İqtisadiyyatManşet

Qadir İbrahimli: “Uşqapulunun verilməsi üçün yetərli qədər mənbə var, təki istək olsun”

“2006-cı ilə qədər uşaqpulu verilirdi. Ləğv edildi, əvəzinə ünvanlı sosial yardım sistemi yaradıldı. Əsaslandırılması normal idi – uşaqpulu bütün uşaqları yox, yoxsul ailələrə verilsin. Ancaq çox təssüf ki, bu sistem ölü quruma, yoxsullara ayrılan vəsait isə korrusiya yeminə çevrildi”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər “Güzəran” İctimai Birliyinin rəhbəri, iqtisadçı Qadir İbrahimliyə məxsusdur.

O uşaqpulu məsələsi ilə bağlı qeyd edir ki, rəsmi statistika ölkədə yoxsulluğun 5 faiz olduğunu deyir. “Yəni 500 min insan yoxsuldir. Ancaq ünvanlı sosial yardım bu zümrənin cəmi 63 faizini əhatə edir – 37 faiz isə kənarda qalıb. Hökumət özünün yoxsul elan etdiyi insanlara da sahib çıxmaq istəmir”.

Qadir İbrahimlinin sözlərinə görə, yoxsulluq kriteriyaları absurddur və heç bir tənqidə dözmür. “Sənin evində tozsoran və yaxud paltaryuyan varsa, ünvanlı sosial yardımın əhatə dairəsində ola bilməzsən. Yəni tozsoranı da, torpağını da satıb rəzil duruma düş, sonra yoxsul sayıl. Digər tərəfdən, ölkədə yoxsulluq həddi rəsmi statistikadan qat-qat çoxdur. 44 günlük müharibə günlərində sosial şəbəkələrdə xəbər yayıldı ki, Masallının Kolatan kəndində marketin sahibi ön çəbhədə xidmət edən əsgər ailələrinin 4500 manat borcunu silib. Kolatan balaca kənddir – cəmi 1500-ə yaxın əhalisi var. Təxminən 300 ailə. O 300 ailədən qoy 10-nun övladı döyüş bölgəsində xidmət etsin. Deməli, həmin 10 ailənin marketə ortalama 450 manat borcu olub. Kənd sakinlərinin bildirdiyinə görə, əhalinin yarıdan çoxunun həmin marketə borcu var”.

İqtisadçı-ekspert vurğulayır ki, ünvanlı yardımın əhatə dairəsinə düşənlərdən də, bəzi hallarda yardımın yarsını rüşvət formasında geri alırlar. “Bu artıq geniş yayılıb”.

“Güzaran”ın rəhbəri qeyd edir ki, hökumət, kütləvi uşaqpulu vermək istəmirsə, ünvanlı sosial yardım sistemini işlək vəziyyətə gətirməli, yoxsulluq kriteriyaları dəyişməli, ciddi statistikaya keçid etməlidir. “Yox, hökumət indiki status-kvonu saxlayacaqsa, onda zəhmət çəkib uşaqpulunu bərpa etsin. Yeri gəlmişkən, Avropa birliyi ölkələrində yoxsulluq həddi ortalama 15-17 faizdir. AB-də bahalı sosial xidmətlərə (təhsil, səhiyyə və s.) çıxış olmayanlar yoxsul sayılır və dərhal da dövlət himayəsinə alınır”.

Qadir İbrahimli uşaqpulunun verilməsi üçün maliyyə mənbəyi məsələsinə də toxunub. “Nəhayət, maliyyyə mənbəyi haqda. Nazirliklərin, eləcə də başqa dövlət qurumlarına inzibati bina tikintiləri dayandırılsın–heç bir iqtisad-sosial yükü olmayan layihələrdir. Dövlət xərcləri ixtisar edilsin, məsələn, niyə məmurun xidməti maşının qiyməti 50 min manat olmalıdır? Və yaxud niyə dövlət qurumları mebellərini hər il yenilənməlidir? Mənbələr çoxdur, yetər ki, istək olsun!”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button