ManşetSiyasət

Paşinyanın yeni planı: İrəvan 10 noyabr razılaşmasından çıxmaq istəyir?

Paşinyanın davranışları, son zamanlar verdiyi açıqlama və sərhəddə baş verən olaylar hadisələrin fərqli məcraya yönlənməsinə səbəb ola bilər. Daha doğrusu, Ermənistanda hərbi və siyasi hakimiyyət arasında yaranmış fikir ayrılığı tezliklər qovğaya dönüşəcək.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə etdiyi çıxışında bir sıra məqamlara toxunmaqla yanaşı, həm də 10 noyabr razılaşmasını pozmaq üçün ilkin addımlar atmağa başlayıb. Nəzərə alaq ki, Rusiyanın təzyiqləri qarşısında hələlik duruş gətirən, hətta bir çox hallarda dirəniş göstərən Paşinyan, dünən tərəfdarlarını İrəvanda meydana çıxarmaqla, artıq Moskva ilə uzun bir yol getməyəcəyini nümayiş etdirməyə başlayıb.

Əvvəlcə, erməni baş nazirin çıxışından bəzi məqamlara diqqət yetirək. Nikol Paşinyan deyir ki, Gorus-Qafan sahəsində Azərbaycan postlarının qurulmasından qaçmaq olardı, amma bu, “dəhliz məntiqi” bahasına başa gələrdi. “Sual yarana bilər: bu yolda Ermənistan Respublikası vətəndaşlarına və yüklərinə sərhəd nəzarətinin olmaması üçün danışıqlar aparmaq olmazdımı? Olardı, ancaq bu, bizə dəhliz məntiqinə başa gələrdi ki, bu da qəbuledilməzdir”.

O deyib ki, Ermənistan nəzarət edilməyən hər hansı nəqliyyat dəhlizlərinin öz ərazisindən keçməsini mümkün saymır. Paşinayn bildirir ki, Azərbaycan Gorus-Qafan yolunda gömrük nəzarətini tətbiq etmək istədiyindən, Ermənistan yeni yola keçəcək. Bununla yanaşı, Paşinyan belə bir formul işlədib:”Azərbaycan öz ərazisində Eyvazli- Çayzami sahəsində gömrük nəzarətini tətbiq etmək istəyir. Odur ki, erməni  tərəfi vətəndaşları Qafan – Ağvani – Tatev yolu ilə göndərmək qərarına gəlib. Bu yol praktik olaraq, tam hazırdır və artıq İranın yük maşınları bu yolla gedir”.

Qeyd edək ki, sərhəddin delimitasiyası və sülh razılaşmasına hazırlıq haqda sazişlərin imzalanması məqsədilə noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü planlaşdırılmışdı. Lakin Paşinyanın bu görüşə qatılmaqdan imtina etməsi hər şeyi dəyişdi. Daha doğrusu, erməni baş nazir bugünkü bəyanatı ilə nümayiş etdirdi ki, İrəvan Mehridən keçən yolun (Zəngəzur dəhlizi) Qarabağda Laçın dəhlizi kimi statusa malik olmasını istəmir.

Digər tərəfdən, Paşinyan bu addımı ilə Qarabağ məsələsinin onun üçün ikinci dərəcəli olduğunu da göstərib. Düzdür, Ermənistan bu gün Qarabağda yaşayan ermənilərə maliyyə yardımı edir, oradakı tikinti prosesinə dəstək verir. Paralel olaraq, qoşunlarının bir qismini oradan çıxarmaq fikrində deyil. Lakin bütün bunların cəmiyyəti sakitləşdirmək, mümkün riskləri önləmək üçün edildiyi daha çox diqqəti çəkir. Və belə bir ehtimal irəli sürmək mümkündür ki, Nikol Paşinyan Qərbə yön almaq üçün  Rusiyanın təsir dairəsindən çıxmaqla bərabər, həm də Qarabağ məsələsindən də müvəqqəti yararlanmağa çalışır.

Gedişat onu deməyə əsas verir ki, Ermənistan faktiki olaraq 10 noyabr razılaşmasından da çıxmağa çalışır. Hərçənd Paşinyan bugünkü açıqlamasında qeyd edib ki, hələlik həmin bəyanata alternativ heç bir təklif yoxdur. Yəni, sabah alternativ təklif olarsa, razılaşmadan çəkilib, həmin təklifi həyata keçirməyə başlayacaqlar.

Həmçinin İrəvan bundan öncə də əldə edilmiş razılaşmalardan imtina etməsi Laçın dəhlizinin taleyini sual altına qoyaraq digər razılaşmaların da pozulmasına səbəb ola bilər. Bir sözlə, Nikol Paşinyan 10 noyabr razılaşmasından çəkilmək üçün fürsət axtarır.

Onun belə bir addım atması Azərbaycan üçün nə qədər əlverişlidir? Əgər belə bir hal yaşanarsa, təbii ki, bu Bakının işinə yaraya bilər. Ən vacib məqam odur ki, Ermənistan razılaşmadan çəkildikdən sonra Qarabağda rus sülhməramlılarına ehtiyac qalmayacaq. Çünki Qarabağın Azərbaycan torpağı olduğu İrəvan tərəfindən qəbul ediləcək və bu mövzu birdəfəlik qapanacaq. Digər üstün cəhətləri sadalamağa isə gərək yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button