinin üzərində dayanmaq daha doğrudur. Birincisi, Ayvazyanın istefasının arxasında faktiki açıqlanan səbəblərdən daha dərin mətləblər ola bilər. Bu mətləblərdən biri kimi onu göstərmək olar ki, Azərbaycanla sərhəddə dair sənədin imzalanması üzdə görünən tərəfdir və İrəvan üçün daha təhlükəli prosesin olduğu və Ayvazyanın da bu prosesdə yer almaq istəməməsi də var.

İkinci faktor kimi, yuxarıda da qeyd etdiyimiz kimi, qapalı qapılar arxasında aparılan sərhəddə dair danışıqların pozulması ehtimalı mövcuddur. Ki, Paşinyanın davranışları da bunu deməyə əsas verir.

Bir başqa faktor da odur ki, Ermənistan hər vəchlə həm Azərbaycan-Ermənistan sərhəddinə, həm də Qarabağa alternativ sülhməramlı qüvvələrin gətirilməsinə çalışır. İrəvanın ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin sərhəddə müşahidə missiyası həyata keçirməsi təklifi də buna hesablanmış kimi görünür. Digər tərəfdən, Qarabağ məsələsində statusun müəyyən edilməsi üçün yeni bir sennarinin icrasına start verilməsi ehtimalı gündəmə gələ bilər.

Əgər bu üç versiya həqiqət olarsa, Rusiyanın buna yanaşmasının necə olacağı da maraqlıdır. Çünki Rusiya bölgəyə kənar bir qüvvənin, o cümlədən Qərb dövlətlərinin sülhməramlı kimi gəlməsini istəmir. Digər tərəfədən, Qarabağ məsələsi Kreml üçün təkcə Azərbaycana təsir etmək yox, həm də Ermənistana təzyiq vasitəsi kimi əldə saxlanılır. Paşinyanın KTMT-yə müraciəti və davamlı olaraq, “niyə kömək etmirlər” sualını verməsi də həmin məqsədlərə, yəni, Rusiyanın təkbaşına bölgəyə hakimlənmək istəklərini önləməyə hesablanıb.

Aydın məsələdir ki, bunu Moskva da anlayır və Paşinyanın oyununu pzomaq üçün bir sıra vasitələrdən istifadə etməyə çalışır. Bu təsir və təzyiq vasitələrindən biri İrəvanda hakimiyyəti dəyişməkdir ki, bunun üçün iki əsas adamını önə verib. Onlardan biri Robert Koçaryan, digəri isə Ara Abramyandır. İkincisi, Rusiya sərhəddə vəziyyətin gərgin olmasında üzdə maraqlı tərəf olaraq çıxış etməsə də, vəziyyətin belə qalmasında maraqlıdır. Çünki bu, Paşinyanın nüfuzdan düşməsinə ciddi təsir edir.

Belə bir ehtimal da irəli sürmək olar ki, Ermənistanda hakimiyyət dəyişməsə, seçkilərdə Paşinyan yenidən qalib olarsa, Rusiya daha iki planını işə salacaq. Bunlardan biri Ermənistanda iğtişaş, hətta hərbi çevriliş planını icra edəcək. Ki, bunlardan biri olan hərbi çevrilişin indiki məqamda baş verməsi bir qədər inandırıcı görünmür. Amma iğtişaşların olması ehtimalı həddindən artıq böyükdür. Bunu Ermənistanın siyasətçiləri də dilə gətirməyə başlayıblar. Digəri isə Qarabağ məsələsində başqa bir kurs götürərək, Ermənistana təzyiqləri artırmağa başlayacaq. Məsələn, Rusiya sülhməramlı kontingentini danışıqlar əsanasında Xankəndiyə çəkərək, digər ərazilərdə, Ağdərə, Xocalı, Xocavənddə Azərbaycan qanunlarının tətbiqinə icazə verə bilər. Birgəyaşayışla bağlı müəyyən planlarını icra edə bilər və sairə. Belə bir hadisənin baş verməsi Ermənistan hakimiyyəti üçün uğurlu bir şey olmayacaq və daxildəki gərginliyi pik həddə çatdıracaq.

Beləliklə, Paşinyan Moskvadakı razılaşmaları pozmaq üçün bütün imkanlarını işə salıb. Onun əsas hədəfi Qərb dövlətlərinin müşahidə missiyasını, ardından isə sülhməramlı kontingenti bölgəyə gətirməkdir. Bununla da Rusiya ilə uzaqlaşıb, Qərbin orbitinə daxil olmağı asanlaşdırmaqdır. Rusiya buna müşahidəçi qalacaqmı? Ermənistanı əldən verəcəkmi? Və Paşinyanın hakimiyyətdə qalması bu proseslər fonunda nə qədər çəkəcək? Bunlar artıq zaman içində müzakirə olunacaq məsələlərdir.

Fərda Uğur,

JAMAZ.İNFO

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button